Bu icra başçıları... - ETİRAZ




O gün türk seriallarından bir epizod çıxdı qarşıma. Əsərin qəhrəmanı deyirdi ki, insan bu dünyada ən birinci özünü aldadır. Söz çox xoşuma gəldi. Ölkəmizdə ha çox özünü aldadan... Məmuru da, müəllimi də, həkimi də, fəhləsi də hər gün özü üçün nə isə uydurur.
XVIII əsr fransız yazıçısı Kuk de Klape Vovenarqın ağlın meyarı ilə bağlı yazdığı bir detal da diqqətimi çəkdi. (Mənbə: "Xəzinə") Qədrimi bilməzsiniz, amma sizin üçün də yazım ki, oxuyun, goruma aparmayacağam ki! "Mənim cavan bir nökərim vardı. Birgə nahar etdiyim adam getdikdən sonra o, mənə dedi ki, bu adam çox ağıllıdır. Soruşdum ki, hansı əlamətlərinə görə belə deyir?
- Ağıllı adam həmişə düz danışır.
- Yəni heç kəsi aldatmır, hə?
- Xeyr, cənab, özünü aldatmır".
Məsələn, elə Siyəzənin 70 yaşlı icra başçısı Novruz Novruzovu götürək. Belə götürəndə ağıllı adam təsiri bağışlayır. Amma di gəl ki, fərasətli kişidir. Elə bilir ki, hamını aldada bilir. Vallah, o yanılır. Öləndə özünə heç nə aparmayacağını bildiyi halda içindəki Novruzovu aldadır. Dərd odur ki, əsl həqiqəti bilə-bilə bunu edir. Yenə də lənət şeytana deyib sakitləşmək üçün dünya hisslərini ovundurmaqla məşğuldur.
Zaqatalanın icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə də elə bu qəbildəndir. 1947-ci il təvəllüdlü babanın fəaliyyətindən danışmayaq. Bəlkə də düz edir. İndiyə qədər orada rəhbər kimi çalışması da bunların bildiyi həqiqətlərdir. Yalançı, böhtançı elə bizik. Onun özünə görə dünyagörüşü var. Öz aləmində yaratdığı dünyada çox xoşbəxtdir. Çətin anlayar ki, bədbəxt o adamdır ki, hələ bədbəxt olmayıb.
Öz işçisini pensiya yaşına çatmasına görə işdən azad edən cənab "xoşbəxt" Əhmədzadəni heç kim inandıra bilməz ki, onun yaşı da pensiya yaşı həddinə çatıb. O, özünə inandırıb ki, əvəzedilməzdir. İdarəetmə sistemini bundan yaxşı bilən olmaz. Yerinə gələn hansısa yeni kadr Zaqatalada baş çıxara bilməz.
Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov da cavan oğlandır. İnsafən, 65 yaşını təzə haqlayıb. Pensiya yaşına hələ 20 il var. Ümumiyyətlə, mən başa düşə bilmirəm ki, ölkə konstitusiyasına görə, referendumdan sonra prezident seçkiləri 7 ildən bir keçirildiyi təqdirdə icra başçıları niyə 20 il işləməlidir? Deyəsən, sual yersiz oldu. Biz yalan məsələsindən danışırdıq. O yalan ki, vəzifəli şəxslər ilk növbədə özlərini inandırmağa çalışırlar. Onların dərdi böyükdür. Siz başa düşməzsiniz. Heç başa da düşməyə cəhd etməyin. Çünki hər şeyi başa düşmək əfv etmək deməkdir. Mənim dərdimə şərik olun. Olun ki, ən ucuz mərhəmətinizi əskik etməyəsiniz. Amma əsas odur ki, onların üzünün ifadəsinə diqqətlə baxmayın. Çünki simalarındakı cizgilər özləri üçün yaşayış tərzlərindən çox da əhəmiyyətli deyil.

Fadil Paşayev
Konkret.az-ın baş redaktoru
Tarix: 13-03-2023, 21:21
Xəbəri paylaş





Xəbər lenti