Mariupolda dinc sakinlərin sığındığı Dram Teatrı "səhvən" bombalandı - VİDEO



Mariupolda dinc sakinlərin sığındığı Dram Teatrı
Martın 16- da Rusiya hərbçiləri Mariupolun mərkəzində yerləşən Dram Teatrına güclü bomba zərbəsi endirib. Teatrın binasında atəşlərdən gizlənən yüzlərlə dinc sakin olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Mariupol şəhər şurası məlumat verib.
 
Bu məlumatı həmçinin ukraynalı deputat, Donetsk vilayət administrasiyasının sabiq rəhbəri Sergey Taruta da təsdiq edib. Söhbət Mariupoldakı Donetsk vilayət Akademik Dram Teatrından gedir.
 
"Təyyarə bombanı yüzlərlə mariupolluların sığındığı binaya atıb. Bu dəhşətli, insanlığa sığmayan hərəkətin miqyasını qiymətləndirmək hələlik mümkün deyil, çünki şəhərdə yaşayış məhəllələrinin atəşə tutulması davam edir. Məlum olan odur ki, bomba atılandan sonra Dram Teatrın mərkəzi hissəsi dağılıb, dağıntılar isə binanın zirzəmisinə girişi mümkünsüz edib. Zərərçəkənlər barədə informasiya dəqiqləşdirilir", - Mariupol şəhər şurasından məlumat verilib.
 
Şəhərdə praktiki olaraq rabitə yoxdur, atəşlər səbəbindən xilasedicilər teatra daxil ola bilmir. "УНИАН"- ın Ukrayna resursunun "Telegram- kanal"ında dağıdılmış teatrın ilk videogörüntüləri yayılıb.
 
"Hazırda şəhərdə şiddətli döyüşlər gedir. Heç kim dağıntılara yaxın dura bilmir, biz sağ qalanlar haqqında heç nə bilmirik. Və ən dəhşətlisi odur ki, biz onları dağıntılar altından çıxara bilmirik. Bir çox mariupollular teatrda öz körpə uşaqları ilə sığınırdılar!", - Sergey Taruta məlumat verib.
 
Rusiya mətbuatı artıq məlumat verib ki, guya, teatrda "Azov" alayının qərargahı olub. Amma bu, ağ yalandır.
 
Məlumatda deyilir ki, teatrda atəşlərdən 1000 nəfərədək yerli sakin özünə sığınacaq tapıb.

 
"Rusiyalıların dəniz sahilində yerləşən şəhərin dinc sakinlərini hansı qəddarlıqla və riyakarlıqla məhv etdiklərini sözlə ifadə etmək çətindir.
 
Düşmənin hədəfində qadınlar, uşaqlar və qocalardır. Bunlar tamamilə silahsız insanlardır. Görünür,  Rusiya ordusunun yeganə məqsədi Ukrayna xalqını soyqırıma məruz qoymaqdır", - Mariupol şəhər hakimiyyətinin məlumatında belə deyilir.
 
Daha bir aviasiya bombası Mariupoldakı "Neptun" hövzəsi binasına düşüb. Binada hamilə qadınlar və uşaqlı analar sığınıb.
 
Azov dənizi sahillərində, Donetsk vilayətinin cənubunda yerləşən 400 minlik Mariupol şəhəri Rusiya qoşunları tərəfindən tamamilə mühasirəyə alınıb və hər gün vəhşicəsinə atəşlərə məruz qalır.
 
Dram Teatrının vəziyyəti haqqında hazırda məlumatı yoxlamaq mümkün deyil. Amma Rusiya hərbçilərinin əvvəlki hərbi cinayətləri haqqında digər məlumatlar, o cümlədən doğum evinin bombalanması xəbəri, həqiqətə uyğun olub.
 
"Detaly", İsrail

Tarix: 17-03-2022, 08:59
Xəbəri paylaş





Xəbər lenti