Ukrayna müharibəsinin 12 önəmli epizodu


Birinci hissə

Qərb ekspertlərinin və siyasətçilərinin çoxu Rusiyanın sürətli qələbəsini proqnozlaşdırırdılar; onların fikrincə, Kiyev bir neçə gün ərzində tutulacaqdı. 
Amma hər şey başqa cür oldu. Ukrayna Silahlı Qüvvələri (USQ) ən təhlükəli istiqamətlərdəki hücumları dəf etdi, bəzi sahələrdə isə əks-hücuma keçdi. Üstündən bir il keçəndən sonra Ukraynadakı qarşıdurma davam edir və sonu da görünmür.
BBC Rusiya-Ukrayna müharibəsinin 12 ən önəmli epizodu haqqında material hazırlayıb. 
Toplum TV materialı təqdim edir:
1. Müharibənin birinci mərhələsi (şimal). Müdaxilə. Kiyevə, Çerniqova, Sumıya hücum.
Rusiya qoşunlarının Ukrayna paytaxtına hücumu və raket-bomba zərbələri təcavüzün birinci günü, fevralın 24-də başladı. Rusiya tankları Belarus ərazisindən cənuba, Dneprin axarı boyu hərəkət etdilər. İrimiqyaslı aviasiya hücumundan sonra ruslar Kiyevdən 25 km aralıda yerləşən Qostomel hava limanına desant çıxardılar.
Rusiya hərbi hissələri, eyni zamanda, Çerniqov və Sumı vilayətlərinin xeyli hissəsini tutaraq şərqdən Kiyev üzərinə sürətlə yürüməyə başladılar. 
Paytaxt müdafiəyə hazırlaşmağa başladı. Kiyev yaxınlığındakı körpülər partladıldı. Xeyli kiyevli ərazi müdafiə bölmələrinə yazıldı. Kiyev üzərinə şütüyən  rus tanklarının fonunda mülki geyimli şəxslərə Kalaşnikov avtomatının paylanılması kadrları son çarə təsiri bağışlayırdı.
Amma hələ o zaman Rusiya ordusunun işlərinin rəvan getməməsi təəssüratı yarandı. Əvvəlcə USQ-nin Qostomeldəki desantı məğlub etməsi xəbəri yayıldı. Sonra Kiyev yaxınlığında darmadağın edilən Rusiya kolonlarının – onlarla zirehli texnika, yük maşınları, əsgərlərin kömürə dönmüş cəsədləri – görüntüləri dünyanı dolandı. 
Bununla belə, Kiyevə hücum davam edirdi, paytaxtın astanasında döyüşlər başlamışdı. Kiyevin yaşayış rayonlarından 7-10 km məsafədə yerləşən Buça, Qostomel, Vorzel, İrpen məntəqələrində xüsusilə şiddətli toqquşmalar baş verirdi.
Ayrı-ayrı rus dəstələri Kiyevin şəhər hüdudlarına girə bildilər. Düşmənin paytaxtın peyk şəhəri olan  Brovarıya daxil olması, hətta paytaxtın mərkəzində diversiya-kəşfiyyat dəstələri ilə atışmalar baş verməsi xəbər verilirdi. Amma bütün hücumlar dəf edildi.
Martın əvvəlləri üçün Rusiya hücumu yavaşıdı, hücum edən hissələr Ukrayna paytaxtına təhlükə yaratmaqda davam etsələr də, ciddi itkilər yaşadılar. Pentaqonun məlumatlarına görə, ruslar martın 11-də şimal-şərq və şərq istiqamətdən Kiyevin mərkəzinə 15 km-lik məsafədə idilər; onlar Berestyanka və Ozyorıda gözə dəyirdilər. 
Amma Dneprin sağ sahili boyunca cənuba doğru uzanan Rusiya qruplaşmasının vəziyyəti get-gedə daha təhlükəli olurdu: USQ qərbdən bir sıra əks-zərbələr endirdi, bir neçə nöqtədə onun sıralarına girdi və onların istənilən birindən Kiyev su anbarına doğru irəliləyərək daha cənubda yerləşən hissələri mühasirəyə almaqla təhdid etdi. 
Çerniqov vilayətindəki vəziyyət də Rusiya ordusunun ürəyincə cərəyan etmirdi: zirehli tank qoşunları şərqdən Kiyev ətrafına yaxınlaşaraq müdafiəyə dirəndilər və şose boyunca uzanıb qaldılar, onların arxasında və cinahlarında isə döyüşə qabil Ukrayna qüvvələri qalırdı. Aydın oldu ki, ruslar Kiyevi tutmaq barədə yox, zərbə qüvvələrinin təhlükəsizliyi haqqında düşünməlidirlər.
Rusiya komandanlığı geri çəkilmək xəbərini ictimailəşdirməyi müdafiə nazirinin müavini Aleksandr Fominə tapşırdı. O, martın 29-da “Kiyev və Çerniqov istiqamətində hərbi fəallığı dəfələrlə azaltmaq” qərarını bəyan etdi. Ertəsi gün RF Müdafiə Nazirliyi qarşılarına qoyulan tapşırıqları guya yerinə yetirən qüvvələrin plan üzrə yenidən qruplaşdırılacağını bildirdi. Aprelin 1-də Rusiya ordusu geri çəkilməyə başladı, ayın 6-da isə Ukrayna Kiyev, Çerniqov və Sumı vilayətlərində sərhədlərinə nəzarəti bərpa etdi.
Rusiyalıların geri çəkilməsindən sonra onların müvəqqəti işğalı altında olan ərazilərdə mindən çox dinc sakinin cəsədi aşkar edildi, bir çoxunun bədənində işgəncə izləri vardı. 
2. Müharibənin birinci mərhələsi (cənub). Xersonun, Melitopolun işğalı, Krıma quru dəhlizin açılması
Ukraynanın cənubunda düzənliklər müdafiə üçün əlverişli yer deyillər, xüsusən də qışın sonunda, donmuş torpağın ağır texnikanı saxlayacaq qədər bərk olduğu zaman. Müharibənin elə birinci günü Rusiya qoşunları Perekop bərzəxindən keçərək oraya axışdılar, Xerson və Kaxovka su anbarına doğru 60 km irəlilədilər. 
Fevralın 25-də onlar artilleriya və aviasiya dəstəyi ilə Qeniçesk və Nova Kaxovka şəhərlərini tutdular, Krımın 2014-cü ildə ilhaqından sonra Ukraynanın bağladığı Şimali Krım kanalını açdılar. Elə həmin gün Dnepr üzərindəki Antonov körpüsünə çıxdılar. Döyüşlər Xersonun ətrafına yaxınlaşdı, şəhərdə komendant saatı tətbiq olundu. 
Rusiya qruplaşmasının şərq cinahı Zaporojye vilayətinə istiqamətləndi. Fevralın 26-da ruslar Melitopola daxil oldular, Berdyanskı dolandılar və Mariupola doğru hərəkət etdilər. 
Xerson martın 2-də işğal olundu. O, Rusiya ordusunun nəzarətinə keçən birinci və yeganə vilayət mərkəzi oldu. Şəhər əhalisinın rus işğalına qarşı etirazları basdırıldı. 
RF ordusunun şimala və şimal-qərbə doğru sonrakı irəliləyiş cəhdləri uğursuz oldu – Nikolayev, Krivoy Roq və Qulyaypole istiqamətində hücumları USQ dəf etdi. 
Martın 7-də Ukrayna artilleriyası Xerson yaxınlığındakı Çernobayevka kəndində yerləşən aerodroma güclü zərbə endirdi. Bu zaman, ukraynalıların dediklərinə görə, helikorterlər də daxil olmaqla çoxlu sayda rus hərbi texnikası məhv edildi. Sonralar Çernobayevkaya dəfələrlə zərbə endirildi. Martın 16-da USQ Nikolayev ətrafında uğurlu əks-hücuma keçərək cəbhə xəttini Xerson vilayətinin inzibati sərhədlərinə qədər uzaqlaşdırdı. 
Rusiya ordusunun Ukraynanın cənubunda müdaxiləsinin nəticəsi Xersonun tutulması ilə yanaşı Denprlə iki dəniz arasındakı – qərbdə Qara, şərqdə Azov – geniş ərazilərin işğalı oldu. Bununla Rusiya Krıma indi də əlində saxladığı quru dəhliz açdı. 
3. Mariupol döyüşü
Rusiyanın Ukrayna təcavüzündən cəmi bir neçə gün sonra 430 min əhalisi olan liman şəhəri Mariupol Rusiya ordusunun mühasirəsinə və daimi artilleriya atəşi altına düşdü. 85 gün davam edən döyüşlər nəticəsində şəhər, demək olar, tam dağıdıldı. Aclıqdan, yaralardan və xəstəliklərdən ölən dinc sakinlərin sayı indiyə qədər dəqiq məlum deyil. Beynəlxalq humanitar təşkilatların qiymətləndirməsinə görə, söhbət çox minlərlə adamdan gedir. 
 Rusiya zərbələri xeyli istiqamətlərdə gedirdi, o cümlədən, dənizdən. Mariupol həndəvərində bütöv müdafiə xəttinin olmaması və kəskin qüvvə çatışmazlığı üzündən Ukrayna komandanlığı düşmənin böyük qüvvələrini cəlb etmək və vaxt udmaq üçün şəhərə qala rolunu verir.
 Ruslar martın 2-də Mariupolu hər tərəfdən mühasirəyə aldılar. Kütləvi hücumlar, artilleriya atəşi və aviazərbələr başladı. Şəhərin rayonlarının çoxunda su, istilik, elektrik enerjisi kəsildi, ərzaq çatışmazlığı yarandı. Dinc sakinlərin çıxması üçün humanitar dəhliz barədə razılaşma cəhdləri edildi, amma çox vaxt təxliyə alınmırdı. 
Artilleriya və aviasiya zərbələrindən qorunan dinc sakinlər üçün Mariupol vilayət dramatik teatrı bir neçə gün sığınacaq oldu. Martın 16-da binaya havadan zərbə endirildi, nəticədə, rəsmi rəqəmlərə görə, ən azı 300 adam həlak oldu. Bu, indiyə qədər qurbanların sayına görə ən dəhşətli zərbədir. Daha əvvəl, martın 9-da şəhər xəstəxanası atəşə məruz qaldı: bir hamilə qadın da olmaqla bir neçə nəfər həlak oldu.  Rusiya teatra və doğum evinə zərbə endirdiyini boyun almır. 
Martın 24-də rus qoşunları Mariupolun mərkəzinə yaxınlaşdılar. Şiddətli küçə döyüşləri aprelin 10-a qədər davam etdi, daha sonra liman və “Azovstal” tərəfə keçdi. 
“Azovstal” 10 kv. km ərazisi olan nəhəng metallurgiya kombinatıdır. O, Ukrayna ordusunun sonuncu müqavimət ocağı oldu. Buraya hərbçilər, sərhədçilər, Milli qvardiyaçılar, “Azov” alayının döyüşçüləri və dinc sakinlər sığınmışdı. Onların ərzağı, suyu, dərmanları və sursatları az idi, amma tam blokadaya, bombardmana və hücum cəhdlərinə baxmayaraq, təslim olmurdular.   
“Azovstal” uğrunda döyüşlər mayın 16-a qədər davam etdi. Yalnız bu zaman zavodun müdafiəçiləri kütləvi şəkildə təslim oldular. Prezident Zelenski qarnizonun kapitulyasiyasını “həyatların xilası naminə humanitar əməliyyat” adlandırdı. 
Mayın 20-də RF Müdafiə Nazirliyi bildirdi ki, “Azovstal” zavodunun ərazisini bütün Ukrayna əsgərləri və zabitləri tərk edib. Rusiya versiyasına görə, ümumən 2439 nəfər əsir alınıb. 
Hərbi əsirlərin əksəriyyətini Donetsk vilayətində Yelenovka kəndindəki islah düşərgəsinə göndərdilər. Onların çoxunun taleyi indiyə qədər məlum deyil, hərçənd, komandirlər də daxil olmaqla bəziləri Rusiya hərbçilərinə və Putinin dostu Viktor Medvedçuka (Medvedçukun qızının xaç atası Putindir) dəyişdirildilər. 
Bəzi hərbi ekspertlər Ukrayna komandanlığının qaçılmaz mühasirə ehtimalı fonunda Mariupolda böyük qarnizon saxlamalarını səhv hesab edirlər. Amma şəhərin müdafiəçiləri həqiqətən də düşmənin xeyli qüvvəsini özlərinə çəkdilər və burada döyüşlər gedən zaman Ukrayna ordusu mövcud müdafiə hüdudlarında möhkəmlənmək və yenilərini yaratmaq fürsəti qazandı. 

4. Xarkovun müdafiəsi 
Rusiya təcavüzünün ilkin vəzifələrindən biri Xarkovun tutulması idi. Rus qoşunları “xüsusi hərbi əməliyyat”ın elə birinci günü Xarkov vilayətinin sərhədlərini keçdilər və vilayət mərkəzinə hücum etdilər. 
Fevralın 24-də artıq günorta rus tankları Xarkovun ucqarlarına çatdı, amma müqavimətlə üzləşdilər. Ertəsi gün əlavə qüvvələr gəldi, aviasiya və artilleriya atəşindən sonra şəhər ərazisinə girdilər və burada müdafiə mövqeyi tutan USQ, Milli qvardiya qüvvələri ilə qarşılaşdılar. Elə həmin gün Rusiya ordusunun əsas qüvvələri şəhərdən qovuldu, möhkəmlənə bilənlər isə köməksiz qalıb məğlub edildilər. 
Ruslar fevralın sonlarından martın əvvəllərinə qədər Xarkovu müxtəlif istiqamətlərdən mühasirəyə almağa cəhd göstərdilər, amma uğursuz oldular. Belə olduqda, əhalinin sıx yaşadığı rayonlar atəşə tutulmağa başladı. Rusiya artilleriyası bütün mart boyu Xarkova fasiləsiz zərbələr endirdi, ən dəhşətli dağıntılar Saltovka yaşayış massivində oldu: 400 min əhalisi olan rayon, demək olar, sakinsiz qaldı, Şimali Saltovkada isə salamat bina yox idi. 
Martın əvvəlində Rusiya ordusu strategiyanı dəyişdi – əsas zərbə Xarkovdan cənub-şərqdə yerləşən İzyum şəhərinə yönəldi. İzyum Donetsk vilayətinin hələ də Kiyevin nəzarətində olan şəhərlərinə hücum üçün platsdarm kimi planlaşdırılırdı. Xarkovu mühasirəyə almaq və tutmaq cəhdləri yenə davam edirdi, amma əvvəlki entuziazm olmadan. 
 İzyum uğrunda döyüşlər bir ay davam etdi. USQ tikililərinin xeyli hissəsi dağılan şəhəri aprelin əvvəlində tərk etdi. İzyumda möhkəmlənən rus qüvvələri Donbasdakı Ukrayna qüvvələrinin cinahlarını bir neçə ay təhdid etdilər. 
Bu zaman Xarkovun şimalındakı vəziyyət getdikcə rusların ziyanına işləyirdi. Ukrayna ordusu bir sıra uğurlu əks-hücumlar keçirərək təşəbbüsə yiyələndi. Aprel boyu USQ rusları sıxışdıraraq, şimalda dövlət sərhədinə, şərqdə Severski Donets çayına çəkilməyə məcbur etdi. 
Mayın əvvəlində Rusiya qüvvələri Xarkovu lüləli artilleriya atəşinə tuta biləcəkləri bütün yaşayış məntəqələrindən qovuldular. 
Amerikanın Müharibə Tədqiqatı institutu mayın 14-də Ukraynanın Xarkov uğrunda döyüşlərdə qalib gəldiyini bildirdi. 
Amma rusiyalılar indi də şəhəri uzaqvuran yaylım atəşi raketləri və qanadlı raketlərlə atəşə tuturlar. 

5. Dənizdə müharibə
Müdaxilədən əvvəl Rusiya hərbi gəmilərini Odessa rayonuna topladı və Ukrayna limanlarını dəniz blokadasına aldı. Rusların Odessa və Nikolayevə hücumu inkişaf etdirmək üçün quruya desant çıxara biləcəkləri təhlükəsi yaranmışdı. 
Elə ilk günlərdə Ukrayna öz flaqmanını – “Getman Saqaydaçnı” gəmisini düşmənin əlinə keçməməsi üçün batırdı.
Həmin vaxt ruslar Odessadan 130 km cənubda yerləşən kiçik, amma strateji cəhətdən mühüm Zmeinıy adasını tuta bildilər, qarnizon da əsir alındı. 
Ukrayna hərbi-dəniz donanması Rusiyanın Qara dəniz donanması ilə bərabər dəniz döyüşü aparmağa qadir deyildi, amma yetərincə təhlükəli sahil müdafiəsinə malik idi. Odessa və Nikolayev vilayətlərinin akvatoriyası minalanmışdı, hətta şəhər çimərliklərində minalar quruldu. Rusiya desantının çıxması baş tutmadı. 
Zmeinıyın tutulmasına cavab olaraq, Ukrayna adaya və rusların təchizat gəmilərinə artilleriya və aviasiya qüvvələri vasitəsilə zərbələr endirdi, desant çıxarmaq cəhdləri barədə də xəbərlər vardı. Amma Ukrayna topları Odessa vilayətinin İzmail rayonundan maksuimum uzaqlıq hüdudunda atəş açırdılar. Döyüş təyyarələri isə adada yerləşdirilən HHM sistemləri və Krımdan köməyə gələn rəqib aviasiyası ilə hesablaşmalı olurdular. Hər iki tərəf itkilər verirdi. 
Zmeinıy uğrunda döyüşlər iyunun sonlarına kimi davam etdi. Təxminən həmin dövrdə Ukraynaya ABŞ-ın yüksək dəqiqlikli, adanın altını üstünə çevirə biləcək HİMARS sistemləri verildi. Ruslar bunu gözləmədən Zmeinıyı tərk etdilər.
 Qara dənizdə müharibə isə davam edirdi. Rusiya gəmiləri qanadlı raketlərlə Ukrayna ərazisinə zərbələr endirirdilər, USQ isə əli çatan hər yerdə rus donanmasına hücum etməyə çalışırdı. 
Mart ayında işğal olunmuş Berdyansk limanında raket zərbəsi nəticəsində “Saratov” böyük desant gəmisi batdı. 
Qara dəniz donanmasının flaqmanı olan “Moskva” raket kreyserinin batırılması Rusiya üçün böyük şok oldu. O, aprelin 13-də Ukrayna raketləri ilə (ehtimal ki, “Neptun” tipli) vuruldu və ertəsi gün dənizin dibinə getdi. 
Rusiyanın “Novoçerkassk”, “Sezar Kunikov”, “Vasili Bex” və “Vsevolod Bobrov” gəmilərinə endirilən zərbələr haqqında da xəbərlər yayılırdı. 
Noyabrın 9-da USQ Baş qərargahı düşmənin 16 gəmi və katerinin məhv edildiyini bildirirdi. Rusiyada “arzuolunmaz təşkilat” elan edilən “Proyekt” nəşri isə daha mütəvazi rəqəmlər səsləndirir: onun məlumatlarına görə, Rusiyanın Qara dəniz donanması  ən azı 12 gəmi və kater – özünün döyüş qüvvəsinin 15 faizini itirib. 
Nə USQ Baş qərargahı, nə “Proyekt” Ukrayna PUA-larının oktyabrın 29-da Sevastopol buxtasına hücumunu nəzərə almırlar. Məlumatlara görə, həmin hücum zamanı Qara dəniz donanmasının yeni flaqmanı, “Admiral Makarov” gəmisi əhəmiyyətli xəsarətlər alıb. 
İndi Rusiya gəmiləri və sualtı qayıqları Ukrayna sahillərindən uzaqda üzməyə üstünlük verirlər, təhlükəsiz məsafədən “Kalibr” raketlərini Ukrayna şəhərlərinə buraxırlar.  
Rusiya Qara dəniz donanmasını gücləndirə bilməz – müharibə başlayandan Türkiyə Bosfor və Dardanel boğazlarını bağlayıb. Donanmanın xeyli hissəsi Sevastopoldan Rusiya ərazisinə - Novorossiysk limanına köçürülüb. 
6. Rusiyanın Donbasda hücumu 
Martın axırlarında, Kiyev və Çerniqovda məğlubiyyətdən sonra Rusiya komandanlığı “xüsusi əməliyyat”ın birinci mərhələsinin məqsədlərinin əldə olunduğunu və bu rayonlarda hərbi əməliyyatları dayandırdığını açıqladı. Həmin məqsədlər guya “düşməni bu istiqamətdə Kiyev də daxil olmaqla böyük yaşayış məntəqələrini əldə saxlamaqdan ötrü öz qüvvələrini, vasitələrini, resurslarını və döyüş texnikasını cəmləməyə məcbur etmək” olub. RF-nın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, növbəti məqsəd Donbas üzərində nəzarəti ələ keçirməkdir.
Rusiyanın yeni hücumunun əsas istiqaməti Donetsk vilayətinin şimalı oldu. Zərbə qüvvəsi Yevgeni Priqojinin maliyyələşdirdiyi ÇVK “Vaqner”in muzdluları olan qoşunlar Popasnayanı hədəfə aldılar. Bu şəhər USQ-nin Svetlodarsk-Severodonetsk müdafiə qövsünün mərkəzində məhkəmləndirilmiş rayon idi. Artilleriyada nəhəng üstüklərindən istifadə edən ruslar atəş dalğası metodu ilə irəliləyir, hərəkət istiqamətlərindəki bütün tikililəri bünövrəsinə qədər dağıdırdılar. 
Popasnaya uğrunda döyüşlər mayın 8-ə kimi davam etdi. Rusiya şəhəri, az qala, tamamilə dağıdaraq tuta bildi. Popasnayanın itirilməsi şimalda Severodonetsk və Lisiçanskı, cənubda Svetlodarskı və qərbdə Baxmutu müdafiə  edən Ukrayna qoşunlarının vəziyyətini ciddi surətdə çətinləşdirdi. 
Amma bu vaxt Rusiyanın Ukrayna istehkamlarına frontal hücumlar taktikası, eləcə də hərbi əməliyyatların planlaşdırılması zamanı buraxılan və ağır itkilərə səbəb olan səhvləri tam şəkildə özünü göstərdi. 
Severodonetsk və Lisiçansk şəhərlərini mühasirəyə almalı olan rus qüvvələrinin mayın 11-12-də Severski Donets çayını keçmək cəhdləri tam fəlakətlə nəticələndi. Ukrayna artilleriyası körpüləri və platsdarmları yerlə-yeksan edərək yüzə qədər zirehli texnikanı və xeyli sayda canlı qüvvəni məhv etdi. 
Severodonetski hücumla almaq cəhdi iyunun 24-ə qədər davam edən küçə döyüşlərinə səbəb oldu. Həmin vaxta qədər şəhər yarımühasirədə idi və çox hissəsi dağılmışdı. Amma tamamilə mühasirəyə almaq ruslara müyəssər olmadı. USQ nizam-intizamla geri çəkildi. 
Severodonetskin itirilməsindən sonra Lisiçanskı sona qədər müdafiə etmək çox təhlükəli idi – şəhər iyulun əvvəllərində təslim edildi. 
Severodonetsk-Lisiçansk aqlomerasiyasına fasiləsiz qanlı hücumlar nəticəsində Rusiya ordusunun rezervləri tükəndi, Baxmut və Slavyansk istiqamətində irəliləmək cəhdləri dəf olundu. Rusiya komandanlığı pauza götürməli oldu. 
Lisiçanskın tutulması yaz-yay kampaniyası zamanı Rusiya ordusunun sonuncu ərazi işğalı oldu. Bundan sonra o, ancaq məğlubiyyətə uğrayırdı və geri çəkilirdi. 
Hələ Lisiçansk uğrunda döyüşlərin gərgin vaxtı Rusiya ordusu yeni xoşagəlməz halla üzləşdi – USQ-nin ixtiyarına ABŞ-ın HİMARS raket sistemləri və digər yüksək dəqiqlikli silahlar verildi. Ukrayna artilleriyaçılarının prioritet verdiyi hədəflər iri Rusiya arsenalları və arxada texnika toplanan yerlər oldu. Göyə uçan anbarlar haqqında məlumarlar ardıcıl gəlməyə başladı. 
Nəticədə Rusiya ordusu rəqib qarşısında əsas üstünlüyünü itirdi. Çoxsaylı artilleriyanın sursatla təchizat sistemi pozuldu, ön cəbhədəki rus qoşunları mərmi defisiti yaşamağa başladılar. Bu faktor tezliklə Rusiya qoşunları üçün daha böyük problemə çevrildi. 
Tərcümə: Yadigar Sadıqlı
Ardı var.



Tarix: 5-03-2023, 09:05
Xəbəri paylaş





Xəbər lenti