Hökumətin pul-para üçün bahalaşmaya güc verməsi yanlışdır

Hökumətin pul-para üçün bahalaşmaya güc verməsi yanlışdır AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı ekspert Nemət Əliyev ölkənin tükənməkdə olan valyuta ehtiyatlarını artırmaq üçün hökumətin total bahlaşmaya getməsini pisləyib və çıxış yollarından birini göstərib. Onun feysbuk səhifəsində paylaşdığı fikrini təqdim edirik:

Suyun, təbii qazın, elektrik enerjisinin, idxal olunan benzinin qiymətlərinin artmasından sonra çoxları yerli benzinin, dizelin, habelə digər neft məhsullarının qiymətlərinin bahalaşacağını əminliklə proqnozlaşdırırlar. Düz də edirlər.

Çünki hökumətin pul-para əldə etmək üçün hazırkı şəraitdə bahalaşmadan əsas vasitə kimi istifadə etməsinə artıq heç kəsdə şübhə qalmayıb. Amma əvvəlcədən bilmək lazımdır ki, belə bir addım əvvəlki yanlış addımların davamı kimi növbəti böyük bahalaşmaya səbəb olmaqla yerli malların rəqabət qabiliyyətinin zəifləməsinə, valyuta itkilərinin böyüməsinə və beləliklə böhranın daha da dərinləşməsinə aparıb çıxaracaq. Pul-para əldə etmək istərkən hazırkı məhdud imkanlar da itiriləcək və sosial gərginlik daha da artacaq.

Bəs nə etməli? İndiki şəraitdə devalvasiya neft məhsullarının qiymətlərini xarici valyuta ilə ifadədə ucuzlaşdırıb. Fikrimcə, neft məhsullarının qiymətləri daha da ucuzlaşdırılmalıdır. Lakin buna əhalini sosial cəhətdən şikəst edən devalvasiya yolu ilə deyil, neft məhsullarının ölkə daxili satış qiymətlərini aşağı salan əlavə qərar qəbul etməklə nail olmaq lazımdır (heç olmasa, Tarif Şurası bu dəfə bir işə yarasın). Bu cür qərar təbii qaz haqqında da verilməlidir.

Belə bir addım Azərbaycandan ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların diqqətini dərhal cəlb edəcək. Paralel olaraq neft məhsullarının ixracı üzərində tətbiq edilən (rəsmi, qeyri-rəsmi nə varsa) maneələrin yığışdırılmasına dair qərar da verilməlidir. Bu yöndə ixracın önü tam açılmalıdır.

Bu addımın üç istiqamətdə mühüm nəticələri olacaq: 1) Hazırda ümumi ixracda vur-tut 4-5% payı olan hazır neft məhsullarının ixrac səviyyəsi yüksələcək. Qeyri-neft sektorundan fərqli olaraq burada belə nəticəyə nail olmaq çox realdır; 2) Qeyri-neft sektorunda istehsal olunan malların maya dəyəri azalacaq; 3) Ölkənin valyuta qazancı artacaq.

Beləliklə, həm yerli, həm də xarici bazarlarda yerli malların rəqabət qabiliyyəti artacaq, ixrac sürətlənəcək və bu hesaba valyuta daxilolmalarında müsbət nəticələr əldə olunacaq. Vəzifəlilərin qohum-əqrabası bu prosesdən nə qədər uzaq tutulsa, bir o qədər yaxşıdır. Qəbul olunarsa, bu qərarların xeyli əlavə müsbət təsirləri də qaçılmazdır. Bunun üçün ölkədə real islahatların önünün açılması şərtdir.

Xammaldansa, hazır məhsul ixracına üstünlük verilməlidir. Bu, hər mənada sərfəlidir. Ümumi iqtisadi siyasət bu formula üzərində köklənməlidir.
Tarix: 3-02-2017, 16:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}