Azərbaycan idmançılarının İrəvanda nə iti azmışdı? - ŞƏRH


Azərbaycan bayrağının İrəvanda yandırılmasına münasibət bildirən bir çox insanlar idmançılarımızı İrəvana göndərən qurumları qınayırlar. Sual oluna bilər: Azərbaycan idmançıları İrəvana niyə göndərilmişdi? Bu təxribatı gözləmirdilərmi?
Mən Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi adından danışmaq niyyətində deyiləm. Çünki onların İrəvana idmançı göndərərkən nə düşündüklərindən xəbərim yoxdur. Sadəcə, öz təxminlərimi irəli sürmək istərdim.
Fikrimcə, Azərbaycan yetkililəri İrəvanda idmançılarımızın hansı sürprizlərlə qarşılaşacağının fərqində idilər. Hətta bundan daha betər münasibət də gözləyirdilər. Buna rəğmən idmançılarımın İrəvana göndərilməsinə qərar veriblər və bunun siyasi səbəbləri var.
Sirr deyil ki, çoxdan beynəlxalq müstəviyə çıxarılmış Qarabağ məsələsinin və Azərbaycan-Ermənistan münaqişəsinin həllində Qərb dövlətlərinin mövqeyi əsaslı rol oynayır. Qərb dövlətləri isə tərəflərdən münasibətləri normallaşdırmağı, düşmənçilik ritorikalarına son qoyulmasını istəyirlər. Sülhpərvər təşəbbüslərin başında isə idman və mədəni tədbirlərdə əməkdaşlıq, müxtəlif platformalarda bir-birinə yaxınlaşmaq prinsipləri gəlir. Məhz bu səbəbdən Türkiyə də bir müddət əvvəl futbol üzrə milli komandasını İrəvana göndərmişdi və bənzər aqressiv reaksiya ilə üzləşmişdi. Türkiyə-Ermənistan matçında qınanan tərəf yenə rəsmi İrəvan oldu.
Odur ki, Azərbaycan da bu yarışa idmançı göndərməsəydi, sülh çalışmalarını istəməyən tərəf mövqeyinə düşə bilərdi. Yarışın açılış mərasimində ermənilərin məlum barbarlığı onların təxribata meylliyini və Azərbaycanla münasibətlərin düzəldilməsində maraqlı olmadıqlarını bir daha ortaya qoydu. Nəticədə Azərbaycanın indiyədək sərgilədiyi və sərgiləyəcəyi mövqeyə haqq qazandırdı. Bu baxımdan Azərbaycan idmançılarının İrəvana getməsinin həm də geosiyasi əhəmiyyəti vardı və rəsmi Bakı bu istəyinə nail oldu.

Heydər OĞUZ
//OVQAT.com//
Tarix: 15-04-2023, 14:42
Xəbəri paylaş





Xəbər lenti