Mingəçevirdə təbii qazdan kütləvi zəhərlənmə

Şəhər sanki yiyəsizdir; icra hakimiyyəti də, qaz idarəsi də susur


Aprelin 3-də axşam saatlarında Mingəçevir şəhərində müxtəlif ünvanlardan dəm qazından zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım stansiyasına kütləvi müraciətlər daxil olub.
İlk zəhərlənmə xəbəri şəhərin M.Maqomayev küçəsində yaşayan Qədirovlar ailəsindən gəlib. Belə ki, 45 yaşlı Elmira Qədirova və övladları, 10 yaşlı Elvin və 9 yaşlı Elmir Qədirovların yaşadıqları mənzildə dəm qazından zəhərləndiklri məlum olib. Ana və övladları xəstəxanaya yerləşdirilərək həkim nəzarətinə götürülüblər.
Ardınca şəhərin digər bir ünvanında – 20 Yanvar küçəsi, ev 18 mənzil 10-da yaşayan 36 yaşlı Elyana Soltanova və övladları Gülay və Nuray Soltanlılar da dəm qazından zəhərlənmə diaqnozuyla xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə xəstələrin vəziyyətləri orta ağırdır.
Bundan sonra şəhərdə əhali arasında bir panika yaşanıb. İnsanlar telefon vasitəsilə bir-birinə mümkün qədər təbii qazdan istifadə etməmək barədə müraciətlər göndərməyə başlayıblar. WhatSapp-da 120 mindən çox əhalinin yaşadığı şəhərin ən müxtəlif ünvanlarında uşaq, böyük, yaşlı – bir çox insanın dəm qazından zəhərləndiyinə, xəstəxananın acil şöbəsinə zəhərlənmə diaqnozuyla xeyli sayda insanın müraciət etdiyinə dair xəbərlər yayılıb.
Yalnız axşam saatlarında Mingəçevir şəhər Təcili yardım stansiyasının baş həkimi Allahverdi Alıyev xəstəxanaya zəhərlənmə faktı ilə bağlı kütləvi müraciətlərin olduğunu təsdiq edib. A.Alıyevin sözlərinə görə, zəhərlənmələrin əksəriyyəti vanna otağında, bir neçəsi isə mətbəxdə olarkən baş verib: “Xəstələrə tibb yardım göstərilib, ağırlaşma və ölüm halı baş verməyib. Hal-hazırda onların vəziyyəti qənaətbəxşdir”.
Günün sonunda isə hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, zəhərlənmə diaqnozu ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına 16 nəfər (11 orta yaşlı, 5 uşaq) yerləşdirlib və onlardan 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər 2 nəfərin isə vəziyyəti stabildir. Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.
Maraqlıdır ki, istər hadisə baş verən günü, istərsə də hadisədən bir sutka ötməsinə baxmayaraq nə şəhər icra hakimiyyəti, nə də Tərtər Regional qaz istismarı İdarəsi Mingəçevir Xidmət Sahəsinin rəhbərliyi olayla bağlı heç bir rəsmi açıqlama verməyiblər.

Azər
Tarix: 5-04-2022, 09:34
Xəbəri paylaş





Xəbər lenti