Turizmçilər də narazıdır, vətəndaşlar da, səfirlik isə susur...


 
İtaliyaya turist vizalarının verilməsində həm turizm agentliklərinin nümayəndələri, həm də turistlər böyük çətinliklərlə üzləşir
Son aylarda İtaliyaya turist vizalarının verilməsində həm turizm agentliklərinin nümayəndələri, həm də turistlər böyük çətinliklərlə üzləşir.
Bu barədə Turizmplus.az saytına 15-dən çox vətəndaş şikayəti daxil olub. Belə ki, İtaliyanın Bakıdakı səfirliyi turist vizaları üçün onlayn növbə zamanı vətəndaşları bürokratik çətinliklərlə üz-üzə qoyur.
"Turizm.az" şirkətinin direktoru Nəsimi Kərəmovun sözlərinə görə, onlayn sistemdə növbə siyahısı yoxdur. Bəzi hallarda görüş götürmək üçün insanlar gecə saatlarına qədər gözləməli olurlar. Bununla yanaşı, qeydiyyatdan keçən elektron poçt ünvanları süni yolla bloka atılır. Direktor qeyd edir ki, bu problemlərlə də bitmir. Sənəd qəbulunda və s. məsələlərdə səfirlik son aylar Azərbaycan vətəndaşları üçün süni çətinliklər yaradır.

"Concierge Travel» şirkətinin rəhbəri Şəfiqə Mahmudova da eyni məsələlərdən şikayətçidir. O bildirir ki, səfirlik səhər və günorta saatlarında görüş üçün onlayn qeydiyyat prosesini bağlayır. Yalnız gecə və səhərə yaxın saatlarda bu prosesi həyata keçirmək mümkündür.
"Travellers Club» turizm agentliyinin direktoru Əsmət Nemətova bildirir ki, adıçəkilən problemlər artıq 2 ilə yaxındır ki, var. O, bunu İtaliya səfirliyinin işləri vaxtında çatdırmaması ilə əsaslandırır.
Hətta yaxın qohumları İtaliyada yaşayan, təhsil alan və işləyən insanlar da bu ölkəyə səfər edərkən böyük çətinliklə qarşı-qarşıya qalır.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan vətəndaşları bir sıra Avropa ölkələrindən viza almaqda çətinliklərlə üzləşirlər. O qeyd etdi ki, xüsusilə İtaliya səfirliyində görüş günü və vizanın verilməsi ilə bağlı ciddi problem var: “Müraciət edənlərin təxminən 50 faizi viza ala bilir. Təhsil viza müraciətlərində tələbələrə çətinliklə viza verir. Bu ölkədə universitetə qəbul olmaq viza almaqdan daha rahatdır. Macarıstan səfirliyində BLS kuryer şirkəti müraciət edən turistlərə süni əngəllər yaradır. Bunu səfirliyin tələbi kimi qeyd edirlər. Tələb olunan sənədlərdən əlavə sənədlər tələb olunur. Məsələn, iş yerindən arayış və kart çıxarışı təqdim olunduğu halda, vergi ödənişinə dair arayış, bəzən gediş-gəliş biletlərinin alınmış variantları tələb edilir. İşçi kollektivi haqqında isə turistlərdən durmadan şikayətlər gəlir. "Capago" şirkəti üzərindən müraciət olunan ölkələrdə şirkət sənəd hazır olduqdan sonra kuryer xidməti vasitəsilə çatdırılmasını məcburi edir. Viza müraciəti zamanı sənədlərini özü təqdim edən turist viza hazır olduqdan sonra özü götürə bilmir. Pandemiyanın bitməsinə baxmayaraq, hələ də kuryer xidməti üçün 17 manat verilməlidir. Sənədlərin surətinin çıxarılması, tərcümənin təsdiqi üçün xidmət haqqı yüksəkdir. Bundan başqa, "Capago" şirkəti əlavə xidmət haqları tutur. Viza rüsumunun ödənilməsindən sonra "Capago"nun xidmət haqqı və daha bir əlavə haqq tutulur. Bu xidmət haqqının nə olduğuna aydınlıq gətirilmir. "VFS Global" şirkətində görüş günü ilə bağlı sıxıntılar hələ də qalmaqdadır. Bu da müştərilərin haqlı narazılığına səbəb olur. Polşa səfirliyində görüş günləri ilə bağlı problemlər var. Belə ki, görüş günü təyin etmək üçün sistem demək olar ki, bağlı olur. Görüş günü həftədə1 dəfə, ayda 4 dəfə qısa müddətə günün öncədən bilinməyən saatında açılır. Bu isə görüş günü təyin etmək istəyən turistlərdə çaşqınlıq yaradır. Ən önəmlisi isə səfirliyin İşçi vizası ilə bağlı yaratdığı yeni random üsulu ilə görüş gününün təyin edilməsi həddindən artıq çətin və uyğunsuz hesab olunur. Bir həftə öncə qeydiyyatdan keçmiş şəxsə görüş günü bir ay öncə qeydiyyatdan keçmiş müştəridən daha tez təyin olunur. Bundan əlavə, iki ailə üzvü üçün eyni vaxtda görüş günü götürmək mümkün deyil. Almaniya viza müraciətlərində neqativ cavablar çox verir. Demək olar ki, az büdcəli turistlərə Almaniya səfirliyində yer yoxdur. Böyük Britaniya səfirliyindən cavab 21 iş günü ərzində deyil, 2 ay və daha gec gəlir. Orta büdcəli turistlər qəbul edilmir. Çox yüksək əmək haqqı və ya gəlirləriniz olmalıdır ki, ölkə sizə turistik viza verməkdə maraqlı olsun. Bəzi səfirliklər hotelin ödənilmiş çekini tələb etməklə turizm agentlikləri və turistlər üçün problem yaradır. Ödənişi edəndən sonra viza verilməməsi ehtimalı narahatlıq yaradır”.
“Yeni Müsavat” İtaliyanın Azərbaycandakı səfirliyinə rəsmi qaydada sorğu ünvanlasa da, cavab ala bilməyib.
Tarix: 6-04-2023, 11:05
Xəbəri paylaş





Xəbər lenti