Azərbaycanda qeydiyyat cəriməsi 30 manatdır… Almaniyada 50 min avro

“Qəbələdən Bakıya iş ilə bağlı köçmüşdüm, 1 il sonra qaldığım evdə qeydiyyatsız olduğuma görə cərimələdilər. Niyə hər şəhərdə ayrı qeydiyyata düşmək tələbi qoyulur ki? İndi də ölkədən xaricə getmək istəyirəm, gözləyirəm bu mənasız qərar ləğv edilsin, cərimə silinsin”, – bu sözləri AzadlıqRadiosuna S.İ. deyir.

Qapını cərimə döyür

Həmsöhbətimiz Bakının Bakıxanov qəsəbəsində yaşayır. 2020-ci ildə Bakıya köçən S.İ. tam bir il qeydiyyat ilə bağlı problem yaşamayıb. Lakin 2021-ci ilin sonlarında özünü Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı kimi təqdim edən şəxslər məhəllədə oğurluq hadisəsi baş verdiyi üçün onun mənzilinə yaxınlaşıblar.
“Açandan sonra polis olduqlarını bildim və söhbət əsnasında kirayədə qaldığımı öyrəndilər. Qeydiyyat sənədi tələb etdilər, olmadığını bildirəndə isə 30 manat cərimə yazdılar. Həyət evində qalırdım deyə, ev yiyəsi də söhbətin üstünə gəlib çıxdı. Əməkdaşlar onu da bir az məzəmmət etdikdən sonra ev sahibi “evin sənədini ala bilmirəm, o ki qaldı kirayə oturanları qeydiyyata salım” deyə şikayətləndi. Ev sahibinə hər hansı cərimə yazılmadı, mənə yazılan cəriməni isə hələ ki ödəmək fikrim yoxdur”, – deyə o bildirib.
Cərimə yazılan günə kimi qanundan xəbərsiz olduğunu deyən vətəndaş “daha sonra polisin üzərinə qeydiyyata düşmək istədim, alınmadı, bu günə kimi də qeydiyyatsız qalmağa məcburam” söyləyir.
“Əvvəllər bir neçə xarici ölkədə olmuşam, 3-4 il Polşada yaşamışam, orada nəinki vətəndaşlara, heç qeyri-vətəndaşlara da belə absurd problem yaşatmırlar”, – o qeyd edir.
AzadlıqRadiosu xarici ölkələrdə yaşayış yerinə qeydiyyat məsələsini araşdırıb.

Qonşu dövlətlərində vəziyyət oxşardır

Rusiya Federasiyasında yaşayış yerinin qeydiyyatı məcburidir. Belə ki, Rusiya vətəndaşları, xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər üçün ayrıca reyestrlər mövcuddur, hər ikisi Daxili İşlər Nazirliyinin şöbəsi olan Miqrasiya Məsələləri üzrə Baş İdarə tərəfindən həyata keçirilir. Rusiya vətəndaşlarının daimi yaşayış yeri 7 gün ərzində, müvəqqəti yaşayış yeri isə 90 gündən artıq bir yerdə qaldıqdan sonra qeydiyyata alınmalıdır. Yaşayış icazəsi olan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər 7 gün müddətində daimi yaşayış yeri üzrə qeydiyyatdan keçməlidirlər. Vaxtında qeydiyyatdan keçməyən Rusiya vətəndaşları 2 min-2 min 500 rubl (120-140 manat), xarici vətəndaşlar isə 2 min-5 min rubl (120-300 manat) məbləğində cərimələnə bilər.
Türkiyədə yaşamış Emilya Aktaş deyir ki, eyni mexanizm illərdir ki, orada da tətbiq edilir. Belə ki, bir şəhərdən digərinə gedən şəxsin yaşayış yeri dəyişikliyi qanuni şəkildə bəyan edilməlidir.
“Bu bildiriş müddəti təxminən 20 gündür. Bu müddət ərzində bildiriş verilməzsə, 285 TL (26 manat) cərimə tətbiq ediləcək. Bu cəzadan yayınmaq üçün saxta ünvan təqdim edilərsə, vətəndaşa 5 min 958 TL (535 manat) cərimə yazılacaq. Mənim də cəriməm var idi, bu yaxınlarda ödədim. “Köç idarəsi” adlanan quruma yaxınlaşıb sənədləri təqdim etmək lazımdır. Ümumilikdə, Türkiyədə bu məsələyə daha ciddi və həssas yanaşılır. Sən tələbə, ya da dövlət işçisisənsə, qaçış yolun yoxdur, qeydiyyat şərtdir”, – Aktaş deyir.
Ermənistanda da vəziyyət bənzərdir. Bütün Ermənistan vətəndaşlarının qeydiyyat ünvanı olmalıdır. Qeydiyyat üçün yaşayış obyektinə mülkiyyət və ya icarə haqqında şəhadətnamə və ya mülkiyyətçinin qeydiyyata alınmasına dair sənəd gərəklidir. Əgər bu sənədlərdən heç biri mövcud deyilsə, vətəndaş yerli polisdən faktiki yoxlama aparmağı (adətən iki həftəyə qədər vaxt aparır) və sözügedən ünvanda həqiqətən yaşadığınızı təsdiqləməyi tələb edə bilər. İctimaiyyətə açıq məlumatlarda bu məsələ ilə bağlı cərimə, cəza isə göstərilməyib.
Digər postsovet ölkələrindən Qazaxıstanda 5 iş günü müddətində yaşadığı yeri dəyişmək haqda məlumat verməyən şəxslər 50 manata kimi cərimələnir. Burada da nəzarət hüquq-mühafizə qurumları tərəfindən aparılır. Əgər, ümumiyyətlə, heç bir yerdə qeydiyyat olmayan vətəndaşlar aşkarlanarsa, onlar 100 manata kimi cərimə edilə bilər.
Yaşayış yerinin qeydiyyatı öhdəliyi Ukrayna ərazisində daimi və ya müvəqqəti yaşayan əcnəbilərə, eləcə də öz vətəndaşlarına şamil edilir. Bu şəxslər yeni faktiki yaşayış yerinə gəldikdən sonra ölkədə leqallaşma haqqında sənədləri almalı və 30 gün ərzində qeydiyyatdan keçməlidirlər. 30 gün ərzində yaşayış müddəti üçün qeydiyyat müraciəti etmədikdə qeydiyyat orqanının əməkdaşı və ya digər orqanlar inzibati protokol tərtib edirlər. Bu, Ukrayna İnzibati Xətalar Məcəlləsinin 197-ci maddəsinə uyğun tətbiq olunur. Xarici vətəndaşlar üçün yaşayış yerinin qeydiyyatı olmaması 1 min 700-dən (77 manat) 5 min 100 (232) qrivna cərimə deməkdir.
Azadlıq radiosu
Tarix: 8-03-2023, 22:12
Xəbəri paylaş





Xəbər lenti