Türkiyədə baş vermiş acı faciənin aradan qaldırılmasına bütün Azərbaycan xalqı dəstək göstərir


Fevralın 6-da  Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə birinci olaraq 
yardım əlini uzadan Azərbaycan olub. Bu yardım həm dövlət səviyyəsində, həm də 
könüllü olaraq bütün xalq tərəfindən göstərilir. Hər kəs baş verənləri öz ağrı-acısı 
kimi qəbul edərək, əlindən gələn yardımı etməyə çalışır.

 Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin 
Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: 
“Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş 
güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi 
olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır 
olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak 
olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və 
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. 
Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan 
qaldırılmasını arzulayıb.

Fevralın 6-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib 
Ərdoğanla telefon zəngi etmişdir: “Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı 
insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və 
kədərləndirdi”yini bildirən Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir 
və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-
birinin yanındadır. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 
fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində 
paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri 
barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara 
rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. 
Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan 
bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə 
Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ 
nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib: 
“Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan 
qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə 
olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına 
bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf  bilirik”.

Prezident İlham Əliyev bildirib ki,  Türkiyədə baş vermiş dəhşətli zəlzələ 
Azərbaycan xalqını çox sarsıtdı. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara 
tezliklə Allahdan şəfa diləyirik.

Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Azərbaycandan davamlı 
olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.

Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq 
üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi 
gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir 
daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları 
səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.
Qeyd olunub ki, ictimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev 
Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində 
çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.

Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və 
həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar.

Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-
ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə 
şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.

Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət 
qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın 
təşkilində fəaldırlar. 

Dövlət başçısı deyib ki, bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq. 
Ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. 
Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq 
çarpayılar ayrılıb.

Böyük bir qrup könüllü artıq yola düşüb. Heydər Əliyev Fondunun nəzdində 
fəaliyyət göstərən könüllülər və ASAN könüllüləri müəyyən təcrübəyə malikdirlər və 
onlar öz bacarıqlarını əsirgəməyəcəklər.

Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili 
Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin 
gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq. 
Bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir 
dünyanı bağışlayır. Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama 
işlərinin aparılmasında öz səylərini davam etdirəcək. 

Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı 
Azərbaycanın göstərdiyi dəstək davam edir.

6-8 fevral tarixlərində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil 
karvanı göndərilib.

Fevralın 8-də saat 01:00-da yola düşən 14 yük avtomobilindən ibarət karvan 29 
nəfərlik şəxsi heyəti, 4 səhra mətbəxini, humanitar yardımı və FHN-in şəxsi heyətinin 
təminatını Türkiyəyə çatdırıb.

Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik 
şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi 
olmaqla tibbi heyətə aiddir.

Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, 
xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, 
avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, 
təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş 
əhali üçün humanitar yardımı əhatə edir.

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək 
məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti 
Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş 
ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava 
limanına yola düşüb.
Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton 
humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, 
oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım 
boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar 
daxildir.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş 
ölkəyə humanitar yardım kampaniyasına da start verilib.

Zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə 9 fevral tarixində Naxçıvandan 
ilkin olaraq 12 TIR yola salınıb.

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım 
məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma 
yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə 
zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.

Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş 
Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən 
Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, 
oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, 
feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi 
tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi 
məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.

Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən 
zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə 
baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər 
saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, 
gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər.

Ölkənin bir çox ali təhsil müəssisələrində zəlzələdən zərərçəkənlərə humanitar 
yardım məqsədilə tələbə və əməkdaşlar arasında yardım kampaniyası təşkil olunub.

Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə 
Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində 
dəstək göstərilir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında 
güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il 
tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi 
təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma 
dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd 
çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 
ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar 
daxildir.

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar 
Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin 
fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam 
etdirirlər. FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu 
ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar 
altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti 
üzrə təhvil veriblər (09 fevral saat 08.00 üçün olan məlumata əsasən).
Baş vermiş faciə xalqlarımızın dar gündə də, yaxşı gündə də daim bir-birinin 
yanında olduğunu göstərir.
Tarix: 13-02-2023, 17:00
Xəbəri paylaş





Xəbər lenti