Qarabağda məskunlaşmanı necə ləngidirlər?
AXCP Rəyasət Heyətinin üzvü Fuad QəhrəmanlıBu günə qədər hökumət izahat verməyib ki, işğaldan azad olunmuş ərazilərin qapalı saxlanılmasının məqsədi nədir? Nəyə görə o ərazilərə gediş ancaq xüsusi icazə rejimi ilə tənzimlənir? Əgər, bu təhlükəsizlik üçündürsə, o zaman bu təhlükə xüsusi icazə ilə gedənlər üçün də var axı. Yox, əgər belə bir təhlükə yoxdursa, o zaman adamların sərbəst gediş-gəlişini lüzumsuz yerə əngəlləməyin bir anlamı da yoxdur.
Digər tərəfdən, bu ərazilərdə həyat keçirilən tikinti quruculuq işləri hansı məntiqlə ancaq dövlətin inhisarında olmalıdır? Niyə ötən bir il ərzində ərazinin işğaldan öncəki vəziyyətinə uyğun olaraq məskunlaşma planı hazırlanıb təqdim olunmayıb ki, bu plan üzrə də vətəndaşlar gedib keçmiş yurdlarında öz fərdi yaşayış mənzillərini inşa etsinlər? Axı buna imkan yaradılsaydı, indi minlərlə insan öz ata – baba yurdunda dövlətdən aslı olmadan yaşayış evini inşa etmişdi.
Məsələnin başqa bir narahatlıq yaradan tərəfi də, vətəndaşlara aid olan əkin sahələrində hakimiyyətə bağlı aqroholdinqlərin təsərrüfat fəaliyyəti ilə məşğul olmasıdır. Nəyə görə bu günə qədər ərazinin kadastr planı hazırlanıb, keçmiş torpaq payları müəyyənləşdirilməyib? Bu ona görə vacib idi ki, indi həmin əraziləri əkən aqroholdinqlər, əldə etdiyi gəlirdən bu torpaqların əsil sahiblərinə də icarə haqqı ödəməlidirlər. Bu da insanlara öz qanuni mülkiyyətlərindən gəlir götürməyə, tədricən dağılmış evlərini bərpa etmələrinə yardım edərdi.
Başqa bir narahatlıq doğuran məqam, azad olunmuş ərazilərdə tikinti işləri ilə bağlı açıq, şəffaf tenderlərin keçirilməməsidir. Dövlətin ayırdığı məhdud vəsait qapalı şəkildə, heç bir şəffaflıq və hesabatlılıq olmadan bəlli şirkətlərə ötürülür. Nəticədə isə korrupsiyaya geniş meydan açılır. O biri tərəfdən də, seçilmiş bir neçə şirkətdən başqa, digər özəl tikinti şirkətləri bu ərazilərə buraxılmadığ üçün, dövlətin ayırdığı vəsaitdən kənar investisiya qoyuluşları həyat keçirilmir. Bu da məskunlaşma prosesini ləngidir.
Bu gedişlə Qarabağı uzun illər məskunlaşdırmaq mümkün olmayacaq.
Tarix: 30-12-2021, 23:21