Allahın və pulun ümidinə qalan xəstələr... - Koronavirusun müalicəsində Türkiyə ilə Azərbaycan fərqi


Azərbaycanda koronavirusun 3-cü dalğası kütləvi sayda yoluxma halları və ölümlərlə müşaiyət olunur. TƏBİB-in açıqladığı statistikaya görə, günlük yoluxma sayı 4 minə yaxınlaşır, ölüm sayı isə artıq 40-ı keçir.

Amma bu rəqəm də ölkədəki epidemioloji durumu tam olaraq əks etdirmir. Çünki yoluxma sayı gün ərzində aparılan test sayına uyğun olaraq müəyyənləşir. Məlumdur ki, Azərbaycanda səhiyyə qurumları pulsuz testlər aparmır və yalnız yoluxma əlamətləri olan xəstələrdən analiz nümunələri götürülür. Digər hallarda isə 55-90 manat arası ödəməklə test vermək olur. Mütəxəssislər bildirirlər ki, götürülən testlərin sayı artarsa, yoluxma rəqəmləri də onun nisbətində yüksələcək.


Məlumdur ki, virusa yoluxanların bir qismi ümumiyyətlə test vermir, bir qismi də test verməsinə və pozitiv cavab almasına baxmayaraq, evdə müalicə olunmağa üstünlük verir. Rəsmi rəqəmlərə görə, evlərdə müalicə olunanların sayı ixtisaslaşmış xəstəxanalara gətirilənlərin sayından bir neçə dəfə çoxdur. Tibb müəssisələrində xəstələrin müalicəsi Ümümdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi protokola uyğun aparılır. Bəs, evlərdə müalicə olunanlar necə? Səhiyyə qurumları onlarla maraqlanırlarmı? Onlara lazım olan dərmanlar verilirmi, müayinələri aparılırmı? Bu sahədə xarici təcrübə necədir?

Azərbaycandakı vəziyyətdən bəhs etməzdən əvvəl Türkiyədə evlərdə müalicə alan xəstələrə tibb qurumlarının nəzarəti və qulluğu haqqında bilgiləri təqdim edək.

Tanınmış həkim, markoloq Müşfiq Hüseynov Bodrumda tətildə olarkən koronavirusa yoluxub.



O, qarşılaşdığı durumla bağlı "AzPolitika.info"-ya bildirib ki, bir neçə gün kürək və oynaqlarında yaranan şiddətli ağrılardan, ishaldan və qızdırmadan əziyyət çəkib. İki dəfə test versə də cavab "neqativ" çıxıb. Yalnız 3-cü cəhddə koronavirusa yoluxduğu təsdiqlənib: "Testin nəticəsi pozitiv çıxdığı andan yoluxan şəxsin bütün məlumatları Səhiyyə Nazirliyinin xüsusi sistemində qeyd olunur. Bundan sonra yaşadığım ünvana dərhal səhiyyə xidmətinin işçiləri gəldilər. Maraqlandılar, vəziyyətimi soruşdular, daha sonra "Faviripiravir" preparatı verdilər, bol maye içməyi tövsiyyə etdilər.

Bundan əvvəl qladığım otelin həkimi qızdırma əleyhinə dərman vermişdi. Mən həkimdən soruşdum ki, özümü yaxşı hiss etmirəm, sistemlər vurdura bilərəmmi. Həkim dedi, xeyr, sistem ancaq xəstəxana şəraitində qoyula bilər.

Daha Azərbaycandakı kimi, evə tibb bacısı gəlsin, sistem vursun, müalicə aparsın, orada belə şeylər yoxdur. Daha sonra Kompüter Tomoqrafiyasına(KT) ehtiyac olub-olmadığını soruşdum, dedilər, "Faviripiravir"-i 3 gün için, maye qəbul edin, əgər yaxşılaşma hiss etsəniz, ehtiyac yoxdur. Sonrakı günlərdə sağalma prosesi başlayacaq. Yox, əgər əks proses olsa, KT üçün müraciət edə bilərsiniz. Daha sonra gündə bir neçə dəfə zəng edib vəziyyətimi, bir şeyin lazım olub-olmadığını soruşurlar".

Həkim daha sonra qeyd etdi ki, ona küçəyə çıxmaq yasağı barədə xəbərdarlıq imzaladıblar: "Burada virus daşıyıcılarının küçəyə çıxmasına görə cinayət məsuliyyəti, ağır cərimə sanksiyaları nəzərdə tutulub. Bu müddətdə qaldığın oteldən bayıra çıxmırsan, lazım olan şeylər qapının ağzına qoyulur. 10 gün müddətində xəstədən bir dəfə pulsuz test götürülür. Əgər xəstələndiyin gündən 3 gün sonra test cavabın neqativ çıxsa, küçəyə çıxma yasağı qalxacaq. Amma 10 gün ərzində ölkədən çıxmağa icazə verilmir".

M. Hüseynov deyir ki, Azərbaycanda virusa yoluxan insan Allahın ümidinə qalır: "Yalnız xəstəxanaya gedəndə səni müalicə edirlər, burada isə testin nəticəsi pozitiv çıxan andan müalicəyə başlayırlar. Əgər yanaşı xəstəliklərin yoxdursa, bir qutu "Faviripiravir"-lə sağalırsan, əgər xəstəliyin varsa, xəstəxanaya aparıb tam dövlət hesabına müalicə edirlər. Azərbaycana gəldikdə isə əvvəlcə evdə müalicə olunanlara vitamin verirdilər, indi heç onu da vermirlər. Müalicə xəstənin tamamilə özünün hesabınadır. Apteklərdən dərman tapmağın öz imkanlarına bağlıdır. Bu dərmanlar da olduqca bahadır. Xəstəxana şəraitinə düşdükdə isə immunitetin çatacaqsa, yaşayacaqsan, çatmasa öləcəksən".

Azərbaycanda ev şəraitində müalicə almış xəstələr bildirirlər ki, müalicə üçün minimum 1800-2000 manat xərc çəkilir. Xəstə yaxınları həkim tutur, dərmanları, oksigen balonlarını və s. ləvazimatları alır, daha sonra müalicə başlayır.



Bir neçə ay əvvəl ailə üzvləri ilə birlikdə koronavirusa yoluxan və sağalan jurnalist Xalid Kazımlı bildirir ki, testləri pozitiv çıxdıqdan sonra bir neçə dəfə poliklinikadan zəng edib onlarla maraqlanıblar: ""Vitamin C", "Parasetamol", "Vitamin D", "Akvadetril", "Zinkorot", "Maqnerot", "Selen-L" preparatları verdilər. Amma əsas xərci özümüz çəkdik".

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasının lokallaşdırılmasına, pandemiyadan əziyyət çəkən sahələrə, muzdlu işçilərə 2020-ci il ərzində 3.5 milyard, 2021-ci il üçün 2 milyard manatdan artıq vəsait ayrılıb. Bundan başqa BVF, Asiya İnkişaf Bankı, Asiya İnvestisiya Bankı, Avropa İttifaqından da yüz milyonlarla dollar dəyərində kredit və yardımlar alınıb. Eyni zamanda ötən ilin əvvəlində təsis edilmiş Koronavirusa qarşı Mübarizə Fonduna 120 milyon manata qədər ianə toplanıb. Bu vəsaitlərdən necə istifadə olunduğu isə göz qabağındadır...
Tarix: 2-09-2021, 13:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}