Qarabağ camaatı... RUSİYAYA NİFRƏT EDİR!

Qarabağ camaatı...
Qarabağdan 10 günlük tətildən-istirahətdən qayıtmışam...
Bu il məni çox təəcübləndirən bir neçə müşahidələrim oldu.
1. Qarabağda yaşayan əhali arasında Rusiyaya heç vaxt indiki qədər nifrət sezməmişdim. Əhalinin əksəriyyətinin Rusiyaya münasibəti əsasən normal idi. İndi çox fərqli yanaşma var.
2. Son 15-20 ildə əhali arasında siyasi-ideoloji müzakirələrə nadir hallarda rast gəlmək olardı. Amma indi olduqca geniş çevrədə çox aktiv müzakirələr gördüm. Ölkədə iqtidar-müxalifət münasibətlərin bu günü və gələcəyi ilə bağlı diskussiyaların şahidi oldum.
3. Regionda Azərbaycan-Türkiyə münasibətləri, xüsusilə də "Turan Birliyi" mövzusuna ilk dəfə idi insanların çox geniş marağını müşahidə etdim.
4. Bir neçə il öncə Qarabağda insanların əksəriyyətində gərginlik, narahatlıq, stress daha qabarıq görünürdü. Təmas xəttinə yaxın olan bölgələrdə indi bu gərginlik xeyli azalıb. Sanki əhali çiynindəki əsas ağır yükdən qurtarıb. Qarabağın yenidən qurulması prosesinin yaratdığı müəyyən bir ümid, gözlənti də var.
5. İnsanlar çox çalışqandır. Fərdi təsərrüfatla, kiçik alverlə, pay torpaqlarının istifadəsi ilə normal dolanışığı təmin etmək mümkündür. Məsələn, Saatlıda olan "su problemi" Qarabağda yoxdur. Bol sulu çaylardan səmərəli istifadə olunsa yaxşı məhsuldarlıq əldə etmək mümkündür. Eyni zamanda iqtisadi-ticarət münasibətlərində sərbəstlik olarsa ən qısa zamanda əhali varlana bilər. Ən azından ölkədə yoxsulluq azalar.
6. Yerli icra hakimiyyətləri orqanlarının səlahiyyətləri praktik olaraq xeyli azalıb. 5-6 il öncə ilə müqayisədə inzibati təsir gücü zəifləyib. Dövlət qurumlarının çoxu birbaşa mərkəzi qurumlara tabedir.
7. Bir neçə il öncə səthi monitorinq aparmışdım, ümumölkə televiziyalarına baxış çox aşağı idi. İndi televiziyalar itirdikləri auditoriyanı qismən geri qaytara biliblər. Xüsusilə də müharibədən sonra bu tendensiya artıb.
8. Müxalif və müstəqil youtub kanallarının yayım siyasətini təkmilləşdirməsinə ciddi ehtiyac var. Bu istiqamətdə geriləmə var.
9. Türkiyə televiziyalarına baxış yenə də ilk yerləri tutur. Türkiyədəki siyasi olayları mütləq əksəriyyət çox həvəslə izləyir. Türkiyənin rəsmi dövlət kanallarının təbliğati təsiri daha kütləvidir.
10. Sosial şəbəkələrdəki virtual ovqat, təqdimatlar, dəstəklər, tənqidlər, narazılıqlar real həyatdan çox fərqlidir.
Hələlik bu qədər.
Digər müşahidələrimi, neqativləri və pozitivləri də bölüşməyə çalışacam.

Nəsimi Məmmədli
Tarix: 27-03-2023, 18:54
Xəbəri paylaş





Xəbər lenti