Azərbaycanda silahlı insidentlər niyə artıb? – Kriminal hesablaşma


Ötən ay ərzində Bakıda baş vermis üç silahlı insidentin fonunda ölkənin müxtəlif yerlərində, xüsusilə paytaxtda tez-tez silah-sursat tapılması xəbərləri diqqəti cəlb edir.
Bu həftə hüquq-mühafizə orqanları Bakının Nərimanov rayonunda silah-sursat, Naxçıvanda isə zirehdələn top mərmisi tapıldığını bildiriblər.
Bundan bir neçə gün öncə isə Bərdədə bir nəfərdə qumbaratan silah aşkarlandığı açıqlanıb.
Mart ayında marketə edilmiş silahlı hücum, Bakı sirkinin yaxınlığında baş vermis silahlı toqquşma və millət vəkili Fazil Mustafanın güllələnməsi ölkədə təhlükəsizlik vəziyyətinin kövrək olduğunu göstərib. BBC-yə danışan bəzi təhilçilər hesab edirlər ki, son 10 ildə odlu silahla törədilən belə kriminal hadisələr daha çox məişət zəminində baş verdiyindən, indi bir ayda dalbadal 3 silahlı hücumun olması təhlükəsizliklə bağlı cəmiyyətdə narahatlığı artırıb.
BBC-yə danışan bəzi Bakı sakinləri silahla edilmiş kriminal halların çoxaldığını düşünür və bundan narahat olduğunu deyirlər.
“Son üç hadisənin odlu silahla yerinə yetirilməsi ölkədə “qeyri-qanuni silahlanmanın artdığını” göstərir ki, həmin silahların da çoxu İkinci Qarabağ müharibəsi zamanı “erməni hərbçilərdən götürülən, lakin dövlətə təhvil verilməyən” silahlardır və Azərbaycan hökuməti də müharibə bitəndən dərhal sonra həmin silahlara nəzarətlə bağlı təcili tədbirlər görməli idi, keçmiş polis rəisi Əlövsət Əliyev BBC News Azərbaycancaya müsahibəsində deyib.
Milli Məclisin üzvü Aydın Mirzəzadə hesab edir ki, ölkədə “bu cür hadisələr arabir olduğu üçün" baş vermis son silahlı hücumların hökumətin təhlükəsizliyi təmin edə bilməməsi kimi qiymətləndirilməsi doğru olmazdı.
Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, İkinci Qarabağ müharibəsindən sonrakı iki il ərzində cinayətlərin illik orta artım faizi əvvəlki illərlə müqayisədə təxminən 3-4 dəfə artaraq 18-20 faizə yüksəlib.
“Çalışırıq, insanların çox olduğu yerə getməyək”
Uzun müddətdir Bakıda yaşayan Gülnarə Dünyamalıyeva təxminən 40 il əvvəl həyat yoldaşı ilə birgə paytaxta köçüb.
66 yaşlı müsahibim deyir ki, Bakıya gəldikləri vaxt 90-cı illərə təsadüf etdiyindən paytaxtda baş verənləri yaxşı xatırlayır.
“O vaxt həm müharibə gedirdi, üstəlik rayonlardan qaçqınlar Bakıya gəlmişdi, vəziyyət qarışıq idi. Ona görə bəzi vaxtlarda sərbəst küçəyə çıxmaq mümkün deyildi, oğurluq olurdu, soyğunçuluq olurdu”, - Gülnarə Dünyamalıyeva BBC Azərbaycancaya bildirib.
Gülnarə həmin hadisələrin tarixdə qaldığını desə də, son bir ayda baş verən silahlı insidentlərdən narahat olduğunu bildirib.
“Nəvələrim məktəbə gedir, hazırlığa gedir, həftəsonları onlarla şəhəri gəzməyə çıxıram. Əlbəttə, günün günorta çağı silahlı hadisələrin törədilməsi adamı narahat edir. Çalışırıq, şəhərə çıxanda insanların çox olduğu yerlərə getməyək”, - paytaxt sakini qeyd edib.
"Kriminallar çoxalıb, ölkədə avtoritar rejim baş almaqdadır, heç kimə söz demək olmur, hamı silah, tapança, adamın üstünə hücum çəkirlər. Əvvəllər belə şeylər olmurdu", - "Bakıda son silahlı atışmalardan narahatsınız?" sualını cavablandıran bir Bakı sakini BBC-yə deyib.
Başqa bir sakin isə hesab edir ki, “təqsirkarların hamısı tezliklə öz cəzasına çatacaq".
Paytaxtda nə baş verib?
Son günlər Azərbaycanda geniş müzakirələrə səbəb olan silahlı insidentlərin birincisi martın əvvəlində Xətai rayonunda yerləşən marketin girişində baş verib. Bir qrup silahlı şəxs supermarketin qarşısında bankomata yaxınlaşmaq istəyən inkassator maşınının əməkdaşlarına hücum edib.
Bir nəfərin ölümü və bir nəfərin yaralanması ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən dörd nəfərdən 3-ü həbs olunub, digəri isə “polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib”, -Daxili İşlər Nazirliyi hadisədən bir neçə gün sonra açıqlamışdı.
Bu hadisədən təxminən bir həftə sonra, martın 10-da isə Bakı Dövlət Sirkinin yaxınlığında atışma qeydə alınıb. Hüquq mühafizə orqanlarının açıqlamasına görə, qabaqcadan əlbir olan bir qrup silahlı şəxs şəxsi münasibətlər zəminində digərini öldürməyə cəhd edib və bu zaman təsadüfən hadisə yerində olan iki nəfər müxtəlif xəsarətlər alıb.
Daxili İşlər Nazirliyi atışmada şübhəli bilinən iki nəfəri saxladığını və onlar barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbirinin seçildiyini qeyd edib.
Sonuncu silahlı hadisə isə martın 28-də axşam saatlarında yaşadığı evin qarşısında deputat Fazil Mustafaya qarşı baş verib. Sui-qəsd zamanı millət vəkili iki güllə yarası alsa da, xoşbəxtlikdən bu, onun həyatı üçün ciddi təhlükə yaratmadı. Rəsmi qurumlar Fazil Mustafaya qarşı edilən silahlı hücumu “terror” kimi qiymətləndirdi. Hüquq-mühafizə orqanları hadisədən bir həftə sonra deputata qarşı edilən terrorda şübhəli bilinən 6 nəfəri həbs etdiyini açıqlayıb.
Silahlı insidentlər narahatlığı niyə artırıb?
Təhlükəsizlik və kriminalistika məsələlərini işıqlandıran müstəqil jurnalist Səxavət Məmməd hesab edir ki, baş vermiş hər üç silahlı hadisə ilə bağlı həbs olunanlar olsa da, insidentlərin odlu silahla yerinə yetirilməsi və təsadüfən hadisə yerində olan sadə vətəndaşların xəsarətlər alması insanlar arasında narahatlıq yaradan əsas səbəbdir.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində baş verən cinayətlərin böyük əksəriyyəti məişət səviyyəsində və ya mübahisə zəminində olduğu üçün insanlar “odlu silahla soyğunçuluq, kriminal şəxslər arasında atışma və ya rəsmi şəxslərə qarşı sui-qəsd” kimi hadisələrə və bu hadisələrin ard-arda baş verməsinə “öyrəncəli deyillər”.
Siyasi psixoloq Samirə Qasımlı deyir ki, hüquq-mühafizə orqanlarının silahlı hadisələrlə bağlı ictimaiyyətə dolğun məlumat verməməsi də insanlar arasında narahatlığı artıran amillərdəndir.
Onun fikrincə, hadisəni törədənlərin sosial vəziyyəti, təhsil səviyyəsi, eləcə də digər məlumatları barədə informasiya verilmədiyi üçün cəmiyyətdə hər kəs bu hadisələri müxtəlif cür izah etməyə başlayır və nəticədə şayiələrin, konspirologiyaların ortaya çıxmasına zəmin yaranır.
“Bu zaman sadə vətəndaşlarda yaranan narahatlıq uzunmüddətli mərhələyə keçir. Bu isə insanlar arasında təhlükəsizlik, güvən hissinin aşağı düşməsi ilə əvəzlənir”, - Samirə Qasımlı bildirib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib ki, hüquq mühafizə orqanları ölkədə təhlükəsizliyi təmin etmək üçün "bütün zəruri addımları" atır və o, son baş verən insidentlərin ölkədə təhlükəsizliyin təmin olunmaması kimi təqdim edilməsinin əleyhinədir.
“Baş verən istənilən insident tez nəzarətə götürülür, araşdırılır və qabaqlayıcı tədbirlər görülür. Çox təəssüf ki, belə hadisələr ara-sıra olur, amma bu, heç də Azərbaycanda təhlükəsizliyin aşağı olması demək deyil. İnsanlar rahat şəkildə şəhərdə gəzə bilirlər, insanlar evlərinin və digər mülklərinin təhlükəsizliklərinin fərqindədirlər. Azərbaycan hökuməti vətəndaşının təhlükəsizliyini həmişə yüksək səviyyədə qoruyur və bundan sonra da qoruyacaq”, - deputat qeyd edib.
O əlavə edib ki, həm dövlətin, həm də ayrı-ayrı vətəndaşların təhlükəsizliyini qorumaq üçün “bütün qanunlar mövcuddur və vaxtaşırı olaraq da təkmilləşdirilir”.
Qanunsuz silahlar mülki əhalinin əlinə necə keçib?
Odlu silahla törədilən cinayətlərin daha çox İkinci Qarabağ müharibəsindən sonra artdığını düşünən jurnalist Səxavət Məmməd bunu erməni hərbçilərdən götürülən silahların Azərbaycanda “qanunsuz olaraq mülki əhalinin əlinə keçməsi” ilə izah edir.
“Müharibə bitəndən sonra, xüsusilə Füzuli və Beyləqan istiqamətlərində həmin silahların mülki şəxslər tərəfindən satılmasının şahidi olmuşam. Düzdür, o vaxt hüquq-mühafizə orqanları həmin şəxslərdən bəzilərini saxlasa da və bəzi silahlar müsadirə edilib mülki əhalidən götürülsə də, bu silahların heç də hamısı əhalidən yığılmadı. Son bir ay ərzində hüquq mühafizə orqanları təkcə "Kalaşnikov" yox, iki dəfə pulemyotun satılması faktını aşkarlayıblar”, - Səxavət Məmməd bildirib.
“Təbii ki, qaçaqmalçılıq yolu ilə də silahlar gətirilir. Lakin sərhəddən qaçaqmalçılıq yolu ilə silah keçirilməsi imkanı aşağı düşüb. Tək Azərbaycanda yox, müharibə keçən digər ölkələrdə də müharibədən sonra cəmiyyətdə silahların artdığı müşahidə edilib”, - jurnalist əlavə edib.
Rəsmi qurumlar baş verən cinayətlərlə bağlı açıqlamalarında silahlı insidentlər zamanı istifadə olunan silahların haradan və necə əldə edilməsi barədə heç bir məlumat verməyib.
Daxili İşlər Nazirliyi bununla bağlı BBC Azərbaycancanın sualına cavab olaraq, bu istiqamətdə “araşdırmaların aparıldığını” bildirib, Baş Prokurorluqdan isə cavab almaq mümkün olmayıb.
Dövlət Statistika Komitəsinin son 20 il üzrə yaydığı məlumatlara görə, 2020-ci il müharibəsinə qədər ölkədə baş verən cinayət hallarının illik orta artım tempi 5-7 faiz arasında dəyişib. Bəzi illərdə azalmalar da qeydə alınıb, lakin İkinci Qarabağ müharibəsindən sonrakı iki il ərzində cinayətlərin illik orta artım faizi təxminən 3-4 dəfə artaraq 18-20 faizə yüksəlib.
Uzun müddət polis orqanlarında işləmiş keçmiş polis rəisi Əlövsət Əliyev BBC Azərbaycancaya bildirib ki, müharibədən sonra əhali arasında odlu silahların artması və insidentlərin baş verməsi gözlənilən olsa da, hökumətin “vaxtında qabaqlayıcı tədbirlər görməməsi” bu təhlükəni daha mürəkkəb formaya çevirib.
O hesab edir ki, cinayətkarlıqla mübarizədə, eləcə də qanunsuz silahların əldə edilməsinin qarşısını almaq üçün həvəsləndirmə tədbirləri keçirilməlidir.
“Təəssüf ki, Azərbaycanda cinayətkarlıqla mübarizədə zor tətbiq olunur. Cinayətkarlığa qarşı mübarizədə ciddi islahatlar aparılmalıdır. Qanunsuz silahların yığılması ilə bağlı insanların düşüncəsində dəyişiklik etmək lazımdır. İnsanlar polisə dost kimi baxmalıdır. İnsanlar cinayətə qarşı barışmaz mövqe sərgiləməlidir. Bunun üçün Azərbaycan rəhbərliyi uzun müddətli həvəsləndirmə tədbirləri həyata keçirməlidir”, - Əlövsət Əliyev deyib.
Onun fikrincə, insanlar polisə güvənməlidir və bilməlidir ki, onun verdiyi informasiya ona qarşı deyil, cinayəti törətmiş şəxsin tapılması və cəzalandırılması üçün istifadə ediləcək.
Sosial amil
Səxavət Məmməd hesab edir ki, odlu silahla bağlı və ümumiyyətlə cinayətkarlığın artması həm də insanlar arasında aqressivliyin yüksəlməsindən qaynaqlanır.
Onun sözlərinə görə, cəmiyyətin aqressivləşməsinə İkinci Qarabağ müharibəsi və bu müharibədən sonra davam edən hərbi əməliyyatlar, İran-Azərbaycan arasında davam edən gərginlik, eləcə də insanların sosial-iqtisadi vəziyyəti təsir göstərir.
Əlövsət Əliyev də insanların sosial vəziyyəti ilə cinayətkarlığın artması arasında məntiqi əlaqənin olduğunu bildirib.
“Əgər İran kiməsə pul verib cinayət törətməyə sövq edirsə, deməli, insanların maddi çətinliyi var. Əgər dükana hücum olunursa, inkassatora hücum olunursa, bu da insanların daha yaxşı yaşama arzusu ilə bağlıdır”, - Əlövsət Əliyev deyib.
Gələcəklə bağlı narahatlıq
Bakı sakini Gülnarə Dünyamalıyeva artıq nəvələrini məktəbə və hazırlığa bəzən özü, bəzən də gəlininin aparıb-gətirdiyini deyir.
“Gedib-gələndə çalışırıq ictimai nəqliyyatdan az istifadə edək və bəzən insanların çox olduğu yerlərdən keçməmək üçün daha uzun məsafə qət edirik”, - o əlavə edib.
Samirə Qasımlı deyir ki, baş verənlər cəmiyyətdə kütləvi qorxu yaratma və ya insanların çox olduğu yerlərə getməkdən çəkindirəcək miqyasda deyil.
Lakin o hesab edir ki, növbəti silahlı insidentlərin baş verməsi cəmiyyətdə bu cür insanların kütləvi davranışlarında böyük dəyişikliklər yarada bilər.
“Hakimiyyətin bugünədək özünün uğuru kimi təqdim etdiyi fikir o idi ki, Azərbaycanda sabitlik var, insanlar rahat şəkildə küçədə gəzə bilirlər. Hökumətin dili ilə desək, intensiv silahlı insidentlər 90-cı illərdə qalmışdı. Lakin son baş verənlər göstərdi ki, bu illər ərzində zor gücünə qorunan sabitlik kövrək olub”, - siyasi psixoloq qeyd edib.
Parlamentin üzvü Aydın Mirzəzadə isə bu iddialarla razılaşmır. Onun sözlərinə görə, müxtəlif vaxtlarda da odlu silahla törədilən mütəşəkkil cinayətlər olub, lakin bu cür hadisələr dərindən araşdırılaraq cinayətkarlar öz cəzalarını alıblar.
Onun sözlərinə görə, bu qədər mürəkkəb coğrafiyada yerləşən Azərbaycanda bu cür cinayətlərin ara-sıra baş verməsi əslində görülən tədbirlərin “kövrək olmadığını” üzə çıxarır.
Tarix: 21-04-2023, 11:09
Xəbəri paylaş





Xəbər lenti