"Biləcəridən o tərəfə" keçməyən telekanallarımız və "Haber Global"... - Yeni layihə adımıza layiq olacaqmı?




Azərbaycanda telekanalların vəziyyətini və səviyyəsini bir kəlmə ilə təqdim etmək lazımdırsa, ancaq bunu demək olar - telekanalizasiya! Çünki respublikada yayımlanan telekanallar hər növ zir-zibili vacib informasiya kimi tamaşaçıya sırıyır: Banqladeşdə daşqınlar olub, İndoneziyada ildırımvurmadan adamlar ölüb, Hindistanda kəndləri sel aparıb, Fransa batır, Almaniya çökür, bir Azərbaycan gül-çiçəkdir... Sözsüz ki, bu informasiya siyasəti telekanalizasiyaları banal hala gətirib çıxarıb. Onsuz da tik-tok, instaqram, yutub, feysuk kimi platformalar olan bir əsrdə insanlar vacib məlumatları əldə edə bilirlər, artıq telekanalların yaydığı gecikmiş, köhnə xəbərləri izləməyə ehtiyac yoxdur, amma bu əsas vermir ki, Azərbaycanda TV-lər öz keyfiyyətini yaxşılaşdırmasınlar. Təkcə ictimai-siyasi informasiya bloku deyil, bədii-əyləncəli, sosialyönümlü verilişlərə baxanda ürəkbulanmadan güclə dayanırsan: biri arvadını axtarır, biri ərə getmək istəyir, kənd arvadlarının qeybəti efirlərə daşınır, toyxanaya, bazara çevrilir teleməkan...
Yəni hansı tərəfdən baxsan ölkənin televiziya mühiti üfunət qoxuyur. Təbii ki, burada boz senzura da böyük rol oynayıb. Ona görə də hakimiyyətin media siyasəti yenilənməyə hamilədir, belə buxovlanmış informasiya məkanı qaz kimi sıxılmağa çox tab gətirə bilməz, şar kimi partlamağa məhkumdur. Çünki hazırda gördüyümüz eybəcər şərait həm keyfiyyətsiz bir efir məkanı bizə təqdim edir, həm səviyyəsizlik dibə çatmaqdadır, həm insanlar bu telekanallardan iyrəniblər və heç üzünü açmırlar, həm də bu monoton efirlərlə dövlətin öz siyasi kursuna da fayda gətirmək mümkün deyil. Azərbaycan mürəkkəb coğrafiyada yerləşir, siyasi kövrəkliyi olan regiondur, şimal və cənub qonşularımız müharibə içindədirlər, bizə də proseslərin siyasi təsirləri qaçılmazdır, o cümlədən postmünaqişə dövründə iqtidarın ictimai rəyə təsir gücünü artırmaq, öz reputasiyasını yaxşı saxlamaq zərurəti var və bütün bu elementlərin fonunda biz AzTV kimi boz bir dövlət televiziyası, eyni materialları dönə-dönə təkrar verən Real TV, özü deyib, özü eşidən İctimai TV, eyni şərhçiləri hər gün 5 dəfə danışdıran ARB24 ilə heç yerə gedə bilmərik. "Biləcəridən o tərəfə" keçmək üçün bu telekanallar kanalizasiyadan çıxarılmalıdır. Biz hələ "palatka" toylarına oxşayan və dedi-qodu, səviyyəsiz məişət mövzuları, şit-şit müğənnilərlə hər gün efiri sarı, mavi, nə rəngə desən boyamış ATV, Xəzər, ARB, Space haqda heç danışmırıq. İş orasıdır ki, "Biləcəridən o tərəfə" getmək istəyəndə də yenə üz-gözlərinə bulaşdırdılar. Söhbət Türkiyədə yayımlanan və Azərbaycanın maliyyəsi ilə fəaliyyət göstərən "Haber Global" layihəsindən gedir. Dövlət bu telekanalın açılmasına dəstək verəndə hədəf səviyyəli bir iş ortaya qoymaq, 85 milyonluq Türkiyə cəmiyyətində, türk dünyasında Azərbaycanın maraqlarını ifadə etmək, qardaş ölkənin tribunasından dünyaya açılmaq idi. Bunun üçün "Haber Global" nəhəng ofis, müasir avadanlıqlarla təchiz edildi, böyük pullar ayrıldı, türkiyəli aparıcılardan, redaktorlardan, texniki heyətdən ibarət peşəkarlardan bir  komanda formalaşdırıldı, di gəl çi faydası?! Nəticəsi nədir indi? Heç Türkiyənin teleməkanında tam olaraq özünü təsdiqləyə bilmədi. Yəni o da "Biləcəridən o tərəfə" keçib İstanbulda ilişib qaldı. Yəni dünyada televiziya kimi mühüm bir informasiya silahından istifadə etmək yerinə, hər işi belə bərbad edirik. Azərbaycandakı TV-lər bu gündə, "Haber Global" da o gündə... İndisə AzNeWs qlobal bir proje ilə dünyaya çıxmağa hazırlaşırıq. Burada miqyas daha genişdir, 100-dən çox ölkədə yayımlanacaq, xarici jurnalistlər proyektə cəlb olunub, Azərbaycanın Əl-Cəzirəsi olmaq hədəfi var. Əgər bu da "Atletiko Madrid" klubunun forması üzərinə "Land of fire" yazılması üçün 20 milyon xərcləməyə oxşayacaqsa, onda indidən buna da bir "quş" demək olar. Amma bu dəfə daha professional bir yanaşma olduğuna görə Azərbaycan adına layiq bir media layihəsi olacağına inanırıq, qalır o inamı doğrultmaq...
ANAXEBER.INFO
Tarix: Dünən, 16:53
Xəbəri paylaş





Xəbər lenti