Qiymət artımı: səbəb və nəticə: “Əhali reallığa alışmalıdır” - NƏ EDƏ BİLƏRİK Kİ?..

Qiymət artımı: səbəb və nəticə: “Əhali reallığa alışmalıdır”
İyunun 30-da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edildi və nəticədə qiymət artımı oldu. Eyni zamanda Aİ-92 markalı benzinin və dizel yanacağının da qiyməti artırıldı.

Qərar əhali tərəfindən passiv etirazla qarşılandı. Bir müddət öncə də ictimai nəqliyyatda qiymət artımı olmuşdu. O zaman bu qərarın keyfiyyətin artırılması üçün labüd olduğu bildirilmişdi. Lakin həmin vaxtdan – 31 yanvar 2023-cü ildən bəri vəd edildiyi kimi xidmətdə keyfiyyətin yüksəldilməsi ilə bağlı hansısa gözəçarpan dəyişiklik müşahidə edilmir.

Bu halda növbəti qiymət artımının da səmərəsiz olacağı düşünülür. Nəzərə alsaq ki, ölkədə əhalinin əskəriyyəti maaşlarda artım olmamasından narazıdır, bu zaman indiki halda ictimai nəqliyyatda qiymət artımını zəruri edən şərtlər nələr olub? Bu artım digər sahələrdə də bahalaşmaya səbəb olacaqmı? Qiymət artımı bundan sonra da davam edəcəkmi?

Mövzu ilə bağlı AYNA-ya danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, yeni tariflər daşıyıcı şirkətlərin təklifləri əsasında müəyyənləşib: “Daşıyıcı şirkətlərin hesablamalarına görə, Bakı şəhərində bir sərnişinin daşınma xərci, təxminən, 60-70 qəpiyə başa gəlir. Hazırda məsələ dövlət tərəfindən tənzimləndiyi üçün o qədər də böyük bir artım olmadı. Daşıyıcı şirkətlər borc içindədir. Xüsusuilə də pandemiyadan sonra bu proses daha qabarıq şəkildə özünü göstərdi. Nəticədə bu gün daşıyıcı şirkətlərin bir çoxu inkişaf edə bilmir. Dövlət tərəfindən onlara yeni, müasir, komfortlu avtobuslar gətirmək və insanlara daha keyfiyyətli xidmət göstərməklə bağlı tələb qoyulub. Son illərdə avtomobil sektorunda kifayət qədər qiymət artımı baş verib və ən çox da ehtiyat hissələrinin, sürtkü yağlarının qiyməti, yanacağın özünün bahalaşıb. İctimai nəqliyyatda gedişhaqqı isə təxminən eyni qalmışdı. Nəzərə almaq lazımdır ki, daşıyıcı özəldir və bu zaman onların inkişaf etmək imkanları məhdudlaşır”.

Həmsöhbətimizin fikrincə, ictimai nəqliyyatda vəziyyət əvvəlki illərlə müqayisədə müsbətə doğru dəyişib: “Əvvəllər sürücülər gündəlik plan verirdilər. O zaman da sürücü planı toplamaq üçün fasiləsiz işləyir, yorğun olur, avtobusu təhlükəli idarə edirdi. Bu gün isə avtobuslar iki sürücü tərəfindən istifadə olunur və sürücülərin iş, istirahət rejiminə xüsusi nəzarət edilir”.

“Düzdür, hələ də neqativ hallar var, amma digər sahələrdə olduğu ki, ictimai nəqliyyatda da inkişaf başlayıb və bu proses mərhələli şəkildə davam edir. Daşıycı şirkətlər qarşısında tələblər qoyulur ki, yeni və komfortlu, xüsusilə də elektrikli avtobuslar alsınlar. Elektrikli avtobusların qiyməti isə kifayət qədər bahadır. Bir avtobus, təxminən, 600 min manat dəyərindədir”, - deyə Muradlı vurğulayıb.

İqtisadçı ekspert Toğrul Vəliyev isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, ictimai nəqliyyatdakı qiymət artımını daşıyıcı şirkətlərin zərərlə işləməsi ilə əlaqələndirmək doğru olmaz: “Şirkətlər heç vaxt xeyriyyəçiliklə məşğul olmayıblar. İndiyə kimi mövcuddurlarsa, deməli, tam da zərərlə işləmirlər. Məsələ ondadır ki, bu sahə - ictimai nəqliyyat bizdə düzgün tənzimlənmir. İstər qonşu, istərsə də beynəlxalq təcrübədən fərqlənir. Yəni bizdə ictimai nəqliyyat ictimai deyil. Bu sahə ilə bağlı hökumətin siyasəti “kim nə qazandı, qazandı” yanaşması əsasındadır. Amma yanaşma belə olmamalıdır. İctimai nəqliyyatda müəyyən dövlət siyasəti həyata keçirilməlidir. Ya daşıyıcı şirkətlərə dotasiyalar ödənilməlidir, ya da müxtəlif növ müqavilələrdən istifadə edilməlidir. Bizim yeni model yaratmağa ehtiyacımız yoxdur. Burada tənzimləmə ilə bağlı müxtəlif növ hazır modellər var ki, onlardan istifadə etməliyik”.

Müsahibimiz söyləyib ki, Azərbaycanda ictimai nəqliyyatda qiymət artımına paralel hansısa güzəştlər tətbiq edilmir: “Məsələn, qonşu ölkələrə baxdığımız zaman ictimai nəqliyyatda qiymətin bizdən bir qədər yüksək olduğunu görə bilərik. Amma onlarda aylıq, illik biletlər, pensiya alanlar, uşaqlar üçün ödənişsiz, tələbələrə endirimli gedişlər verilir. Bizdə isə qiymət artımı olsa da, əhali üçün belə imkanlar yaradılmır. Eyni zamanda qiymət artımı fonunda ictimai nəqliyyatda keyfiyyətin yüksəldilməsini də görmürük”.

Mütəxəssis diqqətə çatdırıb ki, qiymət artımı ilə bağlı qərarverici qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Maliyyə və İqtisadiyyat nazirlikləri ilə məsləhətləşmələri əsasında qiyməti artımı ilə bağlı qərar verilib. Səbəbinə gəlincə isə öncədən də qeyd etdiyim kimi, bunu daşıyıcı şirkətlərin zərərlə işləməsi ilə əlaqələndirmək doğru olmaz. Ola bilsin, daşıyıcı şirkətlər müəyyən müraciətlər ediblər, amma dəqiq səbəb və reallıq barədə məlumat verilmir”.

Benzin və dizel yanacağında qiymət artımının digər sahələrdə də bahalaşmaya səbəb olacağı barədə danışan Vəliyevin fikrincə, bu, daşımalara ciddi təsir göstərəcək: “Buna görə biz təxmin edə bilərik ki, müəyyən müddətdən sonra həm ərzaq, həm də digər məhsulların qiyməti bir qədər artacaq. Yanacağın qiymət artımı sahibkarlara, şirkətlərə də qiymət artımı üçün şərait yaradır. Yəni ola bilsin ki, artımın onlara təsiri minimum olsun, amma buna baxmayaraq, onlar qiyməti artırırlar”.

“Bunun fonunda dövlət müəyyən addımlar atmalıdır. Yəni müəyyən sahədə qiymət artımı olubsa, onu insanlar üçün kompensasiya etməkdən ötrü addımlar atılmalıdır. Lakin təəssüf ki, bizdə buna ümid yoxdur. Ona görə ki, bununla bağlı konkret bir mexanizm mövcud deyil. Buna görə də istər minimal pensiya, istərsə də əmək haqqının artması ilə bağlı addım atılacaqmı, bilmək olmur. Maaş, pensiya, təqaüd və müavinətlərin artırılması ilə bağlı ciddi dəyişiklik gözlənilmir. Hökumətin bu addımı atmasında səbəblərdən biri də keçən illə müqayisədə bu il inflyasiyanın aşağı olması və əlavə təsirlərinin olmaması ilə bağlıdır. Rəsmi statistikaya görə, maaşlar müəyyən qədər artıb. Yəni qiymət artımı fiskal tənzimləmə, əlavə yaranmış vəsaitlərin büdcəyə ayrılması məqsədi daşıyıb”, - deyə iqtisadçı vurğulayıb.

Əlavə edib ki, Azərbaycanda iqtisadi problemlər davam edir: “İqtisadiyyatda ciddi bir irəliləyiş, artım yoxdur. Yeganə artım dövlət investisiyaları hesabına baş verir. O da əsasən işğaldan azad olunmuş torpaqların bərpası ilə bağlıdır. Ehtimal etmək olar ki, qiymət artımı bundan sonra da davam edəcək. Nəzərə almaq lazımdır ki, bu il COP29 ilə bağlı müəyyən vəsaitlər ayrılıb, seçkilər keçiriləcək. Bu da deməyə əsas verir ki, yaxın gələcəkdə qiymət artımı dayanmayacaq. Faktiki olaraq əhali bu reallıqla yaşamağa öyrəşməlidir”.
Tarix: 4-07-2024, 16:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}