Separatçılar onlara atəş açıldığını deyirlər, Bakı təkzib edir
Qarabağdakı separatçılar 6 döyüşçülərinin yaralandığını bildirirlər AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Qarabağ separatçılarına istinadən bildirir ki, oktyabrın 14-də Azərbaycan silahlı qüvvələri Qarabağın şərq “sərhədindəki” hərbi bazanı atəşə tutub. Nəticədə separatçıların “Qarabağ müdafiə ordusu” adlandırdıqları qruplaşmanın 6 döyüşçüsünün yaralandığı xəbər verilir. Xəbərdə deyilir ki, bu insident barədə dərhal Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinə məlumat verilib. Ermənistanın insan haqları ombudsmanı Arman Tatoyan deyib ki, yaralılardan ikisinin vəziyyəti ağırdır: “Söhbət Artsaxdakı (Qarabağ-red) Nor Şen (Yenikənd-red) kəndindən gedir. Bu kənd Azərbaycan silahlı qüvvələrinin mövqelərinin yaxınlığındadır”. Tatoyan iddia edib ki, Qarabağın cənubunda, Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil başqa erməni kəndlərinin istiqamətində də atəş açılıb. Azərbaycan Müdafiə Nazirliyi atəş açılması barədə xəbərləri təkzib edib və bildirib ki, haqqında danışılan insidentlə Azərbaycan silahlı qüvvələrinin heç bir əlaqəsi yoxdur. Bundan əvvəl separatçılar Azərbaycan tərəfinin bir hərbçinin snayper atəşi ilə öldürüldüyünə dair məlumatını təkzib etmişdilər. Azərbaycan MN: “Qarşı tərəfin bir neçə silahlısı yoldaşları ilə əlbəyaxa olub” Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.” Nazirlik bununla bağlı oktyabrın 14-də gecə saatlarında məlumat yayıb. İddiaya görə, əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb: “Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.” Nazirlik bildirir ki, baş vermiş hadisəyə Azərbaycan ordusunun heç bir aidiyyəti yoxdur. *** Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, oktyabrın 14-də Azərbaycan hərbi qulluqçusu həlak olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb. “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib”, nazirlik bildirib. Açıqlamaya görə, saat 18:15 radələrində snayper atəşi nəticəsində Azərbaycan ordusunun bir hərbi qulluqçusu həlak olub: “Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib. Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır”. Nazirlik hesab edir ki, bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur: “Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək”. Bu açıqlamaya, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil. Azadlıq radiosu