Xankəndindəki separatçı “parlament”in növbəti təxribatçı bəyanatı və dünya güclərinin siması...


Xankəndindəki separatçı “parlament”in növbəti təxribatçı bəyanatı və dünya güclərinin siması...
Müvafiq qurumlarımız  düşmənlərin ordumuza qarşı təxribatlarının mexanizmini ciddi araşdırılmalı və növbəti təxrubatların, böhtanların qarşısı mümkün qədər alınmalıdır...
 
30 ildən çoxdur ki, Xankəndində qondarılmış və 1 il öncəki 44 günlük savaşdan sonra da tör-töküntüləri Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentnin himayəsində  Qarabağda  sülənən separatçı-terrorçu rejimin qanunsuz “qanunverici orqanı” dünən – noyabrın 9-da növbəti iclasını keçirib.
 
Moderator.az xəbər verir ki, üzdəniraq iclasda separatçı “parlament” yekdilliklə “Artsax xalqının azad və müstəqil həyata danılmaz hüququ haqqında” bəyanatını qəbul edib.
 
Qanunsuz qurumun sədri  Artur Tovmasyan öz çıxışında “Azərbaycan tərəfinin dinc əhaliyə qarşı yönəlmiş növbəti təxribat və cinayət əməlini pisləyib”, və həmişəki kimi  44 günlük savaşla bağlı Azərbaycan və Türkiyəyə qarşı məlum hədyanları çərənləyib.
 
Zəruri şərh:
Belə bir bəyanatın məhz Azərbaycanın Zəfər bayramını qeyd etdiyi gündə - noyabrın 8-də Şuşada bir erməninin ölümü, 3-nün yaralanmasıyla nəticələnmiş təxribatdan sonra  verilməsi təsadüfi deyil. Nəzərə alsaq ki, həmin gün Şuşada Azərbaycan Prezidenti və 1-ci Vitse-prezidenti ilə yanaşı, Türkiyənin Müdafiə naziri də olub, digər tərəfdən,  atəşkəsə dair 10 noyabr üçtərəfli razılaşmasının ildönümü ərəfəsi olması  bunun erməni təbliğatı üçün hansı “kozır” olduğunu söyləməyə gərək yoxdur. Təəssüf ki,  Azərbaycan  XİN və MN-in bəyanatlarında  Şuşadakı qətlin dolayısıyla “Azərbaycan ordusu tərəfindən törədilməsi” etiraf edilir və bunun təxribat olduğu ətraflı və əsaslı şəkildə izah edilmir. Bunun ardınca isə noyabrın 9-da Rusiya MN-in rəsmi saytında sözügedən insidentin “Azərbaycan ordusu tərəfindən törədilməsini” təsdiqləyir...  
Belə bir vəziyyətdə  ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə bürosu “Dağlıq Qarabağda Şuşa yaxınlığında mülki vətəndaşın qətlini pisləməsi” haqda bəyanat verir... 
Xankəndindəki üzdəniraq bəyanat həm də ABŞ və Avropa ölkələrinin, xüsusən də Fransanın dövlət qurumlarının Azərbaycan dövlətindən  Qarabağdakı ermənilərə “status” verilməsi tələbi və bu məqsədlə ATƏT-in Minsk qrupunun dirçəldilməsi cəhdlərinin olduğu, eyni zamanda  Moskvada  gözlənilən ölkə rəhbərləri səviyyəsində üçtərəfli görüşün baş tutmadığı bir şəraitdə verilir... 
Həmçinin bu ərəfədə qəsbkar Ermənistanın Müdafiə naziri Arşak Karapteyanın Azərbaycanın Qarabağ torpaqlarına səfəri, onun oradakı qanunsuz erməni hərbi hissələrini və onların səngərlərdəki mövqelərini ziyarət etməsi, işğalçı hərbçiləri mükafatlandırması  və bunun xarici mediada da tirajlanması ermənilərin Qarabağa iddialarının nə qədər ciddi olduğunun dünyaya çatdırılması məqsədi daşıyır...
Bütün deyilənlər göstərir ki, 44 günlük savaşdakı böyük uğurlarımıza rəğmən Qarabağ məsələsində Azərbaycana qarşı ciddi cəbhə ilə oradakı və Ermənistandakı ermənilərdən daha çox  Minsk Qrupunun həmsədrləri  Rusiya, ABŞ və Fransa da daxil olmaqla  super xarici güclər çıxış edir. Və onlar hər vəchlə öz maraqları təmin olunmayınca tərəflər arasında sülh sazişinin imzalanmasına mane olurlar. Odur ki, müvafiq qurumlarımız sayıqlığını itirməməli, xüsusən düşmənlərimiz tərəfindən Qarabağda və Ermənistanla sərhəddə ordumuza qarşı təxribatların törədilməsi mexanizmi ciddi araşdırılmalı, günahkarlar cəzalandırılmaı və növbəti təxribatların, böhtanların qarşısı mümkün qədər alınmalıdır...

Tarix: 10-11-2021, 10:24
Xəbəri paylaş





Xəbər lenti