Deputat köməkçisinin erməni dilində təbrikinə 3 reaksiya


Xankəndinin deputatı Tural Gəncəliyevin köməkçisi Samir Məmmədov yeniyetmələr arasında keçirilən “Avroviziya” müsabiqəsinin qalibi olan erməni təmsilçi Malenanı təbrik edib. Özü də ermənicə. Bu barədə o, Tvitter səhifəsində yazıb. “Musiqi dünyəvidir, təbriklər, Malena”, - deyə o qeyd edib.
Bundan az öncə müsabiqənin azərbaycanlı təmsilçisi, yarışmada 5-ci yeri tutan Sona Əzizova Malenanı qucaqlayaraq təbrik elədiyi üçün qınaqlara tuş gəlmişdi.
Bəs əslində, belə vəziyyətlərdə davranışımız necə olmalıdır? Bu cür jestlər nə dərəcədə iki xalqın barışığını yaxınlaşdıra, düşmənçiliyi azalda, Azərbaycan vətəndaşı olan ermənilərdə cəmiyyətimizə inteqrasiya istəyini gücləndirə bilər? Ümumiyyətlə, Azərbaycan dövlətinin bu yöndə hansısa yaxın-uzaq perspektivli proqramı, “Yol xəritəsi” varmı, olmalıdırmı?
Əslən Ağdamdan olan millət vəkili Aqil Abbas mövzuya bu cür şərh bildirdi: “Bir gün biri eşşəyi çoxlu yükləyib, onu döyə-döyə gedirmiş. Hərdən də eşşəyi öpürmüş. Yoldan keçənlər deyir ki, ”həm yükləmisən, həm döyürsən, həm də öpürsən". Həmin adam da cavab verir ki, “mən adamlığımı yerinə yetirirəm”. İndi də azərbaycanlı uşaq Sona Əzizovanın erməni uşağını qucaqlamasını qınamıram, çünki uşaqdır. Yəni belə bir şey ola bilər. Üstəlik biz qalib xalqıq, müəyyən şeylərdə müəyyən qədər böyüklüyümüzü qorumalıyıq. Amma Tural Gəncəliyevin köməkçisinin nə yazmasından, deməsindən xəbərim olmasa da, onu başa düşə bilmirəm və qəbul etmirəm.
Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca
Aqil Abbas: “Erməni bizə jest etməlidir, biz erməniyə deyil!”
Jest məsələsinə gəldikdə, bunu əvvəla ermənilər başlamalıdırlar. Mən dünən Ağdamda idim, türkiyəli qonaqlarım ilə öz yurdumu gəzirdim. Türkiyəli qonaqlar dəhşətə gəldilər, dedilər ki, bu günə kimi belə dəhşət görməyiblər. Mənim yurd-yuvamı o günə qoymuş hansısa xalqa niyə mən jest etməliyəm? Onlar jest etməli, üzr istəməlidirlər. Biz hələ Ermənistanı məhkəməyə verməliyik. Niyə mənim evimi Azərbaycan Prezidenti, Azərbaycan dövləti tikməlidir? Törətdikləri vəhşiliklərə, dağıntılara görə Ermənistandan təzminat tələb etməliyik. Bir daha qeyd edirəm, erməni bizə jest etməlidir, biz erməniyə deyil!".
Təyyar Bayramov - Xatırlayarsan Məni (Şou ATV) - YouTube
Təyyar Bayramov: “Bir qarabağlı kimi o cür jesti qəbul etmirəm”
Əslən Ağdamdan olan Əməkdar artist, məşhur xanəndə Təyyar Bayramov: “Şəxsi münasibətlərə qalanda, erməni vəhşiliyinin tam ağrı-acısını görmüş şəxs kimi deyə bilərəm ki, deputat köməkçisinin o addımını qəbul etmirəm. Mənim atam da şəhid olub, mən şəhid övladıyam. Necə ki, Ermənistan Vətən müharibəsi zamanı Gəncəyə, mülki insanların yaşayış yerinə raket atmışdı, həmin vaxt dağıntıların arasından insanları çıxardırdılar, indi təsəvvür edin, qonşularımız da bizim ailəmizi o cür dağıntılar arasından çıxartmışdılar. Ona görə də bir qarabağlı kimi o cür jesti qəbul etmirəm. Ermənilərin Xocalıda, digər bölgələrimizdə törətdikləri qətliamları unutmaq olmaz. İndi də fürsət düşən kimi təxribatlar törədirlər. Təbii ki, cənab Prezidentimiz hər zaman Qarabağda yaşayan ermənilərlə bağlı öz mövqeyini bildirir, dövlətimizin mövqeyi başqadır və biz də onu dəstəkləyəcəyik. Amma bir daha qeyd edirəm ki, göstərilən həmin jestləri şəxsən qəbul etmirəm”.
Əslən şuşalı olan Xalq artisti Firəngiz Mütəllimova da deputat köməkçisinin jestini qəbul etmədiyini bildirdi: “Əlbəttə ki, Sona uşaqdır. Onlar birlikdə müsabiqədə iştirak etdilər, bir-birilərini təbrik etdilər, qucaqlaşdılar. Mən buna pis baxmıram, çünki o uşaqdır və həmin vaxt sevinc hissləri yaşadığından bəzən nəyisə ayırd etməyə bilər. Amma deputat köməkçisinin sosial şəbəkədə erməni dilində o cür status yazmasını heç cür qəbul edə bilmədim, heç xoşuma gəlmədi. Nə özümə, nə də yaxınlarıma erməni dilində nəsə yazmağı rəva bilərəm. Sözün düzü deputat köməkçisinin o cür hərəkətinə çox pis oldum. Hər zaman erməniləri bağışlamışıq, ümumiyyətlə bağışlayan millətik. Amma artıq bilməliyik ki, bizim dostumuz, düşmənimiz kimdir, bunu unutmamalıyıq.
Firəngiz Mütəllimova gileyləndi
Firəngiz Mütəllimova: “Artıq bilməliyik ki, dostumuz, düşmənimiz kimdir, bunu unutmamalıyıq”
Vətən müharibəsi bizi sanki yenidən oyatdı. Bizim vətənə sevgimiz birə-beş artdı, millətimizin, dövlətimizin, qədrini bildik, bayrağımıza sarıldıq, Prezidentimizi alqışladıq. Yəni, sanki hər şeyi yenidən tapdıq. Ona görə də bunu itirmək olmaz. Sülhə addımın da öz yolları var, bunu tədricən həyata keçirmək lazımdır. Hələ baxaq görək onların bizə qarşı münasibəti necədir. Şəxsən mən heç vaxt erməni ilə bir küçədə yaşamaram, ondan nəsə almaram, istəmirəm".
Tarix: 25-12-2021, 09:07
Xəbəri paylaş





Xəbər lenti