Talış kəndinin sakinləri doğma torpaqlarına qayıdıblar



Böyük Qayıdış proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin 
mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb.

Bununla əlaqədar Tərtər Rayon Bayraq Meydanında təntənəli qarşılanma və yolasalma 
mərasimi keçirilib.
Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa 
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi 
nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 
nümayəndələri, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP 
Tərtər Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədirləri, köçürülən ailələr, 
qazilər və rayon sakinləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək 
Talış sakinlərini Novruz bayramı və öz yurdlarına köçmələri münasibəti ilə təbrik edib. 
Bildirib ki, Ötən il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab 
İlham Əliyev Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsindən, 2021 
–ci ildə isə Şuşadan –Cıdır düzündən Azərbaycan xalqini təbrik edib, Bayram tonqalını 
yandırıb.
Cənab Prezident  rayonumuzun Suqovuşan qəsəbəsindən  Azərbaycan xalqını təbrik 
edərkən  belə deyib: “İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını 
doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi 
köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn 
il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, 
reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş 
torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, 
qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa 
şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan 
xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və 
Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.”
Bu il isə Novruz Bayramını uzun illər yurd – yuvasından didərgin düşmüş rayonuimuzun 
Talış kəndinin sakinləri öz doğma ocaqlarında qarşılayacaqlar.  
Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli 
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra 
könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Talış sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər 
Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, 
torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və 
zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər Nümayəndəliyinin və Uşaq-Gənclər 
İnkişaf Mərkəzinin dərinək üzvlərinin hazırladığı konsert proqramı ilə davam etdirilib. 
Talış kəndinin sakinlərinə  rayon icra hakimiyyəti tərəfindən bayram sovqatları 
paylanılıb.
Sonra Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı 
vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) 30 ildən 
sonra doğma yurdlarına doğru yola çıxıblar.
Onları Talış kəndində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş 
ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi 
Emin Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 
nümayəndələri və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 
qarşılayıblar.
Azərbaycan dövlətinin qısa vaxtda Talış kəndində yaratdığı şəraitlə tanışlıqdan sonra 
sakinlər üçün nahar süfrəsi açılıb.
Talışa köçən kənd sakinləri Zahid Allasov, Əlişir Allasov, Elmir Hüseynov və başqaları 
uzun illərdən sonra doğma torpaqlarına qovuşmalarının sevincini yaşadıqlarını 
bildiriblər. Onlar kəndlərində görülən işlərdən razılıqlarını dilə gətirərək, buna görə 
Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 
rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən 
təmizləyib. İşğaldan azad edildikdən sonra dövlətimizin başçısının tapşırıqları əsasında 
Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur 
yaradılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya 
departamenti ilk mərhələdə Talış kəndində məskunlaşdırılacaq 20 ailə arasında şəffaflıq 
və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirib. 
Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. 
Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.
Beləliklə, Talış kəndinin sakinləri uzun illərdən sonra Novruzu doğma torpaqlarında 
qeyd edəcəklər.
Tarix: 16-03-2023, 23:05
Xəbəri paylaş





Xəbər lenti