Neft bahalaşdı, dollar ucuzlaşdı-sevinəkmi?

 Neft bahalaşdı, dollar ucuzlaşdı-sevinəkmi? Ekspertlər hesab edir ki, neftin bahalaşması və dolların ucuzlaşması siyasi səbəbdən baş verdiyindən müvəqqəti xarakter daşıyır

Dünya bazarından Azərbaycan üçün şad xəbərlər gəlir. Dollar ucuzlaşır, neft isə bahalaşır. Belə ki, fevralın 6-da ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,19 dollar və ya 0,33% artaraq 57,00 dollar olub.


Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,33% artaraq 54,01 dollar təşkil edib. Neftin bahalaşması Azərbaycan və digər hasilatçı ölkələr üçün olduqca önəmli bir hadisədir. Digər tərəfdən, bir çox ölkələrin iqtisadiyyatını iflic edən dollar ucuzlaşmağa başlayıb. Moskva birjasında da dollar və avro zəifləyib. Rubl bahalaşan neftin və Mərkəzi Bankın İdarə Şurasının iclasının yekunlarının fonunda möhkəmlənib.

Dolların məzənnəsi öncəki hərracın yekunları ilə müqayisədə 11,75 qəpik ucuzlaşaraq 59,3075 rubl təşkil edib. Avro isə 31 qəpik azalaraq 63,635 rubla düşüb. Türkiyədə də dolların qiyməti ucuzlaşıb.

Bəs görəsən, neftin ucuzlaşması və dolların bahalaşması səbəbindən böhran yaşayan Azərbaycan iqtisadiyyatı hazırda baş verən əks prosesdən dirçələcəkmi?

İqtisadçı ekspertlər sevinməyin erkən olduğunu deyirlər. Çünki həm neftin bahalaşmasına, həm də dolların ucuzlaşmasına səbəb olan amil iqtisadi deyil, məhz siyasidir. Bu isə prosesin davamlı olmayacağından və müvəqqəti xarakter daşıdığından xəbər verir.
İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, neftin 60 dollar civarında qərar tutması Azərbaycan iqtisadiyyatında müəyyən qədər sabitlik yarada bilər: “Bu, trendin davamlı olmasından və neftin hansı həddə qədər bahalaşmasından asılıdır. Bu bahalaşmanın səbəbi iqtisadi və ya neftin hasilatı ilə bağlı məsələlər deyil. İran-Amerika münasibətlərinin gərginləşməsi, Amerikanın İrana qarşı yenidən sanksiyalar tətbiq etməsi neft bazarında da bir psixoloji gərginlik yaratdı. Bu isə neftin 57 dollara qədər bahalaşmasına səbəb oldu. Bu artım davamlı olacaqsa, neftin qiyməti 60 dollar keçəcəksə, davamlı olaraq bu səviyyədə qalacaqsa, ölkənin gəlirlərinə müsbət təsir göstərəcək. Amma Azərbaycanın valyuta ilə bağlı problemi təkcə neftdən asılı deyil. Neft o həddə qədər bahalaşmalıdır ki, ölkədə bir valyuta bolluğu yaransın. Ancaq neftin o qədər bahalaşması real görünmür. Söhbət 90-100 dollardan gedir. Necə ki, əvvəlki illərdə neftin qiymətinin yüksək olduğu dövrdə Azərbaycanda valyuta problemi yox idi. İndi neftin o həddə qədər bahalaşması gözlənilmir. Əksinə, bazardakı psixoloji gərginlik yatdıqdan sonra fundamental məsələlər önə çıxır. Bu isə o deməkdir ki, neft ucuzlaşa bilər. İki gün öncə İranın neft naziri hasilatı 500 min barel artıracağını bəyan etdi. Amerikada neft buruqlarının sayı artıb, Kanadada hasilatın artım tempi yüksəlib. Hətta Amerikanın neft ixracatı ilə bağlı qərarı var ki, hasilatı artırmağı düşünür. Bütün bu xəbərlər bazara təsir etməyə başlasa, o zaman yenidən neftin qiyməti aşağı düşə bilər. Bu, trenddən asılı olacaq”.

Natiq Cəfərli onu da vurğuladı ki, Azərbaycanda valyuta qıtlığının səbəbi təkcə neftdən asılı deyil, ölkənin idxaldan asılılığı kifayət qədər yüksəkdir: “Bəzi məhsul növləri üzrə 100 faizlik asılılığımız var. Məhz bu asılılığa görə də dollara tələbat böyükdür. Hələ ki başqa ciddi ixracat məhsulumuz yoxdur. İxracatımızın 90 faizindən çoxunu neft məhsulları və xam neft təşkil etdiyindən yaxın gələcəkdə bununla bağlı ciddi dəyişikliyin olacağını düşünmürəm. Amma bu durum bir müddət manatın sabit saxlanılması üçün yetərli ola bilər. Çünki Mərkəzi Bank da manatın məzənnəsini müəyyən həddə sabit saxlamağı düşünür. İndiki vəziyyətdə təqribən bir dollar iki manat koridorunda sabitləşdirmək istəyir. Lakin buna nə dərəcədə nail ola biləcəyini demək çətindir. Bu, Mərkəzi Bankın siyasətindən asılı olacaq”.

Ekspertin fikrincə, dünya bazarında dolların ucuzlaşması da siyasi səbəblərdən qaynaqlanır: “Trampın müəyyən mənada səs-küyə səbəb olan qərarları və bu qərarların icrası ilə bağlı problemlərin yaşanması psixoloji olaraq dolların məzənnəsinə təsir göstərir və ucuzlaşmasına səbəb olur. 44 gündən sonra FED-in növbəti toplantısı olacaq. Bu toplantıda faiz artsa, dolları ucuzlaşdıran siyasi səbəblər arxa plana keçəcək. Dolların yenidən yüksəlməsi prosesi davamlı şəkildə olacaq. Bu proses iqtisadi səbəbdən qaynaqlanmadığı üçün davamlı olacağını düşünmürəm. ABŞ iqtsadiyyatının vəziyyəti və yeni hökumətin siyasəti budur ki, çoxlu sayda investisiya layihələri və təşviq proqramları həyata keçirsin. Bu da dolların likvitliyinin artmasına səbəb olacaq. İlin əvvəlində gözləntilər var idi ki, bir dollar bir avroya bərabər olsun. Ancaq ola bilər ki, bu, ilin birinci yarısında yox, ikinci yarısında baş versin. Hazırda dolların ucuzlaşması üçün iqtisadi səbəb yoxdur. ABŞ iqtisadiyyatının inkişaf tempi yalnız dünyada dolları bahalaşdıra bilər”.

Nərgiz LİFTİYEVA
Tarix: 7-02-2017, 10:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}