"Manatı ucuzlaşdırıb, dolları baha satanlar istədiklərinə nail olduqdan sonra..."

"Manatı ucuzlaşdırıb, dolları baha satanlar istədiklərinə nail olduqdan sonra..." Uzun müddətdir ki, manatdan yazmıram, bu barədə yazılanları oxuyaraq, son prosesləri izləməklə nə baş verdiyini dəyərləndirməyə çalışıram. Görünən odur ki, bir müddət öncə sərbəst üzən məzənnəyə keçid görüntüsü yaradılsa da, çox keçmədi ki, bundan da bəzi məqsədlər üçün istifadə olunduğu üzə çıxdı. Manatı sürətlə ucuzlaşdırıb, dolları baha satanlar istədiklərinə nail olduqdan sonra əks proseslərə rəvac verməyə başladılar. Əslinə bu proses sərbəst bazarda müstəqil iştirakçıların tələb və təkliflərinin tarazlığı sahəsində müşahidə olunsaydı, onu yalnız alqışlamaq olardı. Lakin, son 1 ayda baş verənlər bütövlükdə iqtisadiyyatın deyil, ayrılıqda maliyyə-bank sahəsini idarəedənlərin korporativ maraqlarına xidmət etdi.

Onun sxemi də çox sadədir. Manatın sərbəst üzən məzənnə rejiminə keçidi adı altında ajiotaj yaradıldı, Neft Fondu dollarları baha qiymətə sataraq 1 ayda qazandığı 550 milyon manata qədər vəsaiti dövriyyədən çıxararaq anbarlara doldurdu. Sonra yığdığı manatın bir hissəsini büdcəyə köçürdü, digər hissəsini isə gələcək transfertlər üçün ehtiyatda saxladı. Beləliklə də valyuta bazarında əks dollarlaşma effekti və manat qıtlığı yarandı.

Bu nədən baş verir? Hazırda valyuta bazarında iki oyunçu var. Biri təklifi, o birisi isə tələbi formalaşdır. Onların hər ikisi inhisarçıdır. Dövlət Neft Fondu dolların, Azərbaycan Mərkəzi Bankı isə manatın yeganə istehsalçısıdır. Belə şəraitdə mövcud valyuta bazarı da qanunlarla deyil, inzibati üsullarla idarə olunduğundan manatı istənilən vaxt ucuzlaşdırmaq və ya bahalaşdırmaq onlara heç bir çətinlik yaratmır.

Son günlər dolların məzənnəsində müşahidə olunan ucuzlaşmaya gəlincə, o müvəqqəti xarakter daşıyır. Çünki, onu şərtləndirən başlıca amil manatla pul kütləsinin mərkəzləşdirilmiş qaydada ixtisarıdır. Bununla da idxal əməliyyatlarının genişlənməsini buxovlayan monetar siyasətlə bütövlükdə işgüzar fəallığı aşağı salmaq, alıcılıq qabliyyətini azaltmaqla iqtisadiyyatın kiçilməsini, istehlak bazarında mal çeşidlərinin azalmasını təşviq edirlər. Birtərəfli düşüncənin göstərici olan hazırkı siyasət ölkədə iqtisadiyyatın idarəolunmasına kompleks yanaşmanın olmamasını bir daha təsdiq edir. İxracın inkişafına çətinlik yaradan hazırkı məzənnə siyasəti indiyə qədər ixraca dövlət dəstəyi istiqamətində həyata keçirilən tədbirlərin effektini bir az da azaldacaq.

Qubad İbadoğlu, iqtisadçı alim
Tarix: 9-02-2017, 08:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}