Qanlı əllərdən "dövlət" əmənlər... - Bahəddin Həzi yazır...

Qanlı əllərdən "dövlət" əmənlər...
Çox fəlsəfi dərinliklərə getməməyə çalışacam. Oxuyanı çətinliyə salmayım. Onsuz da həyat çətinliklərlə doludur. Üstəlik durmadan özümüz özümüzə çətinlik yaratmaqdayıq.
Bizim çoxumuzda qəribə bir mərəz var: olmayacaq duaya "Amin!" deyirik. Bəzən ömrümüzün çoxunu heç gəlməyəcək birini gözləməklə keçiririk. Qarşılıqsız sevgidən xoşbəxt ailə umub sağlam uşaqlar istəyənlər də bir başqa!

Hamı belə olmasa da, belə olanlar hamının huzuruna şərikdir. Ya da qənimdir... Nə bilim artıq.

Bax, elə indicə xəbər oxudum: ölkədə şəriət dövləti qurmaq istəyənlərin bir dəstəsi tutulub. Azərbaycanın hüquq-mühafizə orqanlarının birgə bəyanatında həbs edilənlər və onların əməlləri haqda geniş məlumat var. Özlərinin də səs yazıları, videoetirafları var.

Ağıllarınca, dövlət quracaqlarmış. Adını "Kərimə" qoyublarmış. Nə qədər irreal, irrasional bir tutum bu! Uinston Çörçillin məşhur kəlamını xatırlasaq, bəşəriyyət demokratiyadan daha yaxşı idarəçiliyi kəşf etməyib. Sənin ölkənin qüvvədə olan Konstitusiyası bu dövləti dindən ayırıb. Deyib: "Kimsənin inancına qarışmıram. Hər kəsin etiqad azadlığı var". Bu, dövlət-din münasibətləri üçün ən yaxşı modeldir - dünyəvilikdir. Yəni inanana da, səndən fərqli inanana da, səndən fərqli olaraq heç inanmayana da eyni cür hüquq tanıyıb.

Sənin bir dinə inanmaq hüququn olduğu kimi, başqasının da başqa dinə inanmaq, ya da heç bir dinə inanmamaq hüququ var. Sən deyirsən ki, "quracağınız" "Kərimə dövləti"ndə qadınların, uşaqların hüquqları elə olacaq, belə olacaq... Bundan beş qat, on qat artıq hüquqlar və azadlıqlar Konstitusiyamızda var. Hə, tam reallaşanı var, qismən reallaşanı var, heç reallaşmayanı var, bu, ayrı söhbət. Reallaşması üçün vətəndaş olaraq mübarizə edəcəksən. Təbii ki, sivil qaydada, qanun çərçivəsində. Kalaşnikovla, tapança ilə deyil!

Sən artıq var olan və baş tutmuş bir ölkənin qüvvədə olan Konstitusiya və qanunlarındakı hüquqlarını reallaşdırmaq əvəzinə, gedib qıraqdan (özü də hardan!) xəyali "dövlət" idxal edirsən. Bax, gör, dünyanın öndə gedən ölkələri, insanların azad, varlı və huzurlu olduğu məmləkətlər hansı idarəçiliyi seçib, sən nə təklif edirsən! Sən əgər bu ölkənin vətəndaşısansa (özünü bu dövlətin qanunlarından kənarda və ya üstün tutmursansa), o zaman vətəndaşı olduğun dövlətin verdiyi hüquqların elə bu qanunlarla reallaşmasına çalışmalısan. Ancaq nə edirsən?! Qanunsuzluğa qol qoyursan. Özünü qanundan üstün tutdunsa, tutulanda heç ağlama.

Bu dövlətin əsaslandığı bəlli bir hüquq sistemi var. Sən şəriət hüququ gətirmək istəyirsən?! O zaman dön, elə həmin o İrana bax, gör, şəriət hüququ adı altında hansı şəraiti yaradıblar. Xalqa və özlərinə. Başı açıq olduğu üçün qadını küçənin ortasında qətlə yetirən, məktəblərdə qız uşaqlarınə zəhərləyib öldürən, rejimə etiraz edənləri qaldırıcı kranların qülləsindən asan, öz içində və ətrafında terror əsdirən bir zehniyyətə hüquqmu deyirsən, modelmi deyirsən, örnəkmi deyirsən, nə deyirsən?!

Dövlət dediyin elmin, bilginin, informasiyanın məhsuludur. Bəli, hər cür dövlətin özü də əvvəlcə xəyal idi. Ancaq kimi bu xəyalı elmə söykədi, kimi dinə, daha doğrusu, din pərdəsi altında dinsizliyə, yəni məzhəb ayrımçılığına.

Sənə yaxşı həkim lazımdır, elmin üstünə qaçırsan. Müəllim, mühəndis, vəkil... lazımdır, elə. Ölkəni, özünü, ailəni qorumaq üçün silah istehsal edirsən. Raket dua oxumaqla düzəlmir; sənin hərbi qüdrətin elmin gücüdür. Qida sənayesi qurub əhalini yedizdirməlisən. Nə edəcəksən?! Hədis oxuyacaqsan?! Yox. Yeni texnologiya əldə etməyə, dəzgah qurmağa çalışacaqsan Torpağını əkən, toxumu səpən, taxılı biçən texnika elmdir, elm. Eyni şey dövlət sisteminə də aiddir. Eyni şey hüquqa da, elə siyasətə də aiddir.

Əgər dini inanca söykənən idarəçilik uğurludursa (ki, elə olmadığını sən özün də bilirsən), onda niyə teokratik rejimlərin hökm sürdüyü ölkələr, xalqlar məzlum, yoxsul və bədbəxtdir, amma dini dövlətdən ayırmış demokratiyalarda insanlar azad, varlı və xoşbəxtdir?! Əgər az da olsa ağlın varsa və dediyin kimi, xalqını azad, varlı və xoşbəxt görmək istəyirsənsə, o zaman niyə öz xalqını məzlum, yoxsul və bədbəxt etmiş zalım rejimin "ətəyində namaz qılırsan"?! Mən demirəm ki, ölkəmdə hər şey dörd-dördlükdür, güllük-gülüstanlıqdır. Xeyr! Öz ölkəni sevirsənsə, bacarırsansa, sağlam imanın və qadir gücün varsa, Azərbaycanı Avstriyaya, İsveçrəyə çatdır, İrana-Virana niyə döndərmək istəyirsən?! Bakı üçün Vyananın geniş meydanlarınım huzurunu xəyal et, nədən Beyrutun arxa küçələrinin qana bulaşmış qaranlığını arzulayırsan?! Örnək aldığın nə gündədir ki, bizə də gün ağlasın?!

Zəlzələdə evi dağılmış, qışın ortasında çölün düzündə qalmış və sənin canından can olan vətəndaşına əl uzatmayan siyasi mollanın əlini öpürsən. Sonra da o öpdüyün əldən öz ölkən üçün guya daha adil bir "dövlət" umursan. Hər şey bir kənara, elə dinin özü burda hardadır?! Allahın adından "İslam Respublikası" quranların dinini sorğulamaq lazım! Hizbullah ərəbcədən çevirəndə "Allahın ordusu" deməkdir. O adı belə qoyublar. Allahın adından silahlı terror təşkilatı yaradıblar! Bu nəyin kafası?!

Yeri-Göyü, bütün aləmləri yaradan Allahın dövlətə ehtiyacı var?! Onun hakimiyyəti hər zaman, hər yerdədirsə (ki, elədir), sənin despotik mollakratiyan onun nəyinə gərəkdir?! Hələ-hələ partiyası! İraqda, Livanda... seçkilərə qatılıb parlamentdə fraksiyaçılıq etmək! Allahın partiyası olar?! Allah hər cür dünyəvi ehtiyacdan, maraqdan, hər kəsdən və hər şeydən ucadadır. Bu cür avantüralar özü şirk deyilmi?! Allahın adını öz dünyəvi maraqlarına şərik etmək özü də özünü Allaha şərik qoşmaqdır. Anlayacağınız: böyük günahdır!

Siz şəriət dövləti qurmaq xülyasına qapılmış, daha doğrusu, aldanmış Azərbaycanlılar olaraq bunları heç düşündünüzmü?!

Düşünmədinizsə, düşünməyə ehtiyac duymadınızsa, hər şey gün kimi ortada: xarici ölkənin, bu halda İranın xüsusi xidmət orqanlarının onillərlə "əkib-becərdiyi" xainlər ordusunun mənsublarısınız. Bu qədər sadə!

Əlbəttə, bizim qanunlarımızda həbs olunanın da hüquqları var. O hüquqların başında təqsirsizlik prezumpsiyası gəlir. Açması: heç kim məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan cinayətkar hesab edilə bilməz. Burası məlumdur. Təbii ki, hüquq-mühafizə orqanları da hansısa məqamda səhvlər buraxmış ola bilərlər və bu da var. Sosial şəbəkələrdə, mediada bu səhvlər üzərindən dövlətin üzərinə yürüməyə çalışanlar da yox deyil. Hətta çoxdur və çoxalır da. Təbii ki, səhvlərə yoı verilməməlidir, varsa, düzəldilməlidir. Ancaq bunlar məsələnin ümumi məğzini dəyişmir: öz raketini öz millətinin başına atan, hərbi təyyarəni sərnişin təyyarəsi ilə dəyişik salan bir teokratik rejim ölkəmizdəki milli xain hücrələrini hərəkətə gətirib, küçələrimizə, hətta evlərimizə qədər terror daşıyır. Çox miqyaslı və amansız bir təhdidlə üzləşmişik. Belə bir anda hər bir vicdanlı vətəndaş dövlətinin haqlı mübarizəsinə dəstək verməlidir. Dirsək göstərən varsa, deməli, nə isə bir məqsəd güdür. Biz qonşularımızdan, sadəcə, sülh istədik. Onlar bizdən müharibə istəyir. Qanla bəslənən rejimlərin təbiətidir bu. Öz vətəndaşlarını küçənin ortasında güllələyən, zəhərləyən, asan, daşqalaq edən rejimlər, gör, başqalarına nə edər. Əgər bacarsalar. Onların gücünün qarşısında daha güclü olmaqdan ayrı bir yolumuz yoxdur. Güclü olmaq isə elmli, iradəli və birlik olmaqdan keçir. Həm də sağlam inanclı olmaqdan.

P.S. Bu yazını oxuyub sona gəlmisinizsə, sizdə bir sual yarana bilər: İran Azərbaycan dövlətinə hücuma, müharibəyə cürət edərmi?! Bu, ayrı bir söhbətin mövzusudur. Ancaq qısaca bunu deyim: İran zatən hücum edib. Son terror aktlarının izləri İrana aparırsa, elə o deməkdir. Ancaq bu, cürətdən deyil, qəflətdəndir. Başlıcası, qorxudandır. Eyni zamanda bir gerçək var: İran başa düşür ki, Azərbaycana hərbi müdaxilə etsə, qarşısında çox böyük bir koalisiya görəcək. İrana düşmən olan böyük güclər, Tehran rejimi əleyhinə hazır saxladıqları planlarını reallaşdırmaq və Orta Şərqi istədikləri şəkildə şəkilləndirmək fürsəti əldə etmiş olacaqlar. O halda İranı heç Çin də qurtara bilməyəcək. Bu yerdə onu xatırladaq: İranın belə bir avantüraya getməsi - Azərbaycana hücumu Çinin aktiv və ya susqun razılığı olmadan mümkün deyil. Çin isə, məncə, buna razılıq verməz; Pekinin maraqlarına uyğun deyil. Səudiyyə kral ailəsini fars molla rejimi ilə barışdırıb Yaxın və Orta Şərqdə öz varlığını artırmaq istəyən Çin İranın Pekinə gərəkli Orta dəhlizin açar dövləti olası Azərbaycana hücumunu dəstəkləyəcək?! İnandırıcı görünmür.

Bu hadisələrin hərbi ssenari üzrə inkişafı heç Rusiyaya da gərək deyil (hər halda indiki situasiyada). İranın Azərbaycana qarşı hər hansı hərbi avantürasına dəstək vermək ağır sanksiyalar altında inləyən Rusiyanın çox ehtiyac duyduğu Türkiyə ilə toqquşması demək olar. O zaman Türkiyə Azərbaycanı qorumaqla yanaşı Ukraynada kollektiv Qərbin yanına keçər. Bu da Moskvanın arzulamadığı ssenaridir. Odur ki, İranın sərhədlərimizdə keçirdiyi kəllə-mayallaq hərbi manevrlər əslində çox rəzil və hətta gülünc görünür. Ancaq bütün bunlarla yanaşı İran İrandır; ondan hər cür avantüra gözlənilir. Dövlət və millət olaraq sayıq olmaq gərək.
Bahəddin Həzi, Bizimyol.info
Tarix: 6-04-2023, 17:52
Xəbəri paylaş





Xəbər lenti