25 ildə bitməyən danışıq: "Məmurların təzyiqi ilə...”


25 ildə bitməyən danışıq: "Məmurların təzyiqi ilə...”

“Rəqabət Məcəlləsi layihəsi Azərbaycanda antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik aktları əsasında, beynəlxalq təcrübə, o cümlədən Avropa, MDB dövlətlərinin təcrübələri öyrənilməklə yeni hazırlanıb”. 
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib. O, qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanda rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək. 
M.Abbasbəyli bildirib ki, azad rəqabət mühitinin təmin olunması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün bu sahədə fəaliyyətin surətləndirilməsi məqsədilə hazırlanmış "Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2023‒2026-cı illərdə Milli Fəaliyyət Proqramı"nın layihəsi bu istiqamətdə atılan növbəti addımdır. Qeyd edək ki, uzun illərdir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı müxtəlif problemlərin olduğu deyilir. Bu istiqamətdə mövcud problemlərdən biri kimi ölkəmizdə Rəqabət Məcəlləsinin qəbul olunmaması göstərilir. 
Artıq bu Məcəllənin hazır olması Azərbaycanın ÜTT-yə üzvlüyünə imkan yaradacaqmı? 
Siam.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, əslində Rəqabət Məcəlləsi çoxdan hazır idi və 2008-ci ildə ilk oxunuşdan keçmişdi: 

“Uzun zamandır ki, müxtəlif səbəblərdən onun qəbulu gecikdirilirdi. Əsasən də müəyyən bəlli maraq qurupları var idi ki, onlar bu Məcəllənin qəbulunda maneələr yaradırdılar. Nəticə etibarilə indi yenidən Milli Məclisdə qəbul olunacaqsa, bu, ümumilikdə rəqabət mühitinin artmasında müsbət rol oynayacaq. Ancaq ÜTT-yə üzvlük yalnız bu Məcəllədən asılı deyildi. Burada başqa problemlər var”. 
Ekspert bildirib ki, əsas maneə Azərbaycanın özündən qaynaqlanır: 
“Yəni Azərbaycan tərəfdən ÜTT-yə üzvlüklə bağlı ciddi addımların atılması gecikdirilir. Azərbaycanın üzvlüklə bağlı danışıqları 1998-ci ildən başlanıb. Artıq 25 ildir ki, danışıqların vaxtı uzanıb. Bizdən sonra, hətta bizimlə eyni vaxtda danışıqlara başlayan Gürcüstan, Ermənistan 2003-cü ildə ÜTT-yə üzv oldu. Rusiya 2015-ci ildə, Qazaxıstan 2016-cı ildə üzv olsa da, Azərbaycanın üzvlüyü gecikir. Bunun da səbəbi daxildəki proseslərdən qaynaqlanır. 
Çünki ÜTT-yə üzvülük yalnız Rəqabət Məcəlləsi deyil, həm də gömrük, Vergi Məcəlləsi beynəlxalq satandartlara uyğunlaşdırılmalıdır. Daxili bazar açılmalıdır, xarici oyunçuların daxil olmasına maneələr aradan qalxmalıdır. Görünən odur ki, Azərbaycanda hələ yekdil fikrə gəlinməyib. Bu problemlərin həlli Azərbaycanın özünə çoxşaxəli keçid üçün lazımdır. Bəzi maraq qrupları, əsasən də idxalçılar hələ də ÜTT üzvlüyünə əngəl olmaqla məşğuldurlar. Çünki ölkəyə inhisarçılıq yolu ilə mal idxal edən, böyük məmurlara bağlı olan şirkətlər ÜTT üzvlükdən daha çox zərər görə bilərlər. Ona görə də yəqin ki, onlar hələ də maneələr yaradırlar”. 
Tarix: 23-02-2023, 22:13
Xəbəri paylaş





Xəbər lenti