Azərbaycan Respublikasının Kəlbəcər rayonunun bir il öncəki 10 noyabr razılaşmasından sonra da faktiki olaraq Rusiya “sülhməramlı”larının himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətində qalan Kolatağ kəndində yeni erməni ailələrinin məskunlaşdırılması davam etdirilir.
Moderator.az xəbər verir ki, bu haqda bilavasitə Kreml tərəfindən yönləndirilən “SputnikArmeniya” nəşri məlumat yayıb.
“Yerli icma rəhbəri Seyran Avanesyan deyir ki, kənddə müharibədən əvvəl 258 sakin olub, hazırda 327 nəfər yaşayır: Azərbaycanın nəzarətinə keçmiş Mardakert(keçm. Ağdərə rayonu) kəndlərindən buraya 12 ailə köçüb. Daha 10 ailə qonşu hərbi hissədə işləyən zabitlərdir”.
Kəlbəcər rayonunun bu kəndininin erməni “xaç atası” da olduğu deyilir.
Belə ki, Rusiyadakı erməni iş adamı Ayk Maqakelyan doğma kəndinə daim qayğı göstərir.
“Onun yenidən tikdirdiyi 22 fərdi evdən ibarət yeni məhəllədə məcburi köçkün və zabit ailələri yaşayır. Əvvəlcə bu evlər gənc ailələr üçün nəzərdə tutulubmuş” – xəbərdə deyilir.
“Avanesyan deyir ki, onların digər köçkünləri yerləşdirmək potensialı var: “Kənddə boş evlər var ki, cüzi təmirdən sonra yaşayış üçün yararlı olacaq”.
Ermənilər kənddə adi arpa, lobya, kartofla yanaşı, çoxlu balqabaq da becərir, ev quşları, o cümlədən hind toyuğu yetişdirirlər. Müharibədən sonra kəndi tərk edən olmayıb.
Kolatağda yeni layihələr də fəal şəkildə həyata keçirilir. Hazırda kəndin aşağı hissəsində turistlər üçün “WOW Glamping” eko-düşərgəsi tikilir. Kolatağda fabrikin də açılması nəzərdə tutulur, lakin kənd sakinləri hələ orada nə istehsal edəcəklərini demirlər.
Adamlar VII əsrə aid dini kompleksin - Akopavankın yenidən qurulmasına da böyük ümidlər bağlayırlar.. Yüz ildən artıqdır ki, bu məbəd fəaliyyət göstərmir” – erməni nəşri belə yazır.
P.S....Zəruri xatırlatma:
Moderator.az son bir il müddətində dəfələrlə ermənilərin Kəlbəcərin bu kəndindəki fəlaiyyəti haqda məlumat verib...1992-ci ilədək Ağdərə rayonuna daxil olmuş Kolatağ(yaxud Kolətək) kəndi Qırxqız dağ silsiləsindən axıb Xaçınçay çayına tökülən eyniadlı çayın sol sahilində, Xocalı rayonu ərazisindəki 1706 metr dağ yüksəkliyindən 3 km məsafədə yerləşir. Kəndin adının əsli Kolətəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır.
Kolatağ kəndi 1993-cü ilin yayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib və 44 günlük savaşdan sonrakı 10 noyabr razılaşmasına əsasən Rusiyanın sülhməramlı kontingentinin nəzarətinə və faktiki olaraq separatçı-terrorçu rejimin və Ermənistanın nəzarətinə verilib.Hələ bu ilin fevral ayında xəbər verdiyimiz kimi, inzibati-hüquqi cəhətdən Azərbaycanın Kəlbəcər rayonuna aid olan Kolatağ kəndində Milli Ordumuzun müzəffər savaşından sonra işğaldan azad olunmuş digər ərazilərimizdən, əsasən Şuşa və Hadrutdan köçmüş erməni ailələri üçün separatçı rejim tərəfindən yeni evlər tikilməyə başlanıb. İyun ayında isə erməni “xeyriyyəçi” Ayk Maqakelyanın maliyyə dəstəyi sayəsində bu Azərbaycan kəndində tikilmiş yeni 24 evdən 22-i artıq köçkün(?) ermənilərin istifadəsinə verilib...Sultan Laçın
Tarix: 12-11-2021, 10:40