Xankəndidə mümkün görüş - Bütün qondarma qurumların ləğvi əvəzində Bakı...

Xankəndidə mümkün görüş – Bütün qondarma qurumların ləğvi əvəzində Bakı…
Hər şey bu cür qala, bu cür davam edə də bilməz, əks halda, biz yeni “status-kvo” ilə üzləşə bilərik.Yaddaşımızdan çıxıbmış- 1991-ci ilin 10 dekabrında ermənilər sən demə, Qarabağda saxta “müstəqillik referendumu” keçiriblərmiş. İndi isə 30 il əvvəlki o günləri köks ötürərək xatırlayırlar.Qarabağa qayıtmış köçmən erməni icmasının rəhbəri Araik Arutyunyanın, hələ də özünü “parlament spikeri” kimi təqdim edən Artur Tovmasyanın, eləcə də “xarici işlər nazirliyi”nin bu mənasız təqvimlə bağlı müraciətləri yayılıb. Ənənəvi sarsaq cümlələrdir: “artsax” yaralıdır, amma heç vaxt Azərbaycanın tərkibində olmayacaq”, “mübarizə davam edir” və sairə… İçi boş bəyanatlar olsa da, ermənilərin əhval-ruhiyyəsinin göstəricisi kimi diqqət çəkir.Arutyunyan müraciətində isə bəzi məqamlar var. O, Rusiya prezidentinə təşəkkür edib və “sülhməramlıların “artsax”da mövcudluğuna təminat verilənə və sülhməramlı qüvvələrə ehtiyac aradan qalxana qədər bölgədə qalmasının vacibliyini” bildirib. İcma rəhbəri müraciətdən anlaşılır ki, qanunsuz silahlıların bölgədən çıxarılması barədə 10 noyabr razılaşmasını yerinə yetirmək fikrində deyillər. “Təhlükəsizliyin təmin edilməsi üçün Müdafiə Ordusunun imkanlarını ardıcıl inkişaf etdirilməliyik. Son bir ildə artıq müəyyən nəzərəçarpacaq işlər görülüb, ildən-ilə biz öz təhlükəsizlik mexanizmlərimizin effektivliyini artıracağıq”.Daha bir erməni “rəhbəri” Bəyləryanın sözlərinə görə isə Qarabağa Ermənistandan səfərlərin Azərbaycana heç bir dəxli yoxdur. Gözdən əlil olan keçmiş “ombudsman” indi yəqin, həm də ağlını da itirib ki, keçib getdikləri yolun, koridor kimi istifadə etdikləri şəhərin Azərbaycana məxsus olduğunu “unudub”. Bu bəyanatlardan həm də o aydın olur ki, bir neçə ay əvvəllər müqayisədə ermənilər bir az arxayınlaşıb, Rusiya sülhməramlılara güvənləri artıb və bu səbəbdən dilləri də uzanıb.Ermənilər məskunlaşmış ərazilərlə bağlı Bakının yaxın illər üçün hansı həll planı olduğu haqda bilgi yoxdur. Xankəndinə dəmir yolu xətti çəkmək barədə qərarlılıq yaxşı haldır. Zəngilandan başlayan Ağbənd yolunda da tez bir zamanda görülən işlər adamı sevindirir. Amma gizlətmirəm, bir qarabağlı, orada məskunlaşacaq vətəndaş kimi məni Zəngəzur dəhlizinin taleyindən daha çox, Xankəndi ilə bağlı həll planları düşündürür. Bakının bununla bağlı hansısa proqramı, təklifləri varmı, bundan sonra nə olacaq? Suallar var. Dövləti təntitmək, “bəs, Xankəndi nə oldu” kimi mənasız suallarla işim yox. Hamı başa düşməlidir ki, 30 illlik münaqişənin nəticələrini, 100 illik erməni düşmənçiliyini aradan qaldırmaq asan iş deyil. Tərəflər bu iş üçün ilkin olaraq 5 il zaman götürüblər və sülhməramlılar dəvət edilib. Bəlkə də daha 5 il də lazım olacaq, bu barədə də düşünmək və qərar vermək lazım gələcək. Amma razılaşaq ki, hər şey bu cür qala, bu cür davam edə də bilməz. Əks halda, biz yeni “status-kvo” ilə üzləşə bilərik. Bəs, nə ola bilər?Bəzi mümkün variantları sadalamaq riskini üzərimizə götürsək- birincisi, Ermənistan və Qarabağın erməni icması Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. (Bundan yan keçməyin heç bir halda mümkün olmayacağını ermənilər də yaxşı anlayırlar, o səbəbdən Ermənistan prosesi uzatdıqca-uzatmaqda maraqlıdır).İlk addım atılarsa, bundan sonra Bakı ermənilərin təhlükəsizliyinə tam təminat verməlidir, erməni icması ilə heç bir vasitəçisiz (Ermənistanın da iştirakı olmadan) danışıqlar başlaya bilər. Qanunsuz silahların yığılması və ya könüllü təhvil verilməsi ilə eyni zamanda, Azərbaycan 44 günlük müharibədən sonra Qarabağ ərazisində qanunsuz silahlı birləşmələrdə olmuş şəxslərin məsuliyyətə cəlb edilməyəcəyinin razılaşdırılması da mümkündür. Azərbaycanın bütün dövlət strukturlarının (ilkin olaraq icra və polisin) bərpası, buna paralel olaraq qanunsuz erməni strukturlarının ləğvi üçün qrafik tərtib edilməsi də mümkün variantdır. Ermənilərin qondarma qurumları demontaj edildikcə, onu Azərbaycanın qanuni strukturları əvəz edə bilər. Ermənilərə yeni dövlət strukturlarında nə qədər kadr kvotası verilməsini də müəyyənləşdirmək olar.(Bu praktikadan DQMV zamanı istifadə edilib). Ermənilərin 5 il(və ya 10) ərzində Azərbaycanın hansı dövlət strukturlarında işləyə bilməyəcəyi dəqiqləşdirilərək(məsələn, DTX, Xarici Kəşfiyyat İdarəsi və sairə) qanunləşdirilə bilər. Ermənilərin Azərbaycanın istənilən şəhərində(eləcə də istənilən ölkədə) təhsil almaq hüququ tanınaraq, tədricən(müəyyən müddət də müəyyənləşdirmək olar)  Ermənistanın təhsil sistemindən tam ayrılması proseduru razılaşdırılmalıdır. İki il sonra erməni əhalisinin tam siyahılaşdırılmasının aparılacağını elan etmək, Azərbaycan ərazisində yaşayan bütün etnik xalqlara tanınan hüquqların ermənilərə də aid olacağı öhdəliyi götürmək, hətta məsələnin necə  həssas olduğunu nəzərə alaraq konstitusiya düzəlişində “Qarabağda yaşayan ermənilər” bölümü əlavə etmək mümkün variant kimi nəzərdə keçirmək olar…Davam etmək də olar, amma uzatmağa da gərək yox.Əlbəttə, Qarabağda məskunlaşmış ermənilərin yenidən bizə dil uzatdıqları vaxtda bunları düşünmək qəribə, hətta fantastika kimi görünə də bilər. Amma ermənilər atılıb-düşəcəklər də, sakitləşəcək də. Ermənilərin bir az ağıllı başları yaxşı anlayırlar ki, artıq 30 il əvvəlki dövr deyil, 3 il əvvəlki zaman heç deyil. Təkcə Qarabağda deyil, bölgədə hər şey dəyişir. O səbəbdən gec-tez bizim dediklərimizə gələcəklər…Bakı buna mümkün həll variantları ilə hazırlaşmalıdır./musavat.com
Tarix: 12-12-2021, 22:43
Xəbəri paylaş





Xəbər lenti