"Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq" - BU SON XƏBƏRDARLIQ OLMALIDIR!
Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında Zəngəzur dəhlizi ilə bağlı Ermənistan hakimiyyətinə bəzi mesajlar ötürdü. Dövlət başçısı mesajında, "Mən demişdim ki, bizə vaxt versinlər, torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm",- deyə qəti xəbərdarlıq edib. O, çıxışına davam edərək bildirib ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda heç bir problem olmayacaq. Bu çıxışdan sonra belə bir sual ortaya çıxır: Prezident bu mesajla nə demək istədi? Dövlət başçısının bu çıxışını şərh edən Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Bizimyol.info saytına açıqlamasında bildirdi ki, əslində bu mesaj Ermənistan hakimiyyətinə bir xəbərdarlıqdır.
"Ölkə Prezidenti bu açıqlaması ilə Vətən müharibəsindən əvvəl səsləndirdiyi bəyanatları bir daha rəsmi İrəvana xatırlatdı. Bununla bildirdi ki, tələbələrimizə əməl etmədiyiniz üçün bədəlini də ağır şəkildə odədiniz. Bu açıqlaması ilə dövlət başçısı həmin ritorikanı başqa bir formada dilə gətirdi və Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqladı. Bildirmək istədi ki, bu tələbimizə də əməl etməsəniz, sizin üçün yeni problemlər ortaya çıxacaq və məsələni biz özümüz həll edəcəyik".
Bu məsələdə müxtəlif təzyiq yollarının olduğunu söyləyən deputatın sözlərinə görə, ilk növbədə Laçın dəhlizi dövlətimiz tərəfindən açıq şəkildə ortaya qoyulub: "Dövlətimiz tərəfindən kommunikasiya xətlərinə də fərqli yanaşma ortaya çıxa bilər. Burada Rusiyanın da öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən proseslərin yenidən fərqli məcrada inkişafına cəhd göstərildi. Problemin həll olunasında Kremlin də marağı olmalıdır. Necə ki, Soçi görüşündə bu maraq Vladimir Putin tərəfindən ifadə olundu. Əgər, bu ifadə boşuna səsləndirildisə, o zaman rəsmi Bakı öz fərqli mövqeyini ortaya qoyacaq və daha təsirli siyasət həyata keçirəcək. Bu da Ermənistan üçün daha ağır nəticələrə səbəb olacaq".
Həmsöhbətimiz düşünür ki, əslində bu xəbərdarlığın nə qədər ciddi olduğunu yaxın gələcəkdə İrəvan öz gözləri ilə görəcək. Bəzi dairələr belə düşünürlər ki, əgər rəsmi İrəvan bir daha bu tələbi yerinə yetirməkdən boyun qaçırarsa, yenidən hərbi əməliyyatlar başlaya bilər...
Bu ehtimalı istisna edən F.Mustafa, hərbi əməliyyatların başlanması sonrakı proseslərdə baş verəcək: "Lokal xarakterli anti-terror əməliyyatları həyata keçirilə bilər. Ancaq burada Laçın dəhlizinin bağlanmasından söhbət gedir. Biz sizə dəhliz vermişik, amma siz boyun qaçırırsız. Buna görə də dəhlizi bağlayırıq. Düşünürəm ki, bu məsələdə Rusiya sülhməramlıları da bizi dəstəkləyəcək və bunun başqa yolu yoxdur, çünki üzərlərinə böyük öhdəliklər götürüblər. Əgər öhdəliklər yerinə yetirilmirsə və Ermənistan bizə dəhliz vermirsə, onların Qarabağda nə işləri var? Əgər bu məsələdə bəyanatın tələbləri pozulursa, o zaman Azərbaycan yeni variantları işə salmaq üçün tam səlahiyyətə malik olur. Bu da ermənilərlə bütün kommunikasiya xətlərini tam kəsmək və bölgədə suverenliyi əldə etmək istiqamətində əsaslı addımlar atmalıdır".
Qeyd edək ki, prezident İlham Əliyevin çıxışında həm Ermənistan hakimiyyətinə, həm də Ermənistan ictimaiyyətinə ciddi mesajlar ötürüb. Bildirib ki, Zəngəzur dəhlizi nə vaxt açılarsa, heç bir problem olmayacaq və onlar bunu başa düşməlidirlər...
Dövlət başçısının bu mesajla inamlı və qətiyyətli mövqe ortaya qoyduğunu deyən müsahibimizin sözlərinə görə, prezident müqavilənin bütün şərtlərinə əməl edilməsini tələb edəcək: "Dövlət başçısı da bilir ki, müəyyən nəticələr əldə ediləcək. Ermənistan isə məsələni bir qədər dolanbac yollara sapdırmaq istəyir. Ancaq bu, baş tutmayacaq, çünki dövlətimizin qəti mövqeyi bu məsələnin həllində əsas rol oynayacaq. Ölkə başçısı Ermənistana sonuncu xəbərdarlığını etdi. Əgər bu da yerinə yetirilməsə, Azərbaycanın atacağı addımlar qarşı tərəfi düşünməyə deyil, konkret qərarlar verməya məcbur edəcək".
Bu məsələ ilə bağlı Azərbaycan Türkiyə və Rusiya ilə birlikdə Ermənistana qarşı hansısa sanksiyaların tətbiqi baş tuta bilərmi? Ümumiyyətlə, belə bir ehtimal varmı?
Türkiyənin bu məsələdə hər zaman Azərbaycanla birlikdə hərəkət etdiyini bildirən deputatın sözlərinə görə, bu məsələ ilə bağlı Ankaranın Moskvaya müəyyən təzyiqləri olacaq: "Ankara bildirəcək ki, əgər imza atdığın sənədin icrasına gücün çatmırsa, niyə imza atmısan? Ona görə də Rusiyanın bu məsələdə aktiv rol oynayacağını müşahidə edəcəyik".
Bəs Prezident İlham Əliyevin çıxışındaki Zəngəzur dəhlizinin açılış vaxtı ilə bağlı tələbinə həm beynəlxalq dairələr və böyük dövlətlər tərəfindən hansısa reaksiyalar olacaq?
Bu tipli reaksiyaların olması ehtimalını istisna edən BQP sədri, bunun Azərbaycanın qanuni tələbi olduğunu diqqətə çatdırdı: "Üstəlik, prezident bu sözləri Brüssel görüşündə də dilə gətirəcək və görüşün əsas şərtlərindən biri bu olacaq. Əslində, dövlət başçısı bu fikri səsləndirməklə, Brüssel üçün İrəvana vaxt verib. Əgər görüşdə Minsk qrupu hər iki tərəfə problemin həlli üçün təkliflər versə, prezidentimiz bu həllin Zəngəzur dəhlizinin açılmasından asılı olacağını bəyan edəcək".