İslahatlara yeni komanda ilə: Stajlı məmurlar hədəfdə
Tural Abbaslı: “Dəyişikliklərin olacağını gözləyirəm”
Taleh Əliyev: “Vitse-prezidentlik institutunun yaradılmasını islahat kimi qəbul edə bilərik”
Əli Əliyev: “Bu təyinat şimal qonşumuzun maraqlarına uyğun deyil”
Birinci vitse-prezidentin təyinatından sonra siyasi və iqtisadi islahatların sürətlənəcəyi gözlənilir. İcra hakimiyyətində hansı islahatların şahidi olacağıq?“Cümhuriyət” qəzetinə açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, bu siyasi düzən dəyişəcək və islahatların şahidi olacağıq: “Təyinatdan sonra keçirilən təqdimetmə zamanı prezidentin və Mehriban Əliyevanın səsləndirdiyi fikirlər mənə maraqlı gəldi. Belə başa düşdüm ki, hakimiyyət artıq öz daxilində dəyişikliklərə hazırlaşır. İstənilən halda Ziya Məmmədov kimi uzun illərdir hakimiyyətdə təmsil olunan birinin sıradan çıxarılması dəyişikliklərin olacağına bir işarədir. Mətbuatda yaxın zamanlarda tutduqları postdan kənarlaşdırılacaq şəxslərin adları hallanır. Bütün bunları analiz etdikdə belə bir nəticəyə gəlmək olur ki, hakimiyyət əsasən struktur dəyişiklikləri edəcək. Bu dəyişikliklər ola bilər ki, bu günkü vəziyyətə müsbət təsir göstərsin. İdarəetmədə yeni yanaşma, fərqli münasibət hər zaman müsbət nəticələr verir. Mən dəyişikliklərin olacağını gözləyirəm, amma bu, hansı istiqamətdə olacaq, onu artıq zaman göstərəcək”.
Ümid Partiyası sədrinin müavini Taleh Əliyev də bildirib ki, bu gün gedən prosesləri islahat kimi qiymətləndirmək olar: “Azərbaycanda islahatlarla bağlı uzun zamandır gözləntilər var. Hakimiyyət əslində bu istiqamətdə bu və ya digər formada müəyyən addım atır. Referendumdan sonra Azərbaycan Konstitusiyasında edilən dəyişikliklərdən sonra formalaşacaq siyasi institutu islahat kimi qəbul etmək olar. Vitse-prezidentlik postunun formalaşması da bu yöndə atılan addımlardan biridir. Amma vitse-prezidentlik postunun özü ilə bağlı ya ayrıca qanun, ya da səlahiyyət bölgülərini göstərən hüquqi akt qəbul edilməlidir. Digər tərəfdən ötən ilin sonunda Azərbaycanda 11 strateji yol xəritəsi qəbul olundu. Bu da özündə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsini ehtiva edirdi.
Bununla bağlı hökumətin gördüyü müəyyən işlər var. Həm qanunvericilik bazasının yaradılması, həm də siyasi institutların formalaşdırılması bu baxımdan vacib addımlardır. Amma atılan bu addımların cəmiyyətin maraqları baxımından necə olacağını görmək üçün bir az zaman lazımdır. Ancaq bundan sonra biz verilən qərarların praktik tərəfini həm qiymətləndirə, həm də onun cəmiyyətdə vətəndaşların həyatındakı real əksini görə bilər. Azərbaycanda manatın ucuzlaşması, neftin qiymətinin düşməsilə eyni zamana təsadüf etdi. Buna görə də Azərbaycanda hal-hazırda ciddi iqtisadi böhran yaşanır. Bu böhrandan çıxmaq üçün atılan addımların nəticəsini isə biz cari ilin ilk yarısında görə bilərik”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə görə isə referendumun keçirilməsinin özəl siyasi səbəbləri var: “Bu səbəblər sırasında islahatların ilk yeri tutduğuna inanmıram. Vitse-prezidentlik postunun yaradılmasının iki gedişi ola bilər. Birinci məsələ hakimiyyətin ötürülməsidir. Digər ehtimal isə təbii ki, islahatlardır. Ola bilər ki, vitse-prezident postuna təyinatlar olduqdan sonra planlaşdırılmış islahatların şahidi olaq. Hesab edirəm ki, vitse-prezidentlik postu elə siyasi düzənin dəyişdirilməsidir. Fikrimcə, bu günlərdə təmas xəttində baş verənlər də idarəolunan gərginlikdir və bu Şimal qonşumuzun maraqlarına uyğun olmayan təyinatın nəticəsidir. Hansısa siyasi mərkəzlər bu təyinatı onların maraqlarına zidd proses kimi qiymətləndirirlər. İstisna etmirəm ki, təmas xəttində ötən il baş verən aprel hadisələri yenidən təkrarlansın”.
Vilayət Muxtar
Cebhe.info
Tarix: 27-02-2017, 15:36