Dünyanın ən güclü ordularının reytinqi: siyasi təhdid alan Azərbaycan və Türkiyə hansı pillədədir?

Dünyanın ən güclü ordularının reytinqi: siyasi təhdid alan Azərbaycan və Türkiyə hansı pillədədir?

Dünyanın ən güclü orduları hansılardır? Lent.az saytının məlumatına görə ABŞ-da yerləşən "Global Firepower" internet saytı 2024-cü il üçün dünyanın ən güclü ordularının siyahısını açıqlayıb.

Şübhəsizdir ki, bu siyahıda Azərbaycanın və Türkiyənin, eləcə də, ikinci ən yaxın hərbi müttəfiqimiz olan Pakistanın tutduğu yerlər oxucularımızı daha çox maraqlandırır.
Əvvəlcə 145 ölkədən ibarət reytinq cədvəlinin birinci onluğuna baxaq. Bu dəfə də dünyanın ən güclü ordusu Amerika Birləşmiş Ştatlarıdır. Ondan sonrakı sıralama isə belədir: Rusiya, Çin, Hindistan, Cənubi Koreya, Böyük Britaniya, Yaponiya, Türkiyə, Pakistan, İtaliya.
Göründüyü kimi, qardaş Türkiyə və Pakistan birinci onluqdadır. Həm də Türkiyə bu il üç pillə irəliləyərək ilk 10 ən güclü ordu arasında 8-ci yerə yüksəlib. İtaliya, Fransa, Braziliya, Kanada kimi böyük ölkələrin orduları Türkiyədən sonra gəlir. Bu yaxınlarda Türkiyəni təhdid etmiş ölkələr - İsrail 17-ci, Yunanıstan isə 32-ci yerdədir.
Azərbaycan ordusu bu reytinqdə 59-cu yeri tutub. Biz hərbi gücümüzə görə postsovet ölkələri arasında yalnız Rusiya, Ukrayna və Qazaxıstandan sonra gəlirik. Maraqlıdır ki, hələ Sovet İttifaqı dağılmazdan əvvəl istər Qərbdə, istər SSRİ-nin özündə aparılan araşdırmalar göstərirdi ki, o zamankı İttifaq respublikaları arasında yalnız 4-nün güclü, müstəqil dövlət olmaq üçün resursları var: Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan. Bu proqnoz hazırda dünyanın ən güclü ordularının reytinqində də öz əksini tapıb. Bu dörd dövlətdən sonra öz hərbi gücünə görə keçmiş Sovet respublikalarının ilk 99 ölkə arasında sıralaması belədir: Belarus (64-cü yer), Özbəkistan (65-ci yer), Türkmənistan (83-cü yer), Gürcüstan (84-cü yer), Estoniya (87-ci yer), Litva (88-ci yer), Latviya (99-cu yer). Ermənistan ordusu ilk yüzlüyə belə düşmür...
Nəzərə alaq ki, orduların qiymətləndirilməsi zamanı ən başlıca göstərici real və üstün döyüş qabiliyyətidir. Burada əhali sayı, dövlətin iqtisadi gücü və sair faktorlar da önəmli təsir edir. Ancaq Azərbaycanla Avstriyanı müqayisə etsək, ərazi ölçüsü və əhali sayı, demək olar ki, eynidir. Avstriya iqtisadiyyatı isə Azərbaycandan çox üstündür. Ancaq Azərbaycan dünyanın 59-cu ən güclü ordusuna sahib olduğu halda, Avstriya 71-ci yerdədir. Bu, əlbəttə ki, dövlətin yerləşdiyi coğrafiya ilə də bağlıdır. Avstriya Mərkəzi Avropada yerləşir. Qonşuları isə Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, İtaliya, İsveçrə, Lixtenşteyn və Almaniyadır. Yəni Avstriyaya heç bir xarici təhdid yoxdur; qonşuları dinc ölkələrdir. Azərbaycanın qonşularına baxaq: İran, Ermənistan, Qazaxıstan, Gürcüstan, Rusiya, Türkiyə, Türkmənistan. Bu dövlətlərdən Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlamış, Rusiya və İran isə bu təcavüzkarlıq əməllərində onu dəstəkləmiş və silahlandırmışdı (Yeri gəlmişkən, İran ordusu reytinq cədvəlində 14-cüdür). Belə bir coğrafiyada Azərbaycan güclü ordu saxlamaq zorundadır.
2020-2023-cü illər ərzində Azərbaycan Silahlı Qüvvələri üst-üstə cəmi 45 gün ərzində Ermənistan ordusunu darmadağın edərək, torpaqlarımızdan qovdu. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Ancaq Ermənistan hələ də Azərbaycanla sülh müqaviləsi imzalamayıb. Əksinə ABŞ, Fransa, Hindistan, İran, Kanada, Yunanıstan kimi ölkələrdən, eləcə də, Avropa İttifaqından hərbi-texniki, hərbi-siyasi, maliyyə dəstəyi alaraq bölgədə yeni gərginlik mənbəyi yaratmağa çalışır. Buna görə də Azərbaycan öz Silahlı Qüvvələrini daha da gücləndirməkdə davam edir. Ordunun Türkiyə modelinə uyğun quruculuğu gündəmdədir. Dövlət büdcəsindən Silahlı Qüvvələrə ayırmalar, ordunun yeni və üstün hərbi texnologiyalarla təchizatına xüsusi diqqət verilir. Bütün bunlar deməyə əsas verir ki, növbəti illərdə Azərbaycan ordusu reytinq cədvəllərində daha yüksək pillədə olacaq. Ancaq bu cür cədvəllərdən də qabaq Azərbaycanın əsas reytinq göstəricisi Şuşada, Xankəndində, bütün Qarabağda dövlət bayrağının dalğalanmasıdır.
Orxan, Bizimyol.info
Tarix: 30-07-2024, 22:44
Xəbəri paylaş





Xəbər lenti