"Ermənistan Respublikasının rəhbərləri mətbuat nümayəndələri qarşısında çıxış edərkən tez-tez “artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” fikrini bildirir və köhnə hava ilə “millətlərin müqəddəratını təyinetmə” prinsipindən, Minsk Qrupunun Qarabağın statusu ilə bağlı bəyanatlarından bəhs edirlər. Sovet xəritələri əsasında sərhədlərin müəyyənləşməsinə könülsüz razılıqlarını bildirsələr də, ardınca mütləq bu müəyyənləşmənin Qarabağın statusuna aid olmadığını vurğulayırlar".
"AzPolitika.info" xəbər verir ki, bunları təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Ermənistan rəsmilərinin dəyişkən ritorikasının səbəblərini şərh edərkən bildirib.
"Məğlub olmuş, böhran içərisində olan erməni dövləti və bütövlükdə erməni milləti indiki acınacaqlı vəziyyətində 33 il ərzindəki iddialarından geri çəkilməməklə, nəyə və hansı qüvvəyə güvənirlər? Bu bəyanatlar daxili auditoriyaya hesablanır, yoxsa Qarabağ uğrunda mübarizəyə yeni təkan vermək və ya havadarlarının təsiri ilə Azərbaycana təzyiq siyasətini davam etdirmək məqsədi güdür?", - ekspert sual edir.
İ.İsmayılın sözlərinə görə, daxili auditoriya variantı daha məntiqli görsənir: "Ona görə ki, Azərbaycan, torpaqlarının işğal altında qaldığı 30 il ərzində ermənilərin “artsax müstəqil olmalıdır” tələblərini qəbul etməyib və təbii ki, 44 günlük müharibədəki qələbədən sonra da belədir. Sadəcə olaraq ermənilər yuxarıdan yapışırlar ki, ən aşağını ala bilsinlər". Ekspert qeyd edir ki, sovet xəritələrindən və konkret olaraq hansı ilin xəritəsindən istifadə olunacağı da erməni tərəfin müzakirə mövzusudur: "1920-cu il xəritəsinin üstünlüyündən və qəbul olunmayan tərəflərindən,1989-cu il xəritələrinin zərərindən danışırlar. Bir sözlə, erməni siyasəti yalnız öz maraqlarına xidmət etməkdə davam edir və burada qeyri-təbii heç nə yoxdur. Hər kəs yaxşı olanı öz tərəfinə çəkmək istəyir. Amma, məsələlər istəklə deyil, beynəlxalq hüquqla, reallıqla həll olunur".
Real situasiyanı təhlil edən İlham İsmayıl əlavə edir ki, hazırki mənzərəyə baxanda tərəflərin bir-biri ilə təzad təşkil edən mövqelərini görürük. "Gündəmdə olan sərhəd məsələsində ermənilərlə tam bir fikir və yanaşma ayrılığı var. Bu ayrılığın başında nə Göyçə, nə də Qaragöl istiqamətində guya bizim Ermənistan ərazilərini zəbt etməyimiz haqqında uydurma ittiham dayanmır. Bu, sırf qabaqdangəlmişlik edib bizi təzyiq hədəfinə gətirməkdir, həm də boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyil. Amma ermənilərin bu təbliğatına qarşı, yalançı “arqumentlərinə” qarşı bizim cavablarımız qənaətbəxşdirmi?", - ekspert sual edir.
Onun sözlərinə görə, ermənilər sərhədləri müəyyənləşdirmək istəmirlərsə, istəməsinlər, bu yanaşma bizim beynəlxalq hüquqla tanınan sərədlərimizdə möhkəmlənməyimizə mane ola bilməz: "Sovet xəritəsi əsasında sərhəd xəttini, mühəndis-sərhəd qurğularını yaradıb, necə deyərlər, düşmənlə aramızda tikanlı məftillərimizi çəkib, bütün dünyaya da elan edəcəyik. Ermənilər özlərini o dərəcədə həyasız aparırlar ki, lovğalanıb deyirlər ki, “Türkiyə və Azərbaycanın ərazi bütövlüyü hüququ Ermənistandan asılıdır. Ermənistan bu hüququ tanımayınca, hər iki dövlətin ərazi bütövlüyü şübhəli olaraq qalacaq”. Ermənilərin bu mövqeyi “xoruz yox idi, səhər açılmırdı?” məsəlinə uyğun gəlir. Anklav kəndlərin problemini danışıqlar yolu ilə, beynəlxalq hüquqa əsasən həll etmək istəməsələr, Azərbaycan yenə də beynəlxalq hüquqa əsaslanıb, o əraziləri də hərb yolu ilə geri qaytara bilər".
Nəqliyyat infrastrukturunun maneələrini aradan qaldırmaq sülh sazişinə gətirib çıxara bilərmi? Bizim Mehridən keçib Naxçıvana getməyimiz, ermənilərin də həmin yoldan və Qazaxdan keçib Gürcüstana, Rusiyaya getməsi nə dərəcədə sülhə təkan verəcək? Yol infrastrukturu açılanda erməni yumşalıb Azərbaycanın tərkib hissəsində yaşamağı qəbul edəcəkmi?
Bu suallara cavabında İ.İsmayıl bildirir ki, Ermənistan rəhbərlərinin apardığı siyasət Azərbaycanın, müharibədə qələbə qazanmasına baxmayaraq, hələ də Ermənistandan asılı olduğunu göstərməkdir: "Qarabağın nəzarət edə bilmədiyimiz hissəsini “artsax” deyib hələ də əllərində saxladıqlarını, Naxçıvana yol üçün Ermənistandan asılı olduğumuzu, sərhədləri tanımadıqlarını xüsusi təzyiq vasitəsi kimi qabardırlar. İşğal altında qalan 8 anklav kəndi heç vaxt geri qaytarmayacaqları təbliğatını aparırlar. Nəyə nail olmaq istəyirlər? Azərbaycanın bununla razılaşmayacağını bilirlər, amma vaxtı uzatmaqla hələ də ümid edirlər ki, daim düşmənçilik toxumu səpən diasporanın təsiri ilə super güclər Azərbaycana təzyiq edəcək və biz hansısa güzəştlərə gedəcəyik".
Ekspert qeyd edir ki, biz güzəştə getmirik, amma düşməni əlindəki “kozır”lardan məhrum etmək üçün də təsirli siyasət yürütmürük: "Biz sərhəd məsələsində, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq hüquqa əsaslanan ərazimizi bildiyimiz üçün düşmənin delimitasiya və demarkasiya işlərinə razı olub-olmaycağına önəm verməməliyik. Bütün Ermənistan Zəngəzur dəhlizinə razı olmayacaqlarını bəyan edir. Olsun. Deməli, elə əks təzyiq siyasəti yürüdülməlidir ki, bu dəhliz üçün erməni yalvarmaq dərəcəsinə çatsın, xahiş etmiş olsun. Belə təzyiq yenə Qarabağın özüdür, Qarabağdan erməni silahlı birləşmələrinin təcili çıxarılması məsələsinin gündəmə gətirilməsidir, qaçqınlarımızın o yerlərə köçürülməsi prosesinə başlamaq siyasətidir. Onsuz da bu dəhlizin açılması daha çox Moskva üçün lazımdır və gec-tez buna nail olacaq, amma hələ ki, Kreml ondan nifaq salmaq vasitəsi kimi istifadə edib gərginliyi bir az da artırır. Ehtimal olunan Moskva görüşündə müzakirə olunan məsələlərin Azərbaycan və Ermənistan arasında sülh yaratması ehtimalı çox-çox azdır. Yol açılması sülh yolunu açmır. Düşmənimizi tanıyırıq".
Onun sözlərinə görə, qələbədən sonrakı bir il sübut etdi ki, Qarabağın bir hissəsinə neçəki Ermənistan və havadarı Rusiya nəzarət edir, daim bizə müxtəlif təzyiq vasitələri tətbiq olunacaq. "Ona görə də, yolun açılması öz yerində, əsas diqqəti Qarabağa nəzarətin Azərbaycana keçməsi üçün 10 noyabr üçtərəfli sazişin bəndlərinin yerinə yetirilməsinə yönəltmək məqsədəuyğundur", - təhlükəsizlik eksperti vurğulayıb.
Tarix: 1-11-2021, 22:19