Avropa Birliyi təcavüzkar Ermənistana 2,6 milyard yardım göstərir, amma bu yardım Azərbaycana göstərilmir






“Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzurdan keçən dəmir yolunun yenidən istifadəyə verilməsi üçün razılıq əldə olunub. Amma Azərbaycan tərəfinin mövqeyi belədir ki, əgər dəmir yolunda gömrük yoxlaması və yaxud sərhədçilərin yoxlaması baş verəcəksə, onda Azərbaycan da Laçın dəhlizində eyni adekvat qaydaları tətbiq edəcək. Onsuz da dəmir yolunun çəkilməsi müəyyən olunub və statusu məsələsində də müəyyən irəliləyişlər var”.
 
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli Brüssel görüşü haqda danışarkən deyib. Politoloqun sözlərinə görə, yeni şosse yolunun çəkilməsiylə bağlı tərəflər yenidən danışacaqlar:  
 
“Amma şosse yolunun çəkilməsi məsələsində ermənilər Sovet dövründə mövcud olan dəmir yolu və şosse yolunun bir-birinə paralel, tam məsafədən çəkilməsinə etiraz edirlər. Nəyə görə etiraz edirlər, bunu tam dəqiqliyi ilə söyləyə bilmərəm, amma mənə belə gəlir ki, həmin yoldan İrana bir neçə istiqamətdə körpülər vasitəsilə keçid var və bu keçidə görəmi, yoxsa məqsədləri nədir, bilmirəm. Ermənilər uzun bir şosse yolu təklif edirlər. Bu isə Qubadlıdan, Zəngilandan çəkilə bilər. Amma Naxçıvanın Şahbuz rayonunun Biçənək kəndi var ki, dağlıq ərazidir və o istiqamətdən yolu çəkməyi təklif edirlər. Relyef etibarilə əlverişli deyil. Üstəlik də yolu özləri çəkmək istəyirlər. Amma çox xərc tələb edən layihənin nə dərəcə təqdim edilməsi məqsədəuyğundur, onu gələcək danışıqlar prosesində müəyyən edəcəklər. Ona görə də şosse yoluyla bağlı yeni danışıqların olacağı ehtimalı var. 
 
Azərbaycanın hüquqları o qədər tapdanıb ki, ona qarşı o qədər ədalətsiz hərəkət edilib ki, müşahidə etdikdə az da olsa Brüssel görüşünün bizim xeyrimizə olduğunu görmək olur. Onsuz da hər şey bizim xeyrimizə olmalıdır. Çünki Azərbaycanın işi haqq işidir və ermənilər bu işi düyünə salıblar, dünya ictimai rəyini müxtəlif yollarla aldada biliblər və bunu da bir çoxları ifşa etmək istəmir. Burda xristian təəssübkeşliyi, proseslərə yanaşmada ikili standartlar var və bu səbəbdən də məsələlərin obyektiv, birmənalı dəyərləndirilməsi prosesi baş vermir. 
 
Amma yenə də təcavüzkar pislənilmir. Azərbaycan torpaqlarının darmadağın edilməsi, minalanması, Azərbaycana vurulmuş və həcmi təxminən 250 milyarddan çox olan ziyanın üstündən keçilir. Bir milyondan çox qaçqının və məcburi köçkünün hüquqlarının tapdanması yenə də vurğulanmır. Axı bu Azərbaycan üçün böyük fəlakətdir. Azərbaycana həmin yerləri bərpa etmək üçün yenə də milyardlarla pullar tələb edilir. Hələ heç Ermənistandan təzminat tələb edə bilməmişik. Torpaqları dağıdıblar, evləri söküb aparıblar, mədəni abidələrimizi söküb daşıyıblar. Fauna və floraya çox böyük ziyan vurublar. Kəlbəcərdə böyük meşəliyi kəsib daşıyıblar. Zəngilanda çinar meşələri məhv edilib. O ağacların köklərinin üstündə od qalayaraq yandırıblar. Bu isə barbarlıq, vəhşilikdir. Azərbaycanın maddi və mədəniyyət abidələrinə misilsiz ziyan vurulub. Altmış yeddi məscidimizdən cəmisi ikisi qalıb, qalan hamısını məhv ediblər. Qalan iki məscidimizdə də donuz saxlayıblar. Üzeyir bəyin, Bülbülün, Natəvan xanımın heykəlləri güllələnib. Hər şeyi yerlə-yeksan ediblər və bu da Azərbaycana vurulmuş ən böyük ziyandır. Dövlətimiz də bütün bunların yenidən qurulması üçün pul xərcləməlidir. Söhbət on milyardlarla dolların bölgəyə yatırılmasından gedir. Avropa Birliyi təcavüzkar Ermənistana 2,6 milyard yardım göstərir, amma bu yardım Azərbaycana göstərilmir. Halbuki bizim torpaqlar dağıdılıb, işğal edilib. Ay zalımlar, işğalçını niyə şirnikləndirirsiniz?!”

Tarix: 16-12-2021, 10:59
Xəbəri paylaş





Xəbər lenti