Kömək etmək istədiyi qadın başına nə oyunlar gətirdi?

Kömək etmək istədiyi qadın başına nə oyunlar gətirdi?
Vətəndaş Ali Məhkəmədə haqqın bərpa olunacağına ümidlidir

Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 53 mənzil 3 də yaşayan Abdulrəhmanova Nübar İlqar qızı redaksiyamıza müraciət edib. O, etibarından sui-istifadə edilərək aldanıldığını iddia edib.

Onun bildirdiyinə görə 2014-cü ilin yay aylarında Qara Qarayayev metro keçidində işlədiyi hicab əşyalarının satıldığı dükana bir hamilə xanım gəlib. İmkanı olmadığı üçün ona köməklik etməsini istəyib. Əvəllər ona yemək və geyim əşyaları almaqla yardım edib. Tez-tez onun yanına gələrək onun köməyindən istifadə edib.


“Uşağın dünyaya gəlməsi xərclərini də özüm çəkdim”



Şikayətçi xanım bundan sonra başına gələnləri anlatmağa başlayıb: “Sonradan yaxın münasibətimiz yarandı, həmin qadının Bağırova Zərifə Məhərrəm qızı olduğunu öyrəndim. Hamiləliyinin son dövründə onun xəstəxanaya aparılması və xərclərin ödənilməsini də öz üzərimə götürdüm. Mirhüseyn adlı oğlu dünyaya gəldi.

Bu qadın mənə bildirdi ki, sən mənə çox yaxşılıqlar edibsən. Gəl öz adıma və sənin adına kredit götürək. Mən şirniyyat sexi açım. Mən bu qadının sözlərinə inanaraq ATRA bankdan 1800 dollar, “Maqnit” mağazalar şəbəkəsindən 3557 manatlıq soyuducu və televizor , “Optimal” mağazasından 2136 manatlıq soyuducu, “Kontakt” mağazasından isə 2496 manatlı soyuducu və televizor götürərək Zərifəyə verdim. Həmin vaxt özü isə müxtəlif banklardan 10 minə yaxın kredit götürdü.

Əvvəlcə evində şirniyyat bişirib dükanlara paylayırdı. Bildirirdi ki, bu işi genişləndirib sex açacaq. 2014-cü ilin dekabr ayında metro keçidlərindəki dükanlar bağlandıqdan sonra mən özüm də işsiz qaldım. O, təklif etdi ki, dayə kimi oğlu Mirhüseynə baxim. Razılaşdıq və hər gün üçün 10 manatdan verəcəyini dedi. Amma buna görə də mənə heçnə ödəmədi. Mən isə ondan asılı vəziyyətə düşmüşdüm. Ona görə də ümid edirdim ki, işləri düzələr həm kreditləri ödəyər, həm də mənim dayə kimi işlədiyim əməkhaqqımı qaytarar. Bu minvalla 10 ay onun uşağına baxdım. Bu ərəfədə o bizim evə gəlib gedirdi. 2015-ci il 19 iyunda mən nişanlandım. Bir neçə gün sonra məlum oldu ki, nişan üçün gətirilən qızıl-zinət əşyaları evdə yoxdur. Dərhal Zərifəyə zəng etdim. Qızılları götürdüyünü etiraf etdi. Bildirdi ki, lombarda qoyub pul götürəcək. Bu ərəfədə mənim səhvim ondan ibarət oldu ki, mən ona razılıq verdim ki, daha keçib qızılları öz adıma lombarda qoyub min manat da pul götürüb ona verdim. Əlavə olaraq 2000 manat isə mənim qızıllarımın hesabına o öz adına pul götürdü.

“Körpə oğlunu üstümə atıb yoxa çıxdı”



Ondan sonra bu qadın yoxa çıxdı. Uşağını da mənim üstümə atıb getdi. Mən daha tam aldandığımı bildikdən sonra 2015-ci ilin sentyabrın 11-də Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə müraciət etdim. Başıma gələnləri yazılı surətdə təqdim etdim. Bağırova Zərifə Məhərrəm qızının 1 yaş 8 aylıq Mirhüseyn adlı oğlunu da polisə təhvil verdim.

Bundan sonra təhqiqat və istintaq başlanıb. Mən zərərçəkmiş kimi tanınmışam. Amma onu da qeyd edim ki, 24-cü Polis Bölməsinin keçmiş rəisi Etibar Balakişiyev mənim izahatlarımda dəyişiklik edib. Bunu sonradan mən iş materialları ilə tanış olarkən bildim. Eləcə də Nizami Polis İdarəsinin müstəntiqi Nicat Naibovun da birmənalı olaraq Zərifə Bağırovanın maraqlarına xidmət etdiyi görünürdü.

Nəhayət cinayət işi məhkəmə göndərildi. Amma adıma götürülən məişət əşyaları və kreditlə bağlı hissəyə toxunulmayıb. Hətta əşyaların mənim tərəfimdən qəbul edilmədiy, yalnız müqavilədə mənim imzam olması halları barədə araşdırılma aparılması barədə dediklərimə məhəl qoyulmayıb.Yalnız oğurluq epizodu ilə bağlı Bağırova Zərifə Məhərrəm qızına 177.1 maddəsi ilə ittiham irəli sürülüb. 2017-ci ilin iyulun 16-da Nizami rayon məhkəməsinin hakimi Rauf Əhmədov ona bəraət verdi. Mən apellyasiya şikayəti verdim. Həm də dövlət ittihamçısı Cövdət Mehrəliyev apellyasiya protesti verdi.

Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə bağlı prosesdə də araşdırılma aparılmadı. 18 vəsatət versəm də heç biri təmin olunmadı. Bakı Apellyasiya məhkəməsi 18 sentyabr 2017-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarını qüvvədə saxladı.

Artıq dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarından kassasiya protesti verib. Yanvarın 16-da hakim Fərhad Kərimovun sədrliyi ilə proses keçiriləçək . Ümid edirəm ki, iş yenidən apellyasiya məhkəməsinə qaytarılararq Zərifə Bağırova barəsində layiqli cəza tətbiq ediləcək”.

“Onun necə insan olması öz övladına münasibətdən bəllidir”



Sonda Nübar Abdulrahmanova onu aldadan qadının əməlləri və ailə vəziyyətində yaranan problemlərə də toxunub: “Sonradan öyrənmişəm ki, Zərifə Bağırova əlavə olaraq mənim kimi 8 nəfəri də aldadıb. Onlar da şikayətçi olublar, amma Zərifə Bağırovanı himayə edən hansısa qüvvələr şikayətçiləri axıra kimi getməyə imkan verməyib. Bu adamın necə bir şəxs olması onun öz övladına münasibətdən bəlli olur. Övladına yiyə durmadığına görə oğlu “körpələr evi”nə verildi. Bu yaxında uşağa baş çəkmək üçün ora getdim. Mənə bildirdilər ki, anası bir dəfə də olsa, övladına baş çəkmək üçün “Körpələr evi”nə getməyib.

İndi mənim vəziyyətim çox ağırlaşıb. Banklara olan borclar faizləri ilə artaraq 18 min manatı keçib. Anam bütün bu məsələlərə görə ağır sarsıntı keçirib 2017-ci ilin fevralında insult olub. Hazırda iflic olaraq yataq xəstəsidir. Özüm də yenicə ailə qurmuşam. Bütün bu problemlərin həyat yoldaşımın üzərinə yüklənəcəyindən çox qorxuram. İmkansızlıqdan vəkil də tuta bilmirəm”,- deyə şikayətçi bildirib.

azadliq.info
Tarix: 5-01-2018, 23:04
Xəbəri paylaş





Xəbər lenti