(Başlığın şəkli – Laçında dağıdılmış körpü – Seymur Kazımovundur)
Bu məqalə çox çətin başa gəldi, üçüncü dəfədir ki, yenidən yazıram.
İkinci Qarabağ Müharibəsindən bir il keçir. “Yaranmış yeni şəraiti” həzm etmək və özünün bu “yeni konfiqurasiyada” (hökumətin dediyi kimi) yerini tapmaq üçün kifayət edəcək müddətdir. Amma, nəzərə alaq ki, bu il pandemiya, özünütəcrid və dünənki tərəfdaşlarla əlaqələrin olmadığı bir il idi, halbuki, məhz belə şəraitdə qarşılıqlı ünsiyyət müstəsna əhəmiyyətə malik ola bilərdi.
Mən burada siyasi analiz və ya proqnoz vermək niyyətində deyiləm. Müharibədən əvvəl, müharibə vaxtı və sonrakı dövrdə öz düşüncələrimi və tərəddüdlərimi sizinlə bölüşmək istəyirəm. Bir növ, “Xalq diplomatının” səmimi etirafı.
Mən bu “qazanda” 1992-ci ildın bəri bişirəm. O vaxt mən, Dövlət Neft və Sənaye Universitetinin Energetika fakultəsinin məzunu, ağlıma belə gətirə bilməzdim ki, nə vaxtsa öz sevimli ixtisasımı dəyişib humanitar birisi olacam. Amma Qarabağ münaqişəsi bir çox yaşıdlarım kimi məni də biganə qoymadı. 1988-ci ilin noyabrından Qarabağ və Müstəqillik şüarları altında Azadlıq meydanında keçirilən fasiləsiz mitinqlərdə iştirak edirdim.
Nə cəlb edirdi məni? Yəqin ki, ilk növbədə yenilik, dəyişiklik həvəsi və macəra axtarışı. Mən özüm bakılıyam, suraxanılıyam. Bu hadisələrə qədər heç vaxt Qarabağda olmamışdım. Erməni dostlarım da var idi. Amma o mitinqlərdəki çıxışları dinləyə-dinləyə, o ab-havaya qoşulmaqla, o “yeraltı”, rus demiş, “samizdat” mətbuatı oxumaqla, istər-istəməz, hərəkata qatıldım.
Mənim üçün ilk “həlledici” hadisələr 1990-cı ildə Bakının erməni məhəllələrində törədilən iğtişaşlar və 20 Yanvar hadisələri oldu. Onda mən anladım ki, yolum Xalq Cəbhəsindən olan millətçilərlə üst-üstə düşmür. Mən Sosial-Demokrat partiyasının və Helsinki Vətəndaş Assambleyasının ofislərinə “ayaq açdım”. Məhz onların xətti ilə 1994-cü ildə, atəşkəs əldə edildikdən iki ay sonra Ermənistana səfər etdim.
Bu, indiki terminlərlə desək, “gənc fəalların” görüşü idi. Biz, Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığında yerli XTMD (OMON) döyüşçülərinin müşayiəti ilə minalanmış ərazidən dövlət sərhədini keçdik. Erməni həmyaşıd fəallarla görüşdük, xeyli mübahisə etdik, amma siyasətdən əlavə mövzularlan da, məsələn, futbol və musiqidən də danışdıq.
Bu görüş mənə böyük təsir göstərdi. Romantika bir yana, Azərbaycan İnsan Haqları Mərkəzinin İnformasiya xidmətindəki işə tam aludə oldum. Bizə elə gəlirdi ki, qaçqın və köçkünlərimiz barədə obyektiv məlumatları dünya mətbuatına çatdırmaqla çox faydalı iş görürük.
O görüşdən sonra mən daha altı dəfə Ermənistanda oldum, bir dəfə də Ermənistan üzərindən Dağlıq Qarabağda. Buna görə də, düşünürəm ki, bütün bu sülhpərvər layihələrə və daha dəqiq desək, onların böhranına qiymət verməyə mənəvi haqqım var.
O vaxtlar Azərbaycan uduzan tərəf idi. Mənim və dostlarımın “natamamlıq kompleksi”, dərin incikliyi var idi. Bu, özünü erməni həmkarlarla birgə iş zamanı da göstərirdi. Təsəvvür edin, dünən axşam, az qala “qardaşlaşdığım” erməni həmkarım birdən mənə deyir: “Şahin-can, axı bu Qarabağ sizin nəyinizə lazımdılr? Siz axı sonradan gəlməsiz, biz isə Herodot vaxtından burdayıq… Güzəşt edin, təki sülh olsun”.
İlk vaxtlar mübahisə edirdim, nə isə sübut etməyə çalışırdım. Amma təqribən 2000-lərdən anlamağa başladım ki, bütün bu “xalq diplomatiya” layihələri vaxt və pulun boş sərfidir. Bütün çətinliklərə baxmayaraq, iradəmi toplayıb işimə davam edirdim.
Soruşa bilərsiniz, niyə davam edirdin? Başqa variantım nə idi bəs? Hakimiyyətlə, ya oliqarxlarla əməkdaşlığa getmək (başqa sözlə, “satılmaq”) istəmirdim. Mühacirəti ağlıma belə gətirmirdim. Mühəndisliyə qayıtmaq olardı, amma əməkhaqqı cüzi idi, neft layihələri hələ işə düşməmişdi. Ən əsası isə, bu dövrdə çoxlu dəyərli insanlarla tanış olub dostlaşmışdım. Onlarla işləmək əsl zövq verirdi.
Bəli, mən müxtəlif sülhməramlı layihələrdə iştirak etmişəm, buna görə maaş almışam, xarici ölkələrə işlə bağlı “müftə” səfərlər etmişəm. Bunun müqabilində isə məqalələr yazmışam, filmlər çəkmişəm, təlimlər keçirmişəm. Əminəm ki, zəhmətim hədər getməyib, sülh quruculuğuna müəyyən qədər töhfə verə bilmişəm. Fəaliyyiyətimə irad bildirən, hər halda üzümə deyən olmayıb. Bunları bəraət qazanmaq üçün yazmıram. Bu 30 il ərzindəki fəaliyyətimə görə vicdanım təmizdir. Əlbəttə, mən “Roma Papası” deyiləm ki, qüsursuz olum, elə buna görə də indi bu “tövbəni” yazıram.
Dəfələrlə demişəm, yenə təkrar edirəm: mən özümü “sülh göyərçini” saymıram. Jurnalist, əgər obyektiv, qərəzsiz reportajlar hazırlayırsa, o, sülh prosesinə daha çox xeyir verir, nəinki “gəlin dost olaq, təki müharibə olmasın” deyən hər hansı şərti Qeyri-Hökumət Təşkilatı nümayəndəsi.
Növbəti ciddi sınaqdan 2016-cı ildə, Aprel döyüşləri zamanı keçdim. Bizim müstəqil jurnalistlərin nə o vaxt, nə də keçənilki müharibə zamanı cəbhə xəttinə gedib, hadisələri birbaşa yerindən işıqlandırmaq imkanımız yox idi. Buna görə də biz xəbərləri ikinci mənbələrdən alırdıq, bəzən inanmaq istədiyimizə inanırdıq. Faktların dürüstlüyünü yoxlamaq çox çətin idi.
Feysbukda gözəl bir funksiya var: “xatirələr”. Bu “xatirələr” mənə çox mühüm detalları xatırladır. Məsələn, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan hərbi geyimdə, hərbi heloikopterdə işğal edilmiş Ağdam rayonuna təlimlərə uçanda mən onun uçduğu helikopteri vurmağı tələb edirdim. Buna görə qətiyyən təəssüf hissi keçirmirəm. Xankəndidə yerləşən hərbi obyektləri bombalamağı təklif edirdim. Yəni, bu anlarda özümü jurnalist kimi, yaxud “sülhməramlı” kimi aparmaqdan uzaq idim.
Mən tək dəyiləm. 44 günlük müharibə zamanı peşəkarlığına hörmət etdiyim bir erməni həmkarım (adını çəkmirəm) sosial şəbəkədə əlində silah bir şəkil paylaşmış və yazmışdı “Əlvida, jurnalistika!”. Mən onu başa düşürəm. (Yeri gəlmişkən, o, yenidən jurnalistikaya qayıdıb).
İndi isə ünsiyyətdəki böhran barədə:
Atəşkəs dövründə azərbaycanlı və erməni jurnalistləri, QHT nümayəndələri, insan haqları müdafiəçiləri arasında normal əlaqələr yaranmışdı. Biz ümumi layihələrdə iştirak edir, bir-birimizə qonaq gedir, “Avropalarda” və “amerikalarda” görüşürdük. 44 günlük müharibə bu əlaqələrin çoxuna balta vurdu. Ən mühüm olan məfhum – etibar yox oldu.
Mənim bəzi şərhlərimdən inciyən erməni həmkarlarıma qarşı kin saxlamıram. Və bəraət üçün deyil, daha yaxşı anlayış üçün keçmişdən bəzi misallar gətirmək istəyirəm:
«Ara, hara girirsiz? Müharibə sizlik deyil! Gedin oturun, semiçkanızı satın!”
“Birinci müharibədə biz türklərə qaçmağı öyrətdik. İkincidə isə üzməyi öyrədəcəyik!” (Xəzəri keçməyi nəzərdə tutur).
Bu sözlər iki erməni generalına məxsusdur. Və sosial şəbəkələrdə, o cümlədən bəzi həmkarlarımız tərəfindən bəyənlib. Bu cür istehzaları mən təxminən 30 il ərzində eşidib dözmüşəm. Erməni həmkarlarımdan xahiş edirəm: özlərini mənim yerimə qoysunlar. Bəlkə də, onların arasında elə bir qoçaq olub ki, bu faşist sərsəmləməsinə etiraz edib, amma olubsa da, mən görməmişəm, diqqətsizliyimdir, yəqin ki. (Xaricdə yaşayan 2-3 marginalı saymıram).
Şəxsən mən öz erməni həmkarlarımdan gözləyirdim ki, “hərbi nəticələrin arqument olduğunu” inkar etsinlər. Dəfələrlə sual verirdim: “Bəlkə erməni tərəfi xoş məram kimi, heç olmasa, bir rayonu, bir kəndi azad etsin?” Öz tərəfimdən də bildirirdim ki, bir Azərbaycan vətəndaşı olaraq, Dağlıq Qarabağın statusuna aid Madrid Prinsiplərində nəzərdə tutulan referendumda səs verməyə hazıram, bir şərtlə ki, bölgənin azərbaycanlı azlığı və erməni çoxluğu eyni hüquqa malik olsun. Təəssüf ki, anlayış tapmırdım.
İndi isə mən özümü həmkarlarımın yerinə qoyuram. Onların 2020-ci il payız müharibəsindən sonrakı hisslərini anlayıram. Onların bizdən, sülh layihələrinin veteranlarından gözləntiləri o idi ki, biz öz rəhbərliyimizi müharibədən çəkinməyə çağıraq. Biz bunu etmirdik, əksinə, hər azad edilmiş kənd, şəhər, rayon xəbərinə sevinirdik. Bəzən də qarşı tərəfi lağa qoyurduq (bax, bu sonuncuya görə peşmanam).
Təkrar edirəm, həmkarlarıma qarşı kin saxlamıram. Ola bilər, kimsə bunu “qalib tərəfin rəhmi” kimi qiymətləndirsin, amma elə də deyil, çünki tam qələbə hələ görünmür. Bu, başqa mövzudur.
İndi hər iki tərəfin vətəndaş cəmiyyəti üçün əsas problem gələcək layihələrdə öz yerini tapmaqdır. Azərbaycanda çətin ki, belə təşəbbüslər alqışlansın (hökümətyönlü QHT-lərin “Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası” kimi layihələri istisna olmaqla).
Düşünürəm ki, mən də daxil, “veteranlar” nəsli artıq “aşınmış materialdır”, bizim resurslarımız tükənib. İndi ümid gənc nəslə qalır, onlar bizim xatirələrdən və qarşılıqlı inciklik hissindən azaddırlar.
Bəs sonra? Siyasi qeyri-müəyyənlik əvvəlki formatda azərbaycanlı-erməni layihələrinin effektivliyini xeyli məhdudlaşdırır. Amma, prosesi sanki “silkələmək” lazımdır. Yeni insanlar, yeni ideyalar, yeni nəfəs.
Müəllif: Şahin Rzayev, Bakı
pressklub
Tarix: 19-10-2021, 09:30