12 işdə ‘üzəduran’

12 işdə ‘üzəduran’
“Müsəlman Birliyi” hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin cibindən narkotik çıxdığını iddia edən hal şahidi başqa 12 işdə də eyni funksiyanı yerinə yetirib.

Vəkil Fariz Namazlı məhkəməyə Adil Əhmədovun 12 işdə hal şahidi qismində çıxış etməsi haqda sənədləri təqdim edib.

Ə.Nuruzadənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Fevralın 9-da məhkəmədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dini ekstremizmlə mübarizə şöbəsinin əməkdaşı İftixar Rüstəmov, bir də hal şahidi Adil Əhmədov dindirilib.

İ.Rüstəmov deyir ki, onlara Əhsəndə narkotik olması haqda məlumat daxil olub, Muğam bağında əməliyyat keçirib, onu saxlayıblar.

Ə.Nuruzadə isə onun yalan danışdığını, bu adamın ümumiyyətlə, onun tutulmasında iştirak etmədiyini bildirib: “Məni tutan da, cibimə heroini atan da idarənin Rüstəm adlı şöbə rəisi idi”.

“Qanun bunu qadağan edir”

Adil Əhmədov isə ifadəsində Əhsənin cibindən narkotik çıxmasını gördüyünü deyib. Vəkil ondan soruşub ki, bundan öncə neçə işdə hal şahidi olub? Cavab verib ki, üç işdə, bu da dördüncüdür. Bundan sonra F.Namazlı məhkəməyə onun 12 işdə eyni missiyanı yerinə yetirməsi haqda sənədləri təqdim edib.

“Bu adam azı, 12 işdə hal şahidi olub. Qanuna görə, eyni adamın hal şahidliyi mütəmadi xarakterli olubsa, onun ifadələri etibarsız sayılır. Ona görə də xahiş edirik, bu adamın ifadələri sübutlar siyahısından çıxarılsın. Digər şahid İftixar Rüstəmov isə təhqiqatçıdır, amma Əhsənlə bağlı əməliyyatda iştirak etdiyini deyir. Müstəntiq onu istintaqda dindirib. Halbuki, qanun təhqiqatçının fəaliyyətində yol verdiyi pozuntu istisna olmaqla, başqa hallarda dindirilməsini qadağan edir. Xahiş edirəm, onun da ifadələri sübutlar siyahısından çıxarılsın”, – Fariz Namazlı bildirib.

Məhkəmə vəkilin vəsatətlərini təmin etməyib. Hakim deyib ki, bu, sonda hökm çıxarılarkən müşavirədə qiymət veriləsi məsələlərdir.

Məhkəmə fevralın 13-də davam edəcək. (Azadlig.org)
Tarix: 10-02-2018, 08:21
Xəbəri paylaş





Xəbər lenti