Azərbaycanda rüşvət almaq modası dəbdə-rəsmi rəqəmlərə reaksiyalar


“Rüşvəti doğuran səbəblər aradan qaldırılmasa, bu prosesi həbslərlə aradan qaldırmaq mümkün deyil”- Razi Nurullayev

“Rüşvətlə bağlı hər hansı faktı müvafiq quruma bildirən şəxsdən sübut tələb edilməməlidir, anonimlik qorunmalıdır”- Vüsalə Əhmədova

Ötən il rüşvətlə bağlı cinayətlərin sayında artım olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, əvvəlki illə müqayisədə rüşvət alma və rüşvətə təhrik etmə ilə bağlı cinayətlərin sayı 5,5 faiz çox olub. Həbslərə və işdə çıxarılmalara baxmayaraq, rüşvət cinayətlərinin artması diqqət çəkir.
Ötən illərə nəzər salsaq görərik ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə çərçivəsində kiçik məmurlardan tutmuş yüksək vəzifəli məmurlara qədər xeyli həbslər olub. İcra başçıları, nazirliklər, təhsil, səhiyyə sektorunda iri vəzifələr tutan onlarla şəxs qandallandı. Əksəriyyəti ağır cəzalar alsalar da, hələ də gizli şəkildə rüşvət alan və azadlıqda olan vəzifəlilər var. Bəs görəsən, bununla necə mübarizə aparılmalı?
Milli Məclisin deputatı Razi Nurullayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, rüşvətin qarşısının alınması üçün sistemli tədbirlərin görülməsinə ehtiyac var: “Ümumiyyətlə, bu prosesi sürətləndirmək lazımdır. Əgər vətəndaşla məmur təmasa girirsə, təbii ki burada rüşvət, korrupsiya məsələləri yer ala bilər. Rüşvəti doğuran səbəblər aradan qaldırılmasa, bu prosesi danışmaqla, tənqid etməklə, həbs etməklə aradan qaldırmaq mümkün deyil. Bu gün bir vətəndaş özünə ev tikmək istəyir, qanuni yolla çox baha qiymətə ev, torpaq ala bilər. Amma hər hansı bir zəbt olunmuş yeri kisik rüşvət müqabilində öz xeyrinə həll edə bilir. Bu zaman həm vətəndaş çox ucuz qiymətə aldığından məmnun qalır, həm də məmur xeyir götürdüyünə razı qalır. Belə deyək də, ağa da razı, nökər də razı. O baxımdan, bu səbəb aradan qaldırılsa ki, dövlət vətəndaşlara ev tikilməsi üçün infrastrukturu yaradılmış müəyyən bir yerlərdən satışa çıxarsa, təbii ki, vətəndaşın da gedib kənd təsərrüfatı yerlərində ev tikməyə ehtiyacı qalmaz. Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş təyinatlı torpaqlar var, örüş sahələri var. Elə yerlər var ki, yaşayış yeri qanunsuz olaraq salınıb, burada evlər tikilib, ortada kiminsə örüş yeri kimi qeydiyyatdan keçirdiyi, yaxud kənd təsərrüfatı üçün qeydiyyatdan keçən 30-50 sot torpağı qalıb, bir hektar yeri qalıb. Bunun təyinatının vacib şəkildə dəyişdirilməsi, qanuniləşdirilməsi lazımdır ki, həmin ərazilər qanunsuz olaraq rüşvət müqabilində kimlərəsə satılmasın, yaxud buna göz yumulmasın. Hələ mən iki misal çəkdim, bu qədər məsələlər o qədərdir ki, qanunvericilik səviyyəsində həll olunmur. Nazirlər Kabinetinin qərarları ilə həll olunmur. Ya da digər qurumlar səviyyəsində həll edilmir. Nəticədə də rüşvət halları yaranır. O kök aradan qaldırılmayınca təbii ki hər gün yüz nəfəri həbs edə bilərsən, növbəti gələnlər də eyni məsələ ilə məşğul olacaq”.
İqtisadçı-alim, Ağ Partiya başqanının iqtisadi məsələlər üzrə müşaviri Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əgər daxili resurslarımızla rüşvətin önünə keçə bilmiriksə, o zaman, beynəlxalq qurumların hesabatlarını və tövsiyələrini, o cümlədən də, beynəlxalq konvensiyaların tələblərini nəzərə almalıyıq: “İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (Association of Chartered Certified Accountants – ACCA) dünya miqyasında kölgə iqtisadiyyatının qiymətləndirilməsi və proqnozu ilə bağlı mütəmadi araşdırmalar nəşr edir. Həmin qurumun “Kölgə iqtisadiyyatı 2025-ci ilə qədər” hesabatında, 28 ölkədə kölgə iqtisadiyyatının ÜDM-dakı payı göstərilib hansı ki, siyahıya Azərbaycan liderlik edir. 2020-ci ildə ölkəmizdə kölgə iqtisadiyyatı ÜDM-un 56,73%-ni təşkil edib. Hətta bu göstəricinin 2025-ci ildə 58,38%-ə yüksələcəyi də proqnozlaşdırılır. 2016-cı ildə ÜDM-un nominal dəyəri 59.99 milyard manat olduğu halda, kölgə iqtisadiyyatının təxmin edilən dəyəri 40.22 milyard manat olub. Ayrıca, hesabatda ölkələr üzrə kölgə iqtisadiyyatının ölçüsünü müəyyən edən ilk üç cari amil qeyd edilib hansı ki, ölkəmiz üzrə bunlar, korrupsiyaya nəzarət və demokratik hesabatlılığın olmamasıdır”.
Ekspertin sözlərinə görə, korrupsiyanı yaradan ən önəmli faktor da məhz, qanunların işləməməsi və ya qanunların icra edilməsinə ciddi nəzarət mexanizminin olmamasıdır: ““Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda aydın şəkildə göstərilir ki, vəzifəli şəxslər öz gəlirləri, əmlakları, kredit təşkilatlarındakı maliyyə vəsaitləri, təsərrüfat subyektlərindəki mülkiyyət payları barədə məlumatları mütəmadi vergi orqanlarına təqdim etməlidirlər. Bütün korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Korrupsiyaya qarşı mübarizə aparan ən əsas qurum Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsidir. Korrupsiyanın qarşısının alınmasında qurumun ixtisaslaşmış orqanı isə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadır. Qeyd olunur ki, “Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur”. Sual yaranır, nəyə görə? “BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının” (UNCAC) 6-cı maddəsinin 2-ci bəndində deyilir ki, “dövlət, korrupsiyaya qarşı mübarizə aparan qurumlara öz funksiyalarını səmərəli və əsassız təsir olmadan yerinə yetirmələri üçün zəruri muxtariyyət verməlidir”. İcra və məhkəmə hakimiyyətlərinin təsiri altında fəaliyyət göstərən qurumdan biz heç bir ədalət gözləyə bilmərik.
Bundan əlavə, Konvensiyanın 13-cü maddəsində də deyildiyi kimi, dövlət sektorundan kənar şəxslərin və qrupların rüşvətlə mübarizəyə aktiv qoşulması təşviq edilməlidir. Vətəndaş cəmiyyətinin, qeyri-hökumət təkilatlarının, yerli icma təşkilatlarının korrupsiya ilə mübarizə aparmaları, rüşvət halları ilə bağlı ictimaiyyəti məlumatlandırmaları üçün şərait yaradılmalıdır. Xüsusilə də, rüşvətlə bağlı məlumatı araşdırmaq, almaq, dərc etmək və yaymaq azadlığı təmin olunmalıdır. Rüşvətlə bağlı hər hansı bir faktı müvafiq quruma bildirən şəxsdən sübut tələb etməyə ehtiyac yoxdur. Əksinə həmin şəxsin anonimliyi qorunaraq, qurum dərhal fəaliyyətə keçməli faktı araşdırmalıdır. Rüşvətlə mübarizədə vətəndaş cəmiyyətinin rolu çox böyükdür. Hətta bir dəfə də qeyd etmişdim, rüşvətlə qarşılaşan hər hansı bir şəxs və ya qurum AİHM-nə müraciət etsin. Rüşvəti tələb edən dövlət qurumu və ya dövlət məmuru isə onun fəaliyyəti birbaşa dövlətə tövsif olunur. Belə olan halda, həmin qurum və məmurun dolayısilə məsuliyyəti yaranmış olur”.
Ekspert onu da əlavə edib ki, ölkədə ümumən vergi ödəmə əxlaqının olmaması, nağd pul istifadəsinin çoxluğu, bir neçə böyük şirkətin bazarı inhisarına alması, günəmuzd işləyənlərin sayının çoxluğu rüşvətin artmasına səbəb olan faktorlardır: “Azərbaycanda yüksək çinli məmurların iri müəssisələri, şadlıq evləri vergidən yayınırlar. Müəssisələr vergilərdən, sosial təminat ödənişlərindən və mürəkkəb sənədləşmə prosesindən qaçmaq üçün işçilərlə əmək müqaviləsi bağlamırlar. Ayrıca, ölkədə elektron ödəmələr sistemi geniş tətbiq edilmir. Elektron ödənişlər əməliyyatlara şəffaflıq gətirən və kölgə iqtisadiyyatının işini çətinləşdirən ən mühüm amildir. Elektron ödəmələrin çoxluğu ilə kölgə iqtisadiyyatı arasında hər zaman mənfi korrelyasiya mövcuddur”.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə mediaya açıqlamasında deyib ki, rüşvət alan da, verən də eyni məsuliyyət daşıyır: “Rüşvət verən də alanla bərabər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Son vaxtlar rəsmi statistikaya görə, daha çox vəzifəli şəxslərin rüşvət almasının şahidi oluruq. Çünki hər zaman korrupsiya cinayətlərində rüşvət alan tərəf kimi vəzifəli şəxslər çıxış edir. Ona görə də rüşvət almaqla bağlı cinayətlərin çox olması normaldır. Amma demək olmaz ki, rüşvət verənlər cinayətə cəlb olunmur. Rüşvət alanların da cinayətə cəlb olunma faktları var. Bir qayda olaraq rüşvət verən şəxslər Korrupsiya İdarəsinə və ya hüquq mühafizə orqanlarına məlumat verirlər. Məhz bu müraciət və məlumatların əsasında belə faktlar aşkarlanır. Rüşvət verən adam isə könüllü olaraq müvafiq orqanlara müraciət edərsə, o məsuliyyətdən tam azad olunur. Amma rüşvət verənin rüşvət verməsinə məcburetmə halları ilə də az rastlaşmırıq. Qanunvericilik onu göstərir ki, əgər şəxs rüşvət verməyə təhrik edirlərsə və ya onu buna etməyə məcbur edirlərsə, həmin şəxs bu barədə könüllü şəkildə müvafiq orqanlara məlumat verirsə, məsuliyyətdən azad olunur. Rüşvət verdikdən sonra da cinayətini etiraf edən şəxs məsuliyyətdən müəyyən qədər azad olmuş olur”.
Tarix: 21-02-2023, 21:56
Xəbəri paylaş





Xəbər lenti