“Zəngəzur dəhlizi: iki qütb üçün optimal marşrut” - Şəfa Əliyev
“Böyük Qarabağ Zəfərinin məntiqi nəticələri olaraq regionda, türk coğrafiyasında və ölkəmizdə tarixi hadisələr yaşanmaqdadır. Ölkə Prezidentinin təşəbbüsü və 7 iyul 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi prosesləri intensiv fazaya keçib. Böyük həcmdə infrastruktur şəbəkəsi yaradılır, yaşayış massivləri salınır və “ağıllı” texnologiyalar əsaslı layihələr reallaşdırlır. Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsi isə regionun ən iri nəqliyyat layihəsi kimi strateji əhəmiyyət kəsb edir. Hazırda bir çox istiqamətlərdə müxtəlif nəqliyyat layihələri, sənaye infrastrukturunun yaradılması və azad iqtisadi zonanın təşkili üzrə işlər sürətlənməkdədir. Amma, bütün bunlarla yanaşı, dünyanın diqqəti Zəngəzur dəhlizinə yönəlmişdir və bunun ciddi əsasları vardır”.
Bu sözləri
Bakupost.az -a açıqlamasında
iqtisad elmlər doktoru, iqtisadçı-ekspert Şəfa Əliyev deyib.
İ
qtisadçı qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Rusiya və Azərbaycanın srtateji maraqları ilə yanaşı, digər region ölkələri və türk coğrafiyasına daxil olan türkdilli dövlətlər üçün mühüm əhəmiyyət daşıyır:“Zəngəzur dəhlizi vasitəsilə dövriyyə edəcək yüklərin ümumi dəyərinin xeyli yüksək olacağı gözlənilir və regionda həyata keçiriləcək yükdaşımaların, idxal-ixrac əməliyyatlarının dəfələrlə artması baş verəcək. Zəngəzur dəhlizindən məhsuldar istifadədə ciddi maraq nümayiş etdirən böyük həcmli Çin bazarı amilini də nəzərə alsaq, bu dəhlizin geoiqtisadi əhəmiyyəti kifayət qədər yüksəlmiş olur. Nəzərə alsaq ki, bu gün Avropa İttifaqı və Çin arasəında ticarət dövriyyəsinin illik həcmi təqribən 560 milyard dollara bərabərdir və Zəngəzur dəhlizi bu iki qütb üçün də optimal marşrutdur, onda dəhlizin əhəmiyyəti bir qədər də aydınlaşır. Eyni zamanda, Zəngəzur dəhlizindən bəhrələnməklə, 1,2 trln. dollarlıq ümumi bazara malik olan Türkiyə başda olmaqla türkdilli dövlətlər - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan arasında inteqrasiyanın qısa bir zamanda genişlənəcəyini və xarici ticarət dövriyyəsinin əhəmiyyətli səviyyədə artacağını proqnozlaşdırmaq mümkündür. Zəngəzur dəhlizi Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının strukturunun diversifikasiyalaşdırılması və xərclərin optimallaşdırılması baxımından da müsbət nəticələr əldə etməyə imkan verəcəkdir.
Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki: “...1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq”. Bəli, tarixi ədalət bərpa olunmaqdadır, türkdilli dövlətlər daha sıx inteqrasiya etmək və iqtisadi potensialını artıqmaq, coğrafi mövqeyini gücləndirmək istiqamətində misligörünməmiş imkanlar əldə etmişlər.
Bu tarixi şansın reallaşdırılması nəticəsində Zəngəzur dəhlizi region ölkələrini bir-birinə daha çox yaxınlaşdıracaq, türk coğrafiyasını birləşdiməklə, ölkəmizin regionda və dünyada iqtisadi gücünü, rəqabət qabiliyyətini və beynəlxalq imicini xeyli artıracaq”.
Tarix: 3-12-2021, 14:42