Deputat: “Bu, uğursuz oyun olacaq və heç bir nəticə verməyəcək”
Erməni mediasında Rusiyanın Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılması prosesinə başladığı haqqında məlumatlar yayılıb. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu erməni mənbələrinə istinadən qeyd edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordov Qarabağdakı "rus icması"na rəhbər seçilib.
Analitik bildirib ki, dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başalanıb: "Bunu separatçı rejim yox, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələri təşkil edir. Qarabağda yaşayan rusların sayı çox deyil, onlar ermənilərlə qarışıq ailələrdə yaşayırlar. Belədirsə Qarabağda təşkilatlanmış rus icmasına nə ehtiyac var?".
“Görünür, bu, həm Moskvaya, həm də erməni separatçılarına lazımdır. Bu, “Donbass ssenarisinə” bənzəyir. Rusiya əvvəlcə Donbasda separatçılığı dəstəklədi, bundan sonra orada yaşayanlara Rusiya pasportları payladı. Hazırda Rusiya Ukraynanı hədələyir ki, Donbassa hücum olarsa, Rusiya bu bölgədəki vətəndaşlarını qorumaq üçün Ukraynaya müdaxilə edəcək. Abxaziya və Cənubi Osetiya da eyni yolla Gürcüstandan qopardılmışdı”, - deyə Mərkəz rəhbəri vurğulayıb.
Onun fikrincə, Moskvanın Qarabağdakı ermənilərə də Rusiya pasportları paylaması təhlükəsi var: “Belə olarsa, Rusiya Qarabağda Rusiya vətəndaşı olan erməni separatçılarını qorumaq bəhanəsiylə Azərbaycanın Xankəndi və ətrafını nəzarətə götürməsinə mane olacaq. Moskvaya Qarabağdakı ermənilərə Rusiya pasportlarının paylaması həm də ona görə lazımdır ki, 2020-ci ildə bölgədə yerləşdirdiyi hərbçilərinin varlığını daimi edə bilsin”.Şahinoğli Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin rusiyalı hərbçilərin Qarabağa daxil olduğu gün Rusiyanın televiziya kanalında dediklərini xatırladıb: "Jirinovski demişdi: “Biz Qarabağda əbədi qalacağıq, oradan çıxmayacağıq”. Məlumdur ki, Kreml bir sıra ideyalarını Jirinovski vasitəsilə səsləndirir. Azərbaycanın icazəsi olmadan rusiyalı hərbçilərin Xocalıda provaslav kilsəsi açması, rus sərkərdəsi Aleksandr Nevski başda olmaqla rus yazıçılarının abidələrini qoyması bu siyasətin tərkib hissəsidir. Rusiyalı hərbçilərin 4 ildən sonra Qarabağı tərk etmələrini istəyiriksə, Moskvanın erməni separatçılarıyla birgə həyata keçirdiyi planları pozmağa çalışmalıyıq. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı bir sıra iddiasını rədd etdi. Ancaq müxtəlif istiqamətlərə təhlükələr ard-arda gəlir. Erməni lobbisi və ona dəstək verən siyasi mərkəzlər Azərbaycana qarşı məkrli planlarından əl çəkən deyillər. Qarşımızda həll ediləsi xeyli məsələ var. Eyforiyaya varmağa isə vaxt yoxdur".
Milli Məclisin üzvü Asim Mollazadə isə sözügedən məlumatın dəqiqləşdirilməsini vacib hesab edir. Onun AYNA-ya dediyinə görə, ciddi yoxlamaq lazımdır ki, həqiqətən də belə bir addım atılıb, yoxsa yox: “Erməni mediası və mənbələri hər zaman yalan, dezinformasiya xarakterli məlumatları ilə seçilib. Onlar əksər vaxtlarda bu cür məlumatlar yayaraq təxribat niyyəti güdürlər”.
Deputat istisna etmir ki, separatçılar kimisə tapıblar və indi "rus icması" oyununu oynamaq istəyirlər: "Amma inanın ki, bu, uğursuz oyun olacaq və heç bir nəticə verməyəcək".Mollazadə xatırladıb ki, bu gün Azərbaycanda böyük rus icması var: "Cənubi Qafqazın ən böyük rus icması Azərbaycandadır. Rus icmasının, səhv etmirəmsə” 5 nümayəndəsi Azərbaycanın Milli Qəhrəmanıdır. Demək istədiyim odur ki, rus icmasının nümayəndələri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün canlarından keçiblər. 44 günlük Vətən müharibəsində Azərbaycanın rus əsilli vətəndaşlarının ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gözlərini qırpmadan döyüşə getdiklərinin, şəhid olduqlarının şahidiyik".
"İstisna deyil ki, Qarabağ uğrunda döyüşmüş, şəhid olmuş rus vətəndaşlarımızın ailə üzvlərindən, rus əsilli qazilərimizdən, veteranlarımızdan kimsə Qarabağda yaşamaq istəsin. Təbii ki, Qarabağda bərpa-quruculuq işləri bitəndən, qayıdış başlayandan sonra. Demək istədiyim budur ki, Azərbaycan ərazisində real rus icması məhz budur. Separatçılar kimisə ortaya atıb hansısa oyun oynayırlarsa, bunun nəticəsini görməyəcəklər. Çünki Qarabağ Azərbaycandır!", - deyə həmsöhbətimiz fikrini tamamlayıb.