Zakir Fərəcovla bağlı prokururluq araşdırması: Adminstrasiya da aldadılıb

Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup iş adamı və 400-ə yaxın işçinin arasında pul qalmaqalı davam edir. Belə ki, şəhərin Dənizkənarı Bulvarı və giriş hissəsinin tikintisini həyata keçirən iş adamları 2016-cı ildən bəri 8 milyon manat pullarını ala bilmirlər. Onların bildirdiyinə görə, işi tamamladıqdan sonra pullarını istəsələr də, bunun heç bir xeyri olmayıb. Əksinə, işi görmüş şəxslərdən əksəriyyəti icra başçısı tərəfindən təhdid olunub, bir neçəsi də müxtəlif bəhanələrlə həbs olunublar.
Bir müddət əvvəl Zakir Fərəcov borclu olduğu sahibkarların bir qismi ilə görüşərək, onlara pulu ödəməyə hazır olduğunu desə də, tələbinin olduğunu dilə gətirib. Tələb də ondan ibarət olub ki, 8 milyon manatın 30 faizini ona keçsinlər. Sumqayıtda işləmiş şəxslər dəfələrlə Prezident Admnistrasiyasında olublar. Onları şöbə müdirləri qəbul edərək, problemlərinin həllində yardımçı olacaqlarını bildiriblər. Sahibkarlar deyirlər ki, Prezident İlham Əliyevin ötən günlərdə keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər, görünür, Zakir Fərəcov üçün heç bir əhəmiyyət kəsb etmir. “Əks təqdirdə, o xəbərdarlıqdan sonra Fərəcovun borcu idi ki, camaatın gətirib pulunu versin. Əgər belə edirsə, ya arxalandığı adamı prezident hesab edir, ya da onun kimsədən qorxduğu yoxdur”. Sahibkarlar deyirlər ki, normal qaydada Zakir Fərəcov dövlət tərəfindən ayrılmış pulları işi görənlərin hesabına köçürməlidir. “İndiyə qədər hesabımıza bir qəpik belə ödənilməyib. Hər dəfə bir bəhanə ilə pulu ödəməkdən boyun qaçırır. İndi də, Adil Xudadatovu qabağa verib, o da min dənə bəhanə ilə pul ödəməkdən boyun qaçırır. Eyni zamanda, şöbə müdiri niyə bizə pul verməli və Zakir Fərəcovun borclarını bağlamağa borclu olmalıdır?”
İş adamları bildirir ki, onlar artıq çıxış yolu görmədiklərindən Respublika Baş Prokurorluğuna üz tutacaqlar. “Başqa çarəmiz qalmadı. Qoy, Baş Prokurorluq araşdırsın ki, dövlət tərəfindən ayrılmış milyonlarla manat vəsaiti Zakir Fərəcov hara xərcləyib. Qoy, araşdırsınlar ki, Adil Xudadatov niyə Sumqayıtda pul yığır. Biz 500-ə yaxın şəxs bununla bağlı müraciət edəcəyik”. Yeri gəlmişkən, borc qalmaqalı ilə bağlı icra başçısının zəmanət məktubu da var ki, bu məktubun bu günədək icra olunmaması faktik olaraq adminstrasiyanın aldadılması anlamına gəlir.
http://www.cumhuriyyet.net/sonxeber/190503-zakir-f%c9%99r%c9%99covla-bagli-prokururluq-arasdirmasi-adminstrasiya-da-aldadilib.html
Tarix: 6-04-2023, 12:18
Xəbəri paylaş





Xəbər lenti