"Rusiya sülhməramlıları o qədər özbaşınalıq edirlər ki..." - ETİRAZ


Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov noyabrın 9-da İrəvana, noyabrın 10-da isə Qarabağa gələcək.

Bu barədə məlumatı Rusiya Cənubi Hərbi Dairəsi yayıb.

Bildirilib ki, noyabrın 10-da Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə müvəqqəti yerəşdirilməsinin bir ili tamam olur.

Məlumata görə, Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini general-leytenant Rüstəm Muradov Müdafiə Nazirliyinin 200-ə yaxın medalını özü ilə birlikdə gətirib. Hərbi xidmətdə fərqlənənlər həmin medallarla təltif ediləcəklər.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə Azərbaycan ərazisinə yerləşdirilib.

R.Muradov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin ilk komandanı təyin edilib. Hazırda isə Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına general-leytenant Gennadi Anaşkin rəhbərlik edir.

Maraqlıdır, Rüstəm Muradov vəzifəsi başa çatdıqdan sonra da tez-tez Qarabağa gəlir, hətta əsirlərin qaytarılması prosesində də şəxsən iştirak edir. Zəfər Günü ərəfəsində Muradovun Qarabağa səfər etməsi isə cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmadı.

Ümumiyyətlə, Rusiya sülhməramlılarının keçmiş komandanının Qarabağa gəlməsindəki əsas məqsəd nədir?

Ehtiyatda olan polkovnik, hərbi-ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, son vaxtlar görünən odur ki, Rusiya cızığından çıxır və bəzi lazımsız addımlar atır:

“Rusiya sülhməramlıları o qədər özbaşınalıq edirlər ki, onların nə məqsədlə bunları etməsi bəzən sual doğurur. Rus əsgərləri bizim torpaqlarda çox yekəxanalıq edirlər. Lakin istənilən halda bu məsələlərə gec-tez aydınlıq gətiriləcək. Rüstəm Muradov birinci komandan kimi Qarabağa gələrək guya 1 il ərzində əsgərlərinin etdiyi “böyük xidmətlərə” görə onları mükafatlandıracaq.

Muradovun medal paylayacağı əsgərlər 1 il ərzində Qarabağda sadəcə vaxt keçirərək, istirahət ediblər. Mən rus sülhməramlıları ilə bağlı başqa şeylər gözləyirdim. Lakin onlar tamam başqa tərbiyənin və əxlaqın yiyəsi olduqlarını bir daha sübut edirlər.

Rus əsgərlərinin 1 il ərzində Qarabağda nə hoqqalardan çıxdığını hamı bilir. Onlar əsas vəzifələrindən başqa hər şeyi etdilər. Rus sülhməramlılarının əsas vəzifəsi erməni silahlı birləşmələrini zərərsizləşdirmək idi. Buna baxmayaraq, onlar bunu etmədi. Təəssüflər olsun ki, ötən 1 il ərzində yaralanan və şəhid olan əsgərlərimiz oldu”.

Ekspert Ermənistan müdafiə nazirinin Qarabağa buraxdıqlarına görə də rus sülhməramlılarını kəskin tənqid edib:

“Bu gün mətbuatda məlumatlar yer alıb ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Şuşada qələbənin ildönümünü qeyd edərkən, Rusiya sülhməramlıları Ermənistanın müdafiə naziri Arşak Karapetyanı Qarabağ ərazisinə buraxıblar.

Karapetyan isə orada səngərləri gəzib və erməni əsgərlərinə medal paylayıb. Bu rus sülhməramlılarının ikiüzlülüyüdür. Erməni nazirin Qarabağa gəlməyindəki yeganə məqsəd vəziyyəti daha da gərginləşdirmək və Azərbaycan cəmiyyətinin bayram ovqatına hörmətsizlik etmək idi. Axı Karapetyan kimdir ki, Rusiya sülhməramlıları onu Azərbaycan ərazisinə buraxır?

Rusiya Azərbaycan xalqına hörmətlə yanaşmalıdır. Hesab edirəm ki, Azərbacanın Rusiyadan bəzi tələbləri olmalıdır ki, onlar özlərini biraz yığışdırsınlar. Çünki bu uzun müddət belə davam edə bilməz”.
Tarix: 9-11-2021, 22:59
Xəbəri paylaş





Xəbər lenti