İran Azərbaycanında pandemiya itkiləri rekord həddə çatıb



İran Azərbaycanı vilayətlərinin rəsmilərinin açıqladığı məlumata əsasən ölkənin bütövü ilə birgə bu vilayətlər pandemiyanın başından bəri ən ağır vəziyyətdə olduğunu bildirir.
Avqustun 23-də İSNA xəbər agentliyinin yayımladığı xəbərə əsasən Qərbi Azərbaycan vilayətinin Tibb Elmləri Universitetinin direktor müavini İbrahim Həsəni vilayətdə bütün dövlət və özəl xəstəxanaların tutumunun dolduğun bildirib. Həsəni deyib ki, hazırda ölkədə koronavirusun Delta variantının yayılması ilə baş tutan pandemiyanın beşinci dalğası daha təhlükəlidir və hər gün vilayətdə yoluxanlardan 30 nəfəri həyatını itirir.
Avqustun 22-də Qərbi Azərbaycan Tibb Elmləri və Sağlamlıq Xidmətləri Universitetinin rəhbəri Cavad Ağazadənin İRNA xəbər agentliyinə verdiyi açıqlamada pandemiyanın başından bəri vilayətdə virusa yoluxanlardan 5 min 238 nəfərin vəfat etdiyini bildirib.
İRNA-nın avqustun 23-də yayımladığı başqa bir xəbərdə isə, son sutkada Qərbi Azərbaycan vilayətində min 890 nəfərin virusa yoluxduğu və 34 nəfərin vəfat etdiyi bildirilib.
Şərqi Azərbaycan vilayətinin Tibb Elmləri və Sağlamlıq Xidmətləri Universitetinin rəhbəri Məhəmməd Hüseyn Somi də, eyni gün verdiyi açıqlamada vilayət xəstəxanalarında 1700 virusa yoluxan vətəndaşın müalicə olunduğunu, və bu rəqəmin pandemiyanın başından bəri görülən ən yüksək göstərici olduğunu bildirib.
İranın bütövündə Delta variantının yayılması ilə başlayan 5-ci koronavirus dalğasında, digər tərəfdən düzgün şəkildə vaksinasiya proqramının olmaması səbəbindən rekord sayda insanların həyatını itirdiyi müşahidə olunur.
Təbrizdə hər gün koronavirus səbəbindən vəfat edənlərin sayı ötən aya görə iki qat artıb.
Təbriz Bələdiyyəsinə bağlı qəbiristanların idarə heyətinin müdiri Fərrux Calali koronavirus səbəbindən vəfat edən vətəndaşların sayının bir ay öncəyə nəzərən iki qat artdığını bildirib. O, həmçinin pandemiyanın başından Təbriz qəbristanlıqlarında 14 min 644 nəfərin dəfn edildiyini və bunlardan 5 min 832-i koronavirus səbəbindən vəfat etdiyini də qeyd edib.
Təbriz meri Behruz Məhdəvi, Təbriz şəhərində pandemiyanın böhranlı vəziyyətinin davam etməsi səbəbilə pandemiya məhdudiyyətlərinin hələ qaldırılmayacağını bildirib.
İran İslam Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətinin avqustun 23-də verdiyi məlumata əsasən son sutkada ölkə bütövündə 38 min 657 nəfər virusa yoluxub və 610 nəfər həyatını itirib. Ölkənin rəsmi statistikalarına əsasən pandemiyanın başından bəri ölkədə virusa yoluxaraq həyatını itirənlərin sayı 102 min 648 nəfərə çatıb.
İranın ali ruhani lideri Seyid Əli Xamneyi avqustun 11-də televiziyada etdiyi bir çıxışda pandemiyanı ölkənin “birinci və təcili” mövzusu adlandırıb, “peyvəndlər, istər idxal olunsun, istərsə də yerli istehsal olsun, daha çox səy göstərilərək, mümkün olan hər şəkildə təmin edilməli və vətəndaşların istifadəsinə verilməlidir.” -deyə söyləyib.
Siyasi şərhçilər İran liderinin bu sözlərini daha öncə yanvar ayının 8-də Amerikanın Pfizer-BioNTech və Britaniyanın AstraZeneca şirkətlərinin hazırladığı vaksinlərin idxalını qadağan edilməsi üzrə verdiyi əmrlə ziddiyyət təşkil etdiyini irəli sürürlər.
Amerikanın səsi
Tarix: 25-08-2021, 08:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}