Ermənilərin Qarabağa qayıdışı məsələsi... - ŞƏRH

Ermənilərin Qarabağa qayıdışı məsələsi...
“Son zamanlar Qarabağdan gedən ermənilərin yenidən Xankəndi və ətraf ərazilərə qayıdacağı ilə bağlı xəbərlər dolaşır. Bu mövzu həm mətbuatda, həm də bir sıra siyasilərin də gündəmindədir. Təbii ki, bu məsələ sırf Azərbaycana qarşı olan tezisdir və heç də yeni mövzu deyil”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, 44 günlük müharibədən sonra, xüsusən də Qərb platformalarında aparılan danışıqların əsas tezisləri Qarabağ ermənilərinin hüquqlarının qorunması və təhlükəsizliyinin təmini üçün beynəlxalq mexanizmlərin yaradılması olub. Bununla regiona soxulmağa çalışan xarici qüvvələr çalışır ki, Azərbaycanın ərazilərində hansısa beynəlxalq mandatla hərbi qüvvələr yerləşdirilsin və guya, onlar Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etməyə gəliblər.

“Qarabağdan Ermənistana köçən ermənilərin geri qayıtması Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra rəsmi Bakının razılığı əsasında mümkündür. Bunun üçün sülh əldə olunduqdan sonra Bakı ilə İrəvan arasında danışıqlar aparmaq olar”-deyən deputat qeyd edib ki, Azərbaycan Qarabağda yaşamış ermənilərin burada qalması üçün bütün imkanlarını səfərbər edib. Bu istiqamətdə müəyyən danışıqlar və görüşlər də təşkil olunub.

“Ermənilərin qarşısında qoyulan əsas tələb, Azərbaycan qanunlarını qəbul etmək və konstitusion qaydada burada yaşamaqdır. Azərbaycan bu şərtlər altında yaşamağı qəbul edən ermənilərin təhlükəsizliyi ilə bağlı ən yüksək səviyyədə təminat verdiyini dəfələrlə bəyan edib. Buna baxmayaraq, regionumuzda möhkəmlənməyə çalışan ölkələri Qarabağda yaşayan erməniləri köçməyə təşviq etməklə, belə bir təsəvvür yaratmağa çalışdılar ki, guya gələcəkdə Qarabağda Kosovo modeli tətbiq olunacaq və beynəlxalq qüvvələrin nəzarəti altında onlar geri qaytarılmalıdır. Azərbaycan bunu qəbul etmir və dəfələrlə bəyan edib ki, konstitusiya qanunları çərçivəsində yaşamaq istəyən hər bir Qarabağ ermənisi köçüb burada yaşaya bilər”-deyə deputat əlavə edib.

Deputat bildirib ki, hazırda Qərb və erməni mətbuatında səslənən bəyanatlar sadəcə Azərbaycana qarşı təzyiq elementləridir: “Xüsusən, biz COP 29 öncəsi bu tip bəyanatları daha çox eşidəcəyik. Amma bunların heç biri Azərbaycanın mövqeyinə ciddi təsir edə bilməz”.
Tarix: 19-10-2024, 14:21
Xəbəri paylaş





Xəbər lenti