“Namusum övladlarımdan da üstündür”- arvadını öldürüb, uşaqlarını yetim qoyub

“Namusum övladlarımdan da üstündür”- arvadını öldürüb, uşaqlarını yetim qoyub
Keçmiş həyat yoldaşını amansızlıqla övladlarının gözü qarşısında öldürən şəxsə 18 il cəza kəsilib. Sonuncu məhkəmə prosesində hadisənin təfərrüatları ilə bağlı bəzi məqamlar üzə çıxıb. Qətlə yetirilən qadının atası keçmiş kürəkəninə ömürlük cəza istəyib.

Musavat.com xəbər verir ki, qətl törətməkdə təqsirləndirilən Ramil Şükürovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutub.

İttiham aktında yazılır ki, Ramil Şükürov 2003-cü ildə Xəyalə Həsənova ilə evlənib. 2016-cı ildə ailə münaqişəsi zəminində ayrılıblar. Onların birgə nikahdan 4 uşağı dünyaya gəlib.

Boşanan zaman Sumqayıt şəhər Məhkəməsində Ramil Şükürovdan hər uşağa 117 manat olmaqla, 468 manat alimentin tutularaq Xəyalə Həsənovaya verilməsi ilə bağlı qətnamə qəbul edilib. Amma bir neçə ay keçsə də, Xəyalə Həsənova alimenti ala bilməyib. Alimentə görə başlayan mübahisələrdən sonra Ramil Şükürov uşaqlarının anasını öldürmək qərarına gəlib.

2017-ci il iyunun 4-də R.Şükürov avtomobili ilə gedərkən keçmiş həyat yoldaşını Sumqayıtda yerləşən “Ruzi” marketin yanında görüb və evə gedərək bıçaq götürüb. Xəyalənin yanında anası və 4 uşağı da olub. Şükürov xüsusi amansızlıqla, 17 bıçaq zərbəsi vuraraq Xəyaləni öldürüb. Amma Ramil Şükürov qətli alimentə görə yox, namusuna görə törətdiyini iddia edir. R.Şükürov özünü təqsirli bilib və söyləyib ki, arvadını öldürmək üçün bir il onu izləyib.

O, iddia edib ki, arvadı başqa kişi ilə telefonla danışırmış: “Evdə yatanda qapının açıldığını eşitdim. Yuxudan ayılıb telefonuma baxmaq istədim ki, görüm zəng gəlibmi? Telefonumu tapa bilmədim. Xəyaləni səslədim. Gördüm evdə yoxdur. Onda bildim ki, Xəyalə telefonumu götürüb. Evdən çölə çıxdım. Qonşunun telefonu ilə öz nömrəmə zəng elədim. Gördüm məşğuldadır. Təxminən 40-45 dəqiqə dayanmadan öz nömrəmə zəng elədim, baxdım yenə məşğuldadır. Sonra Xəyalə qonşuluqda yaşayan ailəli qadınla evə gəldi. Qadın bir az oturdu. Bu vaxtı Xəyalədən heç nə soruşmadım. Bir-iki saat keçdi, qonşu getdi. Onda Xəyaləni çağırdım. Ondan harada olduğunu və telefonumla kimlə danışdığımı soruşdum. Xəyalə mənə dedi ki, telefonla o, yox, qonşunun qızı danışıb. Bu zaman özümdən çıxdım. Xəyaləyə dedim ki, gedib o qızdan soruşacam. O isə bunun ayıb olduğunu, qıza heç nə deməməyimi xahiş elədi. İçim içimi yeyirdi. Nədənsə Xəyaləyə inanmağım gəlmirdi. Xəyaləni də götürüb, həmin qonşu qız gilə getdim. Qızdan mənim telefonumla danışıb-danışmadığını soruşdum. Qız isə mənim telefonumla heç kimlə danışmadığını dedi. Xəyaləni götürüb evə gəldim. Başladım onu döyməyə. Başına yumruqla zərbələr vurdum. Bir az keçdi, yenidən kimlə danışdığını soruşdum. Yenə inkar elədi. Qardaşı Ruslana zəng edib evə çağırdım. Məsələni ona danışdım. Ruslan telefonumu götürüb, həmin vaxtı hansı nömrələrə zəng getdiyinə baxdı. Bir nömrə tapdıq. Zəng elədik, həmin nömrəyə zəng çatmadı. Qardaşı ilə birlikdə “Bakcell”ə getdik. Orada bizə dedilər, nömrə işləkdir, sadəcə koda qoyulub. Evə qayıtdıq, Xəyaləni yenə döydüm. Bundan sonra onun atası Kamil gəldi. Qızını gördü. Mənə dedi ki, Xəyaləni həkimə aparacaq, müalicə etdirib, qaytarıb evə gətirəcək. İcazə verdim. 3-4 gün keçəndən sonra atasıgilə getdim. Qapını döydüm, açmadılar. Bir müddət sonra atası çölə çıxdı. Mənə qızı verməyəcəyini, bir də bu qapıya gəlməməyimi tapşırdı. Lakin mən Xəyalənin mənə etdiyi xəyanəti bağışlaya bilməzdim. Onu öldürmək istəyirdim, ona görə də Xəyalə ilə telefonla danışıb evə qayıtmasını istəyirdim. Məqsədim onu öldürmək olub. Lakin Xəyalə evə qayıtmadı”.

R.Şükürov arvadını öldürəcəyinə and içdiyini və hadisə baş verən günə qədər onu izlədiyini söyləyib: “Bir il keçdi, Xəyalə sanki onu öldürəcəyimi bilirdi deyə, çölə çıxmırdı. Mən onu alimentə görə öldürməmişəm. Əslində pulum olsaydı da, ödəmək fikrim yox idi. Çünki Xəyaləni öldürmək niyyətimdən əl çəkməmişdim. Gecələr yuxularım qarışırdı, onun xəyanətini həzm edə bilmirdim. Onu harada görsəydim, öldürəcəkdim. Yolda gördüm və evlərinə gedəndə öldürdüm”.

Yaralı çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə prosesində mərhumun 3-cü və 4-cü siniflərdə təhsil alan övladları ifadə veriblər. Onlar Ramil Şükürovu ata kimi qəbul etmədiklərini və ən ağır cəza verilməsini istəyiblər. Dövlət ittihamçısı Ramil Şükürovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyərkən, mərhumun atası buna etiraz edib.

Qətlə yetirilən Xəyalənin atası deyib ki, Ramil Şükürov ömürlük azadlıqdan məhrum edilməlidir: “Biz indi də evdə olanda qorxuruq. Uşaqlar gecə yuxudan oyanıb qışqırırlar. Onları sakitləşdirə bilmirəm. Bu adam 18 il sonra çıxsa da, uşaqları üçün böyük təhlükədir. Ona ömürlük cəza verilməlidir”.

Ramil Şükürov isə keçmiş qayınatasının bu istəyinə belə reaksiya verib: “Əgər namus üstündə adam öldürən hər yaxşı oğlana ömürlük cəza versəydilər, azadlıqda kişi qalmazdı”.

Bu sözlər zərərçəkmiş tərəfin nümayəndələrini qəzəbləndirib. Hakim Ramil Şükürova xəbərdarlıq edib və son sözünü deməsini istəyib. R.Şükürov son sözündə məhkəmədən yüngül cəza istəyib və deyib ki, azadlığa çıxdıqdan sonra övladları ilə birlikdə yaşamaq istəyir. Məhkəmə zalında olan iki övladı isə “biz səni görmək istəmirik” deyə cavab veriblər.
Zərərçəkmiş tərəfin nümayəndəsi çıxışında Ramil Şükürovun övladlarının gözü qarşısında arvadını vəhşicəsinə qətlə yetirdiyini və övladlarını düşünmədiyini söyləyib.

R.Şükürov bu sözlərə də cavabsız qalmayıb. O, namusunun hər kəsdən üstün olduğunu deyib: “Mən Xəyaləni namusuma görə öldürmüşəm. Mənim namusum övladlarımdan da üstündür”.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, R.Şükürov ömrünün 18 ilini dəmir barmaqlıqlar arxasında keçirməli olacaq.



İlkin Muradov
Tarix: 21-01-2018, 23:09
Xəbəri paylaş





Xəbər lenti