DANIŞIQLAR NİYƏ DALANA DİRƏNDİ? - "Ermənistan rəhbərliyi hazırda taym-aut götürüb"
Noyabrın birinci ongünlüyündə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin növbəti görüşü gözlənilsə də, regionda tamamilə əks hadisələr baş verdi. Ermənistanın müdafiə naziri Arşak Karapetyan Qarabağa gəlib, qanunsuz hərbi dəstələrlə görüş keçirdi, ardınca Şuşa ətrafında 4 erməni güəlləndi, Kəlbəcərdə Azərbaycan inşaatçıları atəşə tutuldu və Qaragöldə 60 erməni hərbçisi mühasirəyə alındı. Daha sonra Rusiyanın xahişi ilə onlar sərbəst buraxıldı. Moskvada planlaşdırılan, sonra onlyan formatda keçiriləcəyi bildirilən üçtərəfli görüş isə təkcə medianın xəbəri deyildi. Kreml belə bir sammitin keçiriləcəyini təsdiqləmişdi. Həmin görüşdə iki sənədin imzalanması planlaşdırılırdı:
1. Sərhədlərin delimitasiyası və demarkasiyasına başlamaq üçün komissiyanın yaradılması; 2. 10 noyabr bəyanatına uyğun olaraq kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın təsdiqlənməsi.Qeyd edək ki, MDB-nin Düşənbə sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Naxçıvan arasında dəmiryolu və avtomagistralın tikintisinə razılıq verdiyini açıqlamışdı.
Amma proses yarıda dayandı və yenidən gərginlik mərhələsinə qayıdıldı. Bu paradoks nə ilə bağlıdır?Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü
Elman Nəsirov bu barədə "Turan"a bildirib ki, son günlər postmünaqişə dövrünə xarakterik olmayan gərginlik müşahidə olunmaqdadır:
"Qarşıda Azərbaycan və Ermənistan siyasi liderlərinin Rusiyanın vasitəçiliyi ilə görüşünün keçirilməsi haqqında mülahizələr səslənirdi. Amma biz nəinki görüş, yeni gərginlik ocaqlarının yaranması haqqında məlumatlar eşidirik".O qeyd edib ki, bir yandan Ermənistan müdafiə naziri Qarabağa səfər edir, bir yandan da Ermənistan xarici işlər naziri Qarabağda yaşayan ermənilərin Azərbaycanın tərkibində mövcudluğunun qeyri-mümkünlüyü haqqında fikirlər səsləndirir:
"Nikol Paşinyanın ritorikasında da çox ziddiyyətli fikirlər yer alır. Noyabrın 8-də isə Azərbaycanda çox böyük şadyanalıq tədbirlər keçirildiyi zaman Şuşa yaxınlığında onlar növbəti təxribatçı addımlar atmağa başladılar. Son hadisələr deməyə əsas verir ki, Ermənistan tərəfi bütün bunları məqsədyönlü şəkildə həyata keçirir".Deputatın sözlərinə görə, Ermənistan dəfələrlə mühüm siyasi qərarlara imza atmağa hazırlaşarkən bu ölkədə ya terror hadisəsi, ya da inqilab baş verir:
"İndi də Paşinyanın qarşıdakı danışıqlar fonunda sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı sənədlərə imza atacağı ilə əlaqədar məlumatlar yayıldığı bir reallıqda bu hadisələr baş verir".Siyasi Menecmentlik İnstitutunun rəhbəri
Azər Qasımlı da Azərbaycan və Ermənistan rəhbərliyi arasında danışıqların olacağı, hətta sənədin imzalanacağı ilə bağlı məlumatlar yayıldığını xatırladır:
"Amma sonradan bəlli oldu ki, Ermənistan cəmiyyətində bununla bağlı müəyyən etirazlar var. Sonra Nikol Paşinyanın davranışında açıq sezilirdi ki, sanki o, bütün bu prosesləri saxladı və davam etmək istəmədi, çünki daxildə ona təzyiq var". Onun fikrincə, bu etirazlar, üstəgəl, imzalanacaq hər hansı bir sazişin Rusiyanın maraqlarına tam uyğun gəlməməsi məsələsi müəyyən bir gərginliyə yol açmış ola bilər.
A.Qasımlı qeyd edib ki, danışıqlar dalana dirənib:
"Ermənistan rəhbərliyi hazırda taym-aut götürüb və prosesi uzatmaq istəyir. Rusiyanın açıqlamalarından da görünür ki, o özü də sülh müqaviləsinin imzalanmasında o qədər də maraqlı deyil. Çünki bu baş versə, Dağlıq Qarabağın statusu məsələsi tamamilə bitmiş olacaq və belə olan təqdirdə Rusiya sülhməramlılarının orada qalmasının bir mənası qalmır".
Tarix: 12-11-2021, 09:38