Albaniya, Kanada və Fransada "Ukrayna" peyda olub, Çexiyada "Moskva" yoxa çıxıb...


Albaniya, Kanada və Fransada
Rusiyanın Albaniyadakı səfirliyi bundan sonra "Azad Ukrayna" küçəsində fəaliyyət göstərəcək...
 
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda Albaniya və Kanadada "Azad Ukrayna" küçələri peyda olub, Parisdə Ukraynanın şərəfinə metro stansiyasının, Çexiyada "Moskva" mehmanxanasının adları dəyişdirilib.
 
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO- nun üzvü olan Albaniya digər Avropa ölkələrinə qoşularaq, iqtisadi sanksiyalar tətbiq edib və Rusiya təyyarələrinin öz hava məkanında uçuşlarına qadağa qoyub.
 
Ukrayna xalqı ilə həmrəylik əlaməti olaraq Tirana şəhərinin meri Rusiya Federasiyası səfirliyinin yerləşdiyi küçənin adını dəyişmək qərarına gəlib. Bundan sonra bu küçə "Azad Ukrayna" adlanacaq. Bu barədə "Röyter" agentliyi məlumat verib.
 
"Bizim nəsil Rusiyanın bu qanlı təcavüzünü yaşayır və biz Ukraynanın qəhrəmancasına müqavimətini heç vaxt unutmayacağıq",- Tirananın meri Erion Veliay bəyan edib.
 
Adını dəyişdiyimiz küçə əvvəllər Albaniyanın milli qəhrəmanı Skanderbeqin həyat yoldaşının adını daşıyıb.
 
Veliay qeyd edib ki, küçənin yeni adı Rusiya səfirliyi əməkdaşları üçün xatırlatma olacaq. "Ruslar Azad Ukrayna ünvanında işləməyə, yaşayamağa və poçt əldə etməyə düçar olacaq",- mer bəyan edib.
 
Öz növbəsində Ottava hakimiyyəti  Rusiya Federasiyası səfirliyinin yerləşdiyi küçədə yol hərəkəti işarələrininin yanında "Azad Ukrayna" yazılan sarı- mavi lövhələr quraşdırılıb. Həmrəylik aksiyalarına şəxsən şəhərin meri Cim Uotson da qatılıb. Onun sözlərinə görə, biz bu addımı Rusiyanın hərəkətlərini pisləmək və Ukrayna xalqı ilə həmrəyliyimizi ifadə etmək üşün atmışıq.
 
Fransanın paytaxtında Stand with Ukraine hərəkatının təşəbbüsü ilə metro stansiyalarının birinə Ukrayna xalqı ilə həmrəylik rəmzi olaraq "Europe-Ukraine" adı verilib.  Tədbirdə Paris rəssamlarının kollektivi, həmçinin Ukraynanın mədəniyyət xadimləri iştirak edib.
 
Çexiyanın Zlin şəhərində "Moskva" mehmanxanasının adı dəyişdirilib. Otel rəhbərliyi binanın adının Rusiyanın Ukraynaya qarşı təcavüzünü xatırlatmasını istəmir. "Bunu biz gərək çoxdan, 2021- ci ildə Zlin şəhərindən 25 km aralıda yerləşən döyüş sursatları ambarının Rusiyanın xüsusi xidmət orqanları tərəfindən partladılmasını biləndən sonra edərdik", - otelin direktoru Miloslava Dimlerova qeyd edib.

Tarix: 7-03-2022, 08:45
Xəbəri paylaş





Xəbər lenti