Parlamentdə prokurorluqdan "Akkord"un keşmiş rəhbərinin Azərbaycana gətirilməsi tələb olunub


“Prokurorluq orqanları Azərbaycan əleyhinə xaricdə iş aparanlara qarşı materiallar hazırlayıb “İnterpol”a və digər müvafiq qurumlara təqdim etməlidir”.
 
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
 
Siyavuş Novruzov deyib ki, 18-ci əsrdə Avropadan Amerikaya at oğrusu, dana oğrusu, başkəsənlər gedib: “Amerika indi də ənənəsinə sadiqdir. Ayrı-ayrı ölkələrdə oğurluq edənlər, rüşvət alan, korrupsiya ilə məşğul olanlar ABŞ-a qaçıb, orada sığınacaq, status alırlar. Halbuki alimlərimiz, mütəxəssislərimiz sutkalarla ABŞ səfirliyinin qarşısında dayanır ki, viza alsınlar. Onlara da çox vaxt viza vermirlər”.
 
Deputat qeyd edib ki, Azərbaycanda oğurluqla məşğul olan, xalqın sərvətini talayan “Akkord” şirkətinin keçmiş rəhbəri hazırda ABŞ-dadır: “Cinayət Məcəlləsinin korrupsiya, vəzifə səlahiyyətlərinin aşılması, rüşvətxorluqla bağlı 15 maddəsini gözüyumlu ona tətbiq etmək olar. Amma ABŞ-da oturub Azərbaycan xalqına internet vasitəsi ilə dərs verir, insanları itaətsizliyə çağırır. Deyir ki, Azərbaycanda tikilən binaların heç biri 8 ballıq zəlzələyə dözə bilməz. Özü də bina tikən, baş oğrulardan biri olub. Cinayət işi açaraq, həmin şəxsi ABŞ-dan bura gətirmək nə qədər böyük problemdir? ABŞ-da ölüm hökmü ilə yanaşı, ən ağır cinayət dövlət vəsaitini mənimsəmə, vergidən yayınmadır. Bu adam dövlət vəsaitini mənimsəyib, Azərbaycan Prezidentinə, rəhbər şəxslərə böhtan atmaqla məşğuldur. Bu cür adamların ABŞ-dan gətirilməsi bəyəm problemdir? Bunların maddəsi üstündədir, yığınlarla pul oğurlayıb. Hansı əsaslarla Azərbaycanda zəhmətkeşlərinin adından danışır? Ona görə də prokurorluq orqanlarından xahiş edirik ki, bu məsələlərə də diqqət yetirsin”.
 
APA
Tarix: 24-02-2023, 17:18
Xəbəri paylaş





Xəbər lenti