Ermənistan İstintaq Komitəsinin sədri Azərbaycan torpağında medala layiq görüldü…
Xəbər verildiyi kimi, dünən - dekabrın 17-də Azərbaycan Respublikasının Yuxarı Qarabağ torpaqlarının Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsində quyruq bulayan separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kərəmyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Ermənistanın bəhs edilən yüksək vəzifəli məmuru Azərbaycan torpağında mükafat da alıb.
Laçın dəhlizindəki Rusiya hərbçilərinin razılığıyla Azərbaycan dövlət sərhədini pozaraq Xankəndinə gəlmiş erməni nazirin Araiklə görüşündə qondarma separatçı xunta ilə “Ermənistan Respublikasının müvafiq strukturları arasında qarşılıqlı əlaqələrin və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi” ilə bağlı məsələlər müzakirə edilib.
Bundan sonra Ermənistan İstintaq Komitəsinin sədri separatçı-terrorçu rejimin qanunsuz “istintaq” “komitə”sinin sədri İqor Qriqoryanla da görüşüb. İki erməni “dövləti”nin müvafiq qurumları arasında “əlaqə və təcrübə mübadiləsinin gücləndirilməsi, kadr hazırlığında dəstək” və s. məsələlərin müzakirəsindən sonra İ.Qriqoryan A.Kərəmyana təşəkkür edib və ona “Xidmətlərinə görə” medalını da təqdim edib.
Qeyd edək ki, bu ilin avqustunda Ermənistan İstintaq Komitəsinin keçmiş sədri Ayk Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti də Xankəndində olub...
Sultan Laçın
Tarix: 18-12-2021, 09:35