"The Economist" - Müharibə və koronavirus: "Rusiyada demoqrafik fəlakət yaşanır"





"Rusiyanın hərbi müdaxiləsi təkcə ukraynalılar üçün deyil, bəşəri fəlakətə çevrilib..."
 
"Son bir ildə 175-200 min rusiyalı hərbçi qətlə yetirilib və ya yaralanıb..."
 
"50 ildən sonra Rusiya əhalisinin sayı 120 milyon nəfər təşkil edə bilər..."
 
"2010-2021-ci ildə Rusiya əhalisinin sayı 5, 4 milyon nəfər azalıb..."
 
Rusiyada demoqrafik faciə genişlənməkdədir. Bu ölkə son üç ildə müharibə, xəstəliklər və ölkəni kütləvi şəkildə tərk etmə nəticəsində 2 milyondan çox insanını itirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Economist" jurnalı yazıb.
 
Qeyd edilir ki, hazırda 15 yaşı olan rusiyalı kişilərin gözlənilən ömür müddəti, demək olar ki, iki dəfə azalıb. Çağırış yaşı olan bir çox kişilərin müharibədə həlak olması və ya ölkədən getməsi fonunda hazırda Rusiyada qadınların sayı kişilərin sayından 10 milyon nəfər çoxdur. 2021-ci ildə hər 100 kişiyə 18 yaşdan yuxarı 121 qadın düşürdüsə, hazırda balans əhəmiyyətli dərəcədə pozulub.
 
Müharibə bu bəlaların yeganə və başlıca səbəbi deyil, lakin onları dərinləşdirib. Qərbin dəyərləndirmələrinə görə, son bir il ərzində 175-200 min rusiyalı hərbçi qətlə yetirilib və ya yaralanıb. Təxminən 500 min-bir milyon əsasən gənc, təhsilli adamlar "ət maşınından keçməmək üçün" xaricə qaçıb.
 
"Rusiyanın hətta demoqrafik problemləri olmasaydı belə, qısa müddət ərzində bu qədər adamın itirilməsi ağrlı olacaqdı. Müharibədəki itkilər isə Rusiyanın azalan və xəstə əhalisinin vəziyyətini daha da ağırlaşdırır", - jurnal yazıb və güman edib ki, Rusiya "demoqrafik tənəzzülün faciəli ilgəyi"nə keçib.
 
Rusiyada demoqrafik böhranın kökləri 30 il əvvələ aparıb çıxarır. 1994-cü ildə ölkə əhalisi pik həddinə çataraq 149 milyon nəfər təşkil edib.
 
O zamandan əhalinin ümumi sayı ziqzaqabənzər azalıb. BMT-nin məlumatına görə, 2021-ci ildə Rusiyanın əhalisi 145 milyon nəfər (buraya Krımın 24 milyon nəfər əhalisi daxil edilməyib) təşkil edib.
 
BMT-nin proqnozlarına görə, indiki meyllər saxlanılarsa, Rusiya əhalisinin ümumi sayı 50 ildən sonra cəmi 120 milyon nəfər təşkil edə bilər. Bu, Rusiyanı dünyada əhalinin sayına görə 15-ci ölkəyə çevirə bilər, hərçənd, 1995-ci ildə bu göstəriciyə görə 6-cı yeri tutub.
 
Əvvəllər Rusiyanın Dövlət Statistika Xidmətində işləmiş müstəqil demoqraf Aleksey Rakşinin sözlərinə görə, 2022-ci ilin aprelində doğulan körpələrin sayı 18-ci əsrdən bəri ən aşağı səviyyədə olub.
 
Rusiya Dövlət Statistika Xidmətinin məlumatlarına görə, 2020 və 2021-ci illərdə əhalinin sayı 1, 3 milyon nəfər azalıb, ölüm halları doğumu 1, 7 milyon nəfər üstələyib.
 
Ən çox azalma etnik rusiyalılar arasında müşahidə edilib, onların sayı 2021-ci ilin siyahıyaalınmasına görə 2010-2021-ci illərdə 5, 4 milyon nəfər azalıb. Əhalinin payında 78 faizdən 72 faizədək azalıb.
 
Nəşr qeyd edir ki, "Putin elə hey "rus dünyası"nın genişlənməsi ilə öyünüb".
 
Əhalinin sayının azalması hələ tammiqyaslı hərbi müdaxilədən öncə, koronavirus pandemiyası zamanı başlayıb. Rusiyada koviddən ölənlərin rəsmi sayı 388 min təşkil edib.
 
Jurnal ölkədə 2020-2023-cü illərdə ümumi izafi ölüm hallarının 1, 2- 1, 6 milyon nəfər olduğu qənaətindədir və güman edir ki, Rusiyada, mümkündür ki, dünyada Hindistandan sonra koronavirusdan ən çox ölüm halları qeydə alınıb.
 
"Əgər pandemiyadan ölüm hallarını müharibə qurbanları və səfərbərlikdən qaçanların sayına əlavə etsək, Rusiya 2020-2023-cü illərdə adi demoqrafik pisləşmədən əlavə 1,9-2, 8 milyon nəfər itirib. Bu, hətta əhalinin hər il yarımmilyon insanın azaldığı fəlakətli 2000-ci illərdəkindən də pisdir",  materialda deyilir.
 
Jurnal yazır ki, demoqrafik tənəzzülün ümumi effekti bundan ibarət olacaq ki, Rusiyada həyatın keyfiyyəti əsaslı surətdə pisləşəcək.
 
"Əhalisinin sayı azalan əksəriyyət ölkələr böyük sosial təlatümlərdən yan keçməyə müvəffəq olub, lakin Rusiyada başqa cür ola bilər. Onun əhalisi XXI əsrin ortalarına 130 milyon nəfərə düşə bilər. 
 
Fəlakətli demoqrafik ilgək Putini yeni ərazilər zəbt etmək niyyətlərindən çəkindirməyib. Lakin bu, Rusiyanı daha da azaldır, daha az təhsilli və daha kasıb ölkəyə çevirir, gənclər ölkəni tərk edir, kişilər 60 yaşında ölür. Hərbi müdaxilə heç də təkcə ukraynanılar üçün deyil, bəşəri fəlakətə çevrilib", - nəşr yazıb.

Tarix: 5-03-2023, 22:51
Xəbəri paylaş





Xəbər lenti