Xəzərin “çağırılmamış” qonaqları - Azərbaycana təhlükə aradan qalxdımı?


Dənizin Azərbaycan sektorunda 6 gəmi minası tapılıb və zərərsizləşdirilib; hərbi analitik: “Həmin minalar tranzitə mane olmaq üçün Rusiyadan həyata keçirilən addımdır”

Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minasının (KB-1) zərərsizləşdirilməsi prosesi mayın 10-da uğurla başa çatıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən minalar təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilib. Minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə 4 hərbi gəmi, 4 kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub.
Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda bütün fəaliyyətlər adi qaydada davam etdirilir. Amma bu minaların mənşəyi haqda çox xəsis məlumat verilib. Xüsusən də onların rəsmi Bakının Ukrayna müharibəsinə məlum münasibəti, Qərbin Azərbaycanın neft-qazına ehtiyacının kəskin artması fonunda tapılması, eləcə də dənizin məhz Azərbaycan sektorunda aşkarlanması diqqət çəkir. Odur ki, bir sual açıq qalır: belə təhlükə təkrarlana bilərmi? Ümumiyyətlə, gəmi minaları hansı dövrə aiddir? Bu minalar dəniz sularına nə məqsədlə, nə üçün buraxılıb və niyə məhz Azərbaycan sektorunda aşkarlanıb? Çox qəribədir ki, indiyədək gəmi minalarının olduğu haqda informasiyalar yayılmayıb. Bu məsələlər görünür ki, konfidensial saxlanılıb və indi də məlumat kifayət qədər məhdud çatdırılıb.

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, aşkarlanan yeni gəmi minaları deyil. Onun sözlərinə görə,  əvvəldən köhnə 6 mina var idi, onlar aşkarlanıb: “Yeni minalar haqda məlumatım yoxdur. İstənilən halda araşdırmaq lazımdır ki, hər hansı təhlükə gələcəkdə ola bilər. Çünki sıradan hadisə deyil, hətta bu minalar sovet vaxtından qalıbsa belə ciddi yanaşılmalıdır. Ona görə diqqətli olmaq lazımdır”.

Hərbi analitik Ramil Məmmədli qəzetimizə qeyd etdi ki, burada iki məqam var: “Əgər sovet dövründə aparılan təlimlər, yaxud anbarın boşaldılması zamanı minalar dənizə atılmışdısa, ya da səhlənkarlıqdan düşmüşdüsə, niyə 30 il ərzində aşkar edilməyib? İkinci məsələ isə Ukrayna müharibəsi ilə bağlıdır. Quru yük daşımaları Xəzər dənizi hövzəsində yerləşən Qazaxıstana və Türkmənistana aid bərə-gəmilər vasitəsilə həyata keçirilir. Belə olan təqdirdə minaların ortaya çıxması müəyyən şübhələr yaradır və yuxarıda söylədiyim birinci amilin olmaması ehtimalını ortaya çıxarır. Yəni ehtimal yaranır ki, həmin minalar sovet vaxtına aid deyil”. R.Məmmədlinin sözlərinə görə, bir neçə gündür Xəzər dənizində mülki gəmilərin hərəkətində dayanmalar meydana çıxıb: Bu hadisə şərq-qərb arasında tranzit sayılan Xəzər dənizi və Azərbaycan üzərindən daşımaların aparılması vaxta təsadüf edir. Ehtimal ki, həmin minalar bu xəttə mane olmaq üçün Rusiyanın müvafiq qurumları tərəfindən həyata keçirilən addımdır".
Emil SALAMOĞLU
Tarix: 12-05-2022, 09:33
Xəbəri paylaş





Xəbər lenti