YENİYETMƏ “DƏLİXANAYA”, BAŞ HƏKİM İSTEFAYA... - Adi şikayəti böyük qalmaqala çevirənlərin məqsədi nədir? + VİDEO




Bu günlərin ən maraqlı və müəyyən dərəcədə ümidverici hadisələrindən biri məlum əməllərilə məşhurlaşan sabiq MTN generalı Akif Çovdarovun mülkiyyətinin özünə qaytarılması barədə məhkəmə qərarından Baş Prokurorluğun protest verməsi oldu. İnsanlarda belə təəssürat yarandı ki, ədalət gec-tez bərpa olunur və ən əsası cəmiyyətin etiraz etdiyi hadisələrə, məmur, yaxud məhkəmə qərarlarına dərhal reaksiya verilir, haqsızlıq aradan qaldırılır və sair.
Lakin Akif Çovdarovun əmlakı məsələsi hələ “öz yerini isitməmiş” ortaya “soyuq duş effekti” verən başqa bir mövzu çıxdı. Məlum oldu ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov Səhiyyə nazirinin qərarı ilə vəzifəsindən azad olunub. Söhbət 3 saylı uşaq evindəki nöqsanlarla bağlı danışan yeniyetmənin psixi xəstə olmadığı barədə rəy verən baş həkimdən gedir.
Xatırladaq ki, A.Rəsulov bir müddət əvvəl xəstəxanaya yerləşdirilən yeniyetmə ilə bağlı açıqlama vermişdi və onun ruhi xəstə olmadığını, onu “dəlixana”ya salmağın düzgün olmadığını bildirmişdi. Eləcə də həkim xəstəxananın yeniyetməni geri qaytarmaq istədiyini, lakin 3 saylı uşaq evinin müdriyyətinin onu qəbul etmədiyini bildirmişdi.
Göründüyü kimi, bu açıqlamasından dərhal sonra baş həkim öz vəzifəsindən azad edildi. Səhiyyə Nazirliyindən bildirilib ki, Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.



İstər-istəməz sual yaranır – nazirlik Rəsulovun bu vəzifəni daşımaq üçün yaş həddinin keçdiyini elə məhz bugünmü gördu? Adam 2008-ci ildən xəstəxananın baş həkimidir və hər halda, yaş həddi çoxdan keçib. Ancaq indiyə qədər ona “gözün üstə qaşın var” deyən olmadı da, məhz bu qalmaqaldan sonra pensiya yaşının çatdığı məlum oldumu? Bunlar sözügedən hadisədən xəbərdar olan istənilən vətəndaşın beynində əmələ gələn suallardır.
Ortada bir şikayətçi yeniyetməyə qarşı açıq haqsızlıq və onun ruhi xəstə olmadığını deyən peşəkar həkim var. Nə işdirsə, uşaq evinin rəhbərliyi bir yana olub, bunlar bir yana. Birinciyə heç nə deyən, hansısa araşdırma aparan, yeniyetmənin dediyi nöqsanları yoxlayan yoxdur, əvəzində uşaq “dəlixanaya”, baş həkimsə istefaya göndərilir. Belə çıxır ki, sabah həmin uşaq evinin müdiri çıxıb “əcəb eləmişəm” desə belə, ona heç kim heç nə deyə bilməyəcək...


Digər yandan, zatən Azərbaycanda istər xəstəxanaların, istərsə də uşaq evlərinin vəziyyətini bilməyən yoxdur. Ona görə də haqlı, yaxud haqsız olmasından asılı olmayaraq, hamı həmin yenmiyetməyə və onun sağlam olduğunu deyən həkimə inanır, nəinki qarşı tərəfə.
Yeniyetmənin dedikləri demək olar çox sahələrdə rast gəlinən və təəssüf ki, Azərbaycan reallığında çoxdan adiləşən sıradan bir şikayətdir. Bu adi şikayəti böyük qalmaqala çevirmək, uşağı “dəlixanaya” yollamaq bu qədərmi qaçılmaz idi? Bu, nə hikkə, nə aqressiyadır belə? Vəziyyəti sakitləşdirmək, o uşağın üzərinə getməmək əvəzinə baş həkimin cəzalandırılması, bu da azmış kimi yeniyeytmənin qardaşını efirə çıxarıb öz qardaşının əleyhinə danışdırmaq kimə, nəyə lazımdır axı?
Hazırda sosial şəbəkələr, bəzi mətbu orqanlar bu əcaib və heç bir idarəetmə sisteminə başucalığı gətirməyən hadisəni tirajlamaqda, tənqid etməkdədir. Bunu təkcə dostlarımız yox, düşmənlərimiz də görür.
İndi vəziyyəti bu yerə çatdıranlar kimin “reputasiyasını” qoruyur, kiminkinə zərbə vururlar görəsən? Kimə lazım idi bu? Bu biabırçılığı yaradanlar kimə, nəyə xidmət edirlər – cəmiyyətdə narazılığı artırmağa, haqq-ədalətə onsuz da “axsayan” inamı mümkün qədər azaltmağamı?

“AzPolitika.info”



 

Tarix: 5-04-2023, 14:48
Xəbəri paylaş





Xəbər lenti