Qubadlı camaatı: “Ümidimizi kədərə çevirməyin. Biz evimizə qayıtmaq istəyirik”

Biz evimizə, kəndimizə qayıtmaq istəyirik...

 
İşdən çıxıb həmişəki kimi evə - Sumqayıta qayıtmaq üçün 20 Yanvar ətrafında maşın gözləyirdim. Elə oldu ki, mindiyim taksiyə orta yaşlı bir kişi və iki cavan oğlan da mindi. Hər gün rast gəldiyim mənzərə idi. Sürücü yola düşəndə ilk işi yaxınlıqdakı yanacaqdoldurma stansiyasından benzin doldurmaq oldu. Qabaqda əyləşmiş orta yaşlı kişi: “Hə, hara baxırsan zapravkadı, birini də bizim kənddə tikiblər, amma kənddə heç kim yaşamır”. Məni maraq götürdü və soruşdum ki, o hansı kənddir ki, heç kim yaşamır, amma yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir? Kişinin elə bil dərdi açıldı: “Qubadlının Eyvazlı kəndində SOCAR zapravka tikib, amma nəinki Eyvazlıda, heç başqa kəndlərdə də yaşayış yoxdur, qoymurlar getməyə” - deyib köks ötürdü. Maraq naminə sual verdim.
 
- O biri kəndlərin adamları, ümumiyyətlə Qubadlılar Eyvazlıdakı bu benzindoldurma stansiyası haqda nə deyirlər, camaat nə vaxt o yerlərə köçəcək?
Əvvələn, xeyirli olsun deyirik. Azad olunmuş ərazilərimizdə qurulan hər bir obyekt bizi sevindirir. Amma, bu xəbərləri Qubadlı camaatı sevinclə yanaşı, həm də təəccüblə qarşılayır. Bir il iki aydır Qubadlı işğaldan azad olub və biz indiyədək hansı xəbərləri eşidirik: Qubadlıda Bərguşad çayına balıq kürüsü töküldü, jurnalistlər gedib çay kənarında çay içdilər, Qubadlıda taxıl əkilib biçildi, qoruq sahələri müəyyən edildi, yanında, Zəngilan ərazisində aeroport tikilir və sairə. Əvəzində, Qubadlı camaatı da elə əvvəl olduğu kimi öz qaçqınlıq həyatını yaşayır. Sumqayıtda olansansa bilərsən, bu 28 ildə Qubadlılar Sumqayıtın kənarında qəbiristanlıq şəhəri salıblar və indi heç dəfn üçün yer tapılmır. Elə bu son bir ildə evini görmək həsrətilə nə qədər insanımız vəfat edib.
 
-Deyir gedib-gələnlər var, siz heç Qubadlıya getdinizmi?
 
Qubadlı əhalisinin öz kəndini, evini gedib görməsi mümkün deyil. Horadizdən başlayaraq 4 yerdə hərbi post qoyulub. Dünyanın o başından birisi gəlib bizim kəndlərə asanlıqla gedə bilər, amma həyatı məhv olmuş Qubadlı qaçqını həsrətində qaldığı öz evini, bağını, bostanını gedib görə bilməz. Heç kim də izah edə bilmir ki, niyə? Camaatı evlərinə getməyə qoymurlar. 
Mən: ”Eybi yox, yəqin bu stansiyanın Qubadlılara nə vaxtsa xeyri də olacaq, buna da şükr edək, sevinək”- deyəndə, kişi arxaya çönüb üzümə bir az diqqətlə baxandan sonra: “Sumqayıtın çöllərində qalan Qubadlı camaatı ilə SOCAR zapravkasının nə əlaqəsi var? Onsuz da o stansiya iranlılar və ermənilər üçün tikilib. Kim Qubadlının kəndindən və ya rayon mərkəzindən gedib Eyvazlıdan benzin dolduracaq? Elə ordan geri dönüncə onun benzininin yarısı qurtaracaq. SOCAR Qubadlı camaatına kömək etmək istəyirsə və bu qədər pulu varsa, yaxşı olardı ki, gedib Qubadlının bir kəndinin tikilməsinə yardım edəydi. Yəqin ki, o zapravkaya qoyulan pullar bir neçə kəndin bərpasına yetərdi. Belə getsə, deyəsən elə mən də Sumqayıtın çölündə ölüb gedəcəm. Mən müəlliməm, istəyirəm gedib kəndimizdə dərs deyəm, kəndimizin uşaqlarına tariximizi orda öyrədəm”. 
 
Bu sözləri deyəndə mən onun üzündə qəzəb, dolmuş gözlərində açıq görünən kədər gördüm. Susdum, o kədərin qarşısında deyiləcək sözüm, təsəllim yox idi. Bu kədərli gözlərə illərdir ki, alışqanam. Sumqayıtda bu kədərli gözlərlə tez-tez rastlaşıram...
 
Yanımda oturan iki cavan oğlan da söhbətə qoşuldu: Biz də Qubadlıdanıq, qaçqınıq, amma Qubadlını görməyən Qubadlılarıq. Hər gün böyüklərimiz xəbər gözləyir ki, köçməyə icazə verəcəklər. Son vaxtlar daha o barədə danışmırlar, ümidləri üzülüb.
 
Onlar şəhərin müxtəlif yerlərində hər gün toplaşır, eyni sualı hər gün bir-birinə verirlər: “Təzə nəsə yoxdu, nə deyirlər, nə vaxt köçməyə qoyacaqlar?”. Mən də qaçqınam.., o yerləri görməyən Zəngilanlı qaçqın. Atam o kədərlə dünyasını dəyişdi, anamın gözlərindəki ümid də hər gün kədərə çevrilir. 
 
Yazdım ki, gözlərimizdəki ümidin kədərə dönməməsi üçün başbilənlər dərdimizdən hali olsunlar. Biz evimizə, kəndimizə qayıtmaq istəyirik...

Tarix: 21-12-2021, 08:26
Xəbəri paylaş





Xəbər lenti