3-ü dil tapa bilməyən Güney Qafqaz ölkələrinə 40-ÖLKƏ YENGƏLİK EDƏR... - NƏ BAŞ VERİR?
Qarabağda münaqişənin başa çatması indi irəliyə baxmağı zəruri edir. Bu da regional əməkdaşlıq formatının inkişaf etdirilməsi olmalıdır. Çünki bölgədə sabitlik və təhlükəsizlik elə məhz region ölkələrinin marağında olmalıdır. O cəhətdən Azərbaycan Prezidentinin təklif etdiyi, Türkiyə liderinin də irəli sürdüyü altılıq platforması gerçək olmağa çox yaxındır. Hazırda bu layihəyə qarşı müqavimət göstərmiş region ölkələrinin elə özləri birinci ipə-sapa yatmağa başlayıblar: İran və Ermənistan... Anaxeber.info yazır ki, bu gün Tehranda tarixi bir platformanın reallaşması üçün ilkin addım atılacaq. Bu məqsədlə Rusiya, Ermənistan, Azərbaycan, İran xarici işlər nazirləri bu gün Tehranda görüşəcəklər. Böyük ehtimalla Türkiyə və Gürcüstan XİN başçıları da İranda olacaqlar. Lavrov və Mirzoyan səfəri təsdiqləyiblər. Təklif rəsmi Tehrandan gəlib. O Tehran ki 3+3 formatına qarşı çıxan iki paytaxtdan biri idi. Təbii ki, ikincisi də İrəvan idi, onun da baş diplomatı Mirzoyan İrandadır. Bu ideya regional əməkdaşlıq üçün ən uğurlu modeldir. Buna qədər Gürcüstan da məsələyə isti yanaşmırdı. Onun Rusiya ilə düşmənçiliyi, Vaşinqtondan olan təsirlər bir masa ətrafına toplamağa mane olurdu. Hazırkı Qaribaşvili hökuməti antiQərb ritorikası ilə fərqlənir, Rusiya ilə əlaqələrin də xeyli yumşalması görünür. Deməli, rəsmi Tiflisin də 6-lıq platformasında iştirakı üçün böyük baryer aşılıb. Rusiyanın bu formata müsbət baxdığı çoxdan məlumdur: Qərbin sanksiyaları altında inildəyən dövlətə alternativ marşrutlar, tranzitlər, Zəngəzur dəhlizi lazımdır. İran da artıq reallıqla hesablaşır. Üstəlik, Ərdoğan açıqladı ki, Ermənistan razı olmasa, Zəngəzur koridoru İran üzərindən açılacaq. Bu da ötən həftələrdə Zəngilanda iranlı nazirin iştirakı ilə keçirilən açılış mərasimində demək olar ki, legitimləşdi. Ermənistan anladı ki, növbəti dəfə regional əməkdaşlıq formatından, perspekticlo layihədən kənarda qalmaqla özünü izqoy vəziyyətə sala bilər. Nəticədə erməni tərəfi üçün blokada davam edəcək. Digər tərəfdən, dəhliz eksterritorial anlayışdırsa, o zaman İran üzərindən Naxçıvana gediş bu dövlətin ərazi bütövlüyünə təhdiddirmi? Əlbəttə, yox! Bunu Paşinyan cəbhəsi də dərk etdi. Ona görə iqtisadi dividenti olan 3+3 formatından geri qalmaq istəmir. Odur ki, Mirzoyan Tehrandadır. Eləcə də Lavrov. Bu gün nazirlər səviyyəsində görüş gözlənilir. Amma Ermənistan İran masasında təşkil olunan platformada iştiraka görə Qərbdən tənqidlərlə üzləşə bilər. Xüsusən İranın Yaxın Şərqdə baş verənlərə görə HƏMAS-ı dəstəkləməsi fonunda Tehranda regional format qurulması Ermənistana Qərbin münasibəti baxımdan xoş qarşılanmaya bilər. Bununla belə, xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi, Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə ediləcək. Avropa Parlamentində ayaqüstə alqışlanan Paşinyan hər nə qədər Qərb masasına qaçsa da, regional projedən özünü izolyasiya etməyin hansı mənfi nəticələrə gətirib çıxaracağını yaxşı bilir. Beləliklə, bölgədə dayanıqlı sülh üçün yaxşı fürsət yaranıb. Gürcüstanın reaksiyası isə hələ ki bəlli deyil. Hər halda 4+1 variantı da mümkündür. Amma belə ərəfədə Fransa Ermənistanı silahlandırır. O halda regionda təhdidlərə nə vaxt son qoyulacaq? Ermənistan revanşizmə hazırlaşır, ya necə? İki gizli müttəfiq - Fransa və İran Ermənistanı dəstəkləsələr də, indiki mərhələdə biri altılıq masasına ev sahibliyi edir, biri isə ermənilərə zenit-raket kompleksləri verir. Bunu necə başa düşmək olar? Qafqazda yeni savaş hazırlığı, ya nə? Altılıq platformasında ABŞ və Aİ kimi, bölgədən uzaqda yerləşən qüvvələr təmsil olunmasa da, bəziləri deyirlər ki, platformanın üzdə olmayan məqsədlərindən biri də, Qərb ölkələri üçün resurslarla zəngin Mərkəzi Asiyaya yol açmaqdır. O zaman Paris nəyi pozur? Belə demək mümkünsə, regionda yeni bir mürəkkəb strateji qarşıdurma qızışır...